16 oktyabr 2026 19:12
99

Yanlış proqnozlar və…

Prezident İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında səsləndirdiyi fikirlər ölkəmizin Vətən müharibəsinə qədər keçdiyi tarixi yolun, üzləşdiyi çətinliklərin və beynəlxalq hüquqa əsaslanan mövqeyinin mahiyyətini bir daha ortaya qoyub. Dövlətimizin başçısının “Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib” sözləri Azərbaycanın uzun illər davam edən münaqişənin həlli üçün göstərdiyi səylərin, qarşılaşdığı maneələrin aydın ifadəsidir.

Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etməməsi və münaqişənin sülh yolu ilə həllinə mane olan mövqeyi vəziyyətin getdikcə gərginləşməsinə səbəb olub. Bu prosesdə Ermənistanın arxasında dayanan qüvvələr də mühüm rol oynayıb. Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri də Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququn tələblərini güc yolu ilə bərpa etmək əzminin Ermənistanın havadarları tərəfindən düzgün qiymətləndirilməməsi ilə bağlı olub. Dövlətimizin başçısı həmin qüvvələrin Azərbaycanın qətiyyətini, xalqımızın milli xarakterini və tarixi ədalətin bərpası naminə hər cür çətinliyə sinə gərmək iradəsini lazımi səviyyədə dərk etmədiklərini vurğulayıb.

Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Toplantısındakı çıxışı bir daha göstərdi ki, Azərbaycan öz milli maraqlarını qorumaq, müstəqil siyasət yürütmək və dövlət suverenliyini təmin etmək əzmində olan ölkədir. Azərbaycanın keçdiyi yol sübut etdi ki, xalqın iradəsini, dövlətin qətiyyətini və milli birliyi düzgün qiymətləndirməmək ciddi siyasi səhvlərə gətirib çıxara bilər. Ermənistan və onun havadarları Azərbaycanın torpaqlarını əbədi işğal altında saxlamağın mümkün olduğunu düşünürdülər, amma yanıldıqlarını tarix özü göstərdi. Azərbaycan nə hərbi təzyiqlər, nə siyasi maneələr, nə də ikili standartlar qarşısında öz məqsədlərindən geri çəkildi. Bu mənada demək olar ki, Azərbaycan xalqının iradəsi Ermənistanın və onun havadarlarının bütün hesablamalarını alt-üst etdi.

Bir daha qeyd edək ki, Azərbaycan xalqı tarix boyu müstəqilliyinə və torpaqlarına bağlılığı ilə seçilib. Bu mənada milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə və dövlətçilik prinsiplərimizə sədaqət xalqımızın ən mühüm xüsusiyyətlərindəndir. Məhz bu keyfiyyətlər Azərbaycanın müstəqilliyinin qorunmasında, ərazi bütövlüyünün bərpasında və milli maraqlarının müdafiəsində mühüm rol oynayıb. Prezident İlham Əliyevin “Yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimiz ilə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar” fikri də elə bu həqiqətin ifadəsidir.

2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hərbi-siyasi qüdrətini, ordumuzun döyüş qabiliyyətini və xalqımızın milli birliyini bütün dünyaya nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat nəticəsində isə Ağdam, Kəlbəcər və Laçın rayonları döyüş meydanında əldə edilmiş qələbənin yaratdığı reallıqlar fonunda Azərbaycana qaytarıldı.

2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində “Dəmir yumruq” yenidən öz sözünü dedi, Azərbaycanın bütün ərazisində suverenliyi tam bərpa edildi. Bununla da ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin olunması istiqamətində tarixi mərhələ başa çatdı. Azərbaycan sübut etdi ki, güclü siyasi iradə, milli birlik, düzgün müəyyənləşdirilmiş strategiya və məqsədyönlü diplomatiya qələbənin əsas şərtlərindəndir.

Yeri gəlmişkən, Azərbaycan əldə etdiyi tarixi qələbəsi ilə regionda yeni geosiyasi reallıqlar yaradıb. Bu reallıq da Cənubi Qafqazda münasibətlərin suverenliyə hörmət, qarşılıqlı maraqlar və beynəlxalq hüquq prinsipləri əsasında qurulmasını tələb edir.

Bu gün ölkəmizin qarşısında duran əsas vəzifə əldə edilmiş tarixi nailiyyətləri möhkəmləndirmək, işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərini davam etdirmək və regionda dayanıqlı sülhün təmin olunmasına nail olmaqdır. Azərbaycan bu gün bu istiqamətdə fəaliyyətini davam etdirir.

Bəli, Prezident İlham Əliyevin “Bizi müharibəyə Ermənistan məcbur edib” fikri təkcə keçmiş hadisələrə verilən siyasi qiymət deyil. Bu, həm də Azərbaycanın niyə mübarizə apardığını, hansı məqsədlərə nail olduğunu və gələcəkdə regionda hansı prinsiplərə əsaslanan münasibətlər görmək istədiyini ifadə edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”