20 oktyabr 2026 14:39
158

Qubada energetiklərin peşə bayramı qeyd olunub - FOTO

20 oktyabr 2026-cı il tarixdə Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, “Azərişıq” ASC-nin Xaçmaz RETSİ-nin rəisi Vüqar Kazımov və məsul şəxsləri, Quba Elektrik Şəbəkəsinin rəisi Xətai Məmmədov və kollektivin əməkdaşları Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıyan Mədəniyyət və İstirahət parkında ucaldılmış abidəsini ziyarət etmişlər.

Abidə önünə gül dəstələri düzülərək Ümummilli Liderin əziz xatirəsinə ehtiram ifadə olunmuşdur. Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Quba Elektrik Şəbəkəsinin kollektivi ilə səmimi söhbətləşərək, onların peşə bayramlarını təbrik edərək, işlərində uğurlar arzulayıb. 
Daha sonra Quba Rayon İcra Hakimiyyətində bir qrup energetiklə görüş keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov energetika sahəsində çalışan əməkdaşların əhalinin fasiləsiz və etibarlı elektrik enerjisi ilə təmin olunmasında mühüm rolunu vurğulamış, onların gündəlik əməyinin cəmiyyətin həyatında xüsusi əhəmiyyət daşıdığını qeyd etmişdir. Rayon rəhbəri energetikləri peşə bayramı münasibətilə təbrik edərək, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulamışdır.

Sonda xidmətdə fərqlənən bir qrup əməkdaş Quba Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif olunmuşdur.

Aydın Adıgözəlov,
Quba, "İki sahil"in Şimal bürosundan