Oktyabrın 20-də Bakı Slavyan Universitetində (BSU) şəhid məzun Nicat Şükürlünün adını daşıyan auditoriyanın açılış mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, ilk olaraq mərasim iştirakçıları universitetdə şəhid məzunların xatirəsinə həsr olunmuş guşənin önünə gül dəstələri qoyublar. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, eləcə də suverenliyi uğrunda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə şəhid Nicat Şükürlünün həyat və fəaliyyəti haqqında məlumat verilib, onun əziz xatirəsinin əbədiləşdirilməsinin, qəhrəmanlıq yolunun gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti vurğulanıb.
BSU-nun rektoru Anar Nağıyev çıxışında şəhidlərin Vətən qarşısında göstərdikləri misilsiz fədakarlığın Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını qeyd edərək, şəhid ailələrinə minnətdarlığını ifadə edib. Rektor Nicat Şükürlünün adını daşıyan auditoriyanın yaradılmasının yalnız şəhidin xatirəsinin əbədiləşdirilməsi deyil, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. A.Nağıyev bildirib ki, auditoriyaya daxil olan hər bir müəllim və tələbə burada təhsil almaqla yanaşı, şəhidlərimizin Vətən qarşısında göstərdiyi fədakarlığı və gələcək nəsillər qarşısında daşıdığımız məsuliyyəti də bir daha xatırlayacaq.
Rektor universitetin milli-mənəvi dəyərlərə sadiqliyini, Vətənə layiqli və vətənpərvər gənclərin yetişdirilməsində rolunu vurğulayıb. A.Nağıyev BSU-nun məzunları və əməkdaşları sırasında Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş 12 şəhidin olduğunu vurğulayaraq, onların qəhrəmanlığının və əziz xatirəsinin xalqımızın o cümlədən universitet kollektivinin yaddaşında daim yaşayacağını qeyd edib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadari çıxışında şəhidlərin əziz xatirəsinin yaşadılmasının, onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasının milli birliyin və dövlətçilik dəyərlərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, torpaqlarımızın işğaldan azad edilməsinin şəhidlərin fədakarlığı, qazilərin şücaəti və dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində mümkün olduğunu qeyd edərək, bu tarixi qələbənin hansı ağır itkilər bahasına qazanıldığının heç vaxt unudulmamalı olduğunu bildirib. Deputat Bakı Slavyan Universitetində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib, Nicat Şükürlünün adını daşıyan auditoriyanın yaradılmasının gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə və milli yaddaşın qorunmasına töhfə verəcəyini diqqətə çatdırıb. O, həmçinin şəhid ailələrinə dərin ehtiramını ifadə edərək, qəhrəmanlarımızın xatirəsinin yaşadılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayıb.
Millət vəkili, BSU-nun Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə çıxışında şəhidlərin xatirəsinin yaşadılmasının, onların qəhrəmanlıq nümunələrinin cəmiyyətə, xüsusilə də gənc nəslə çatdırılmasının vacibliyini qeyd edib.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova çıxışında şəhid ailələri ilə uzun illər ərzində formalaşmış səmimi münasibətlərdən, şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin və qəhrəmanlıqlarının gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən bəhs edib. O, şəhidlərin adlarının təhsil müəssisələrində, sinif və auditoriyalarda yaşadılmasının gənc nəslin milli-mənəvi dəyərlərə və vətənpərvərlik ruhuna bağlılığının gücləndirilməsinə xidmət etdiyini vurğulayıb. Kəmalə Həşimova, həmçinin şəhid ailələrinə və qazilərə göstərilən diqqət və ehtiramın vacibliyini qeyd edərək, onların Vətən qarşısındakı xidmətlərinin unudulmamasının, qəhrəmanlıq irsinin qorunaraq gələcək nəsillərə ötürülməsinin hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirib.
Tədbirdə, həmçinin BSU-nun Sosial elmlər və Regionşünaslıq fakültəsinin dekanı Habil Məmmədov, “İntellekt” liseyinin direktoru Elza Bağırzadə, BSU-nun Azərbaycan tarixi və multikulturalizmi kafedrasının müdiri Əsgər Əhməd, şəhidin döyüş yoldaşı Vüqar Mehdiyev və qrup yoldaşı çıxış edərək Nicat Şükürlünün xatirəsini ehtiramla yad edib, onun həyat yolu, şəxsi keyfiyyətləri və Vətən qarşısındakı xidmətləri barədə fikirlərini bölüşüblər.
Mərasimin sonunda şəhid Nicat Şükürlünün valideynləri çıxış edərək övladlarının xatirəsinə göstərilən ehtirama və auditoriyanın onun adını daşımasına görə Bakı Slavyan Universitetinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Mərasim çərçivəsində universitet tələbələrinin ifasında şəhidlərin xatirəsinə həsr olunam şeir kompozisiyaları təqdim edilib.
Sonda “Nicatın yolu” adlı sənədli film izlənilib.
Şəkinin sənətkarlıq ənənələri və ipəkçilik irsi turistlərin diqqətini cəlb edir