19 oktyabr 2026 00:36
141

Makron: Fransada dağıntılara səbəb olanlar cəzalandırılmalıdır

Fransa Prezidenti Emmanuel Makron oktyabrın 17-də keçirilən səfərbərlik aksiyaları zamanı baş verən zorakılıqlardan sonra xalqa müraciət edərək, “utanc hissi” keçirdiyini bildirib. O, dağıntılara səbəb olan şəxslərin cəzalandırılacağını və hökumətin nümayişçilərin qanuni tələblərinə cavab verəcəyini vəd edib.

“İki sahil” xəbər verir ki, təzyiqlər fonunda saat 20:00-da çıxış edən dövlət başçısı iğtişaş törədənlərə qarşı güzəştsiz mövqe nümayiş etdiriləcəyini vurğulayıb. Makronun sözlərinə görə, şəhərlərin təhlükəsizliyini təmin etmək üçün prefektlər zəruri qərarlar qəbul edəcək, lazım gəldikdə isə bəzi toplantıları qadağan edəcəklər.

Prezidentin çıxışı Fransanın siyasi dairələrində müxtəlif reaksiyalara səbəb olub. Milli Birlik Partiyasının sədri Jordan Bardella müraciəti “acınacaqlı” adlandıraraq, hakimiyyəti fransızlara təklif edəcək heç nəyinin qalmamasında ittiham edib.

Respublikaçılar Partiyasının sədri Brüno Retayyo isə Makronun çıxışını “çox narahatedici” hesab edib. O, dövlət başçısını vəziyyətə nəzarəti itirməkdə ittiham edərək, fransızların müdafiəsi üçün fövqəladə vəziyyət elan etməyə çağırıb.

Paris senatoru Yannick Jadot da prezidentin çıxışını “Makronun acizliyinin dəhşətli nümayişi” kimi qiymətləndirib. O, ölkədəki vəziyyəti hər tərəfdən su alan, sükan və kapitanı olmayan gəmiyə bənzədib.