21 oktyabr 2026 11:50
173

Dağlar insanın özünü sınadığı məkandır MÜSAHİBƏ

 

Aleksandr Nəcəfov: “Dağlarda insan zirvəni deyil, öz qorxularını, zəifliklərini və tənbəlliyini məğlub edir”

Dağçılıq yalnız zirvələrə yüksəlməkdən, çətin marşrutları keçməkdən və fiziki gücü sınamaqdan ibarət deyil. Bu idman növü həm də dərin bilik, möhkəm iradə, məsuliyyət, düzgün qərarvermə və insan həyatına yüksək dəyər vermək tələb edir. Dağların sərt təbiəti qarşısında hər bir addımın düşünülmüş şəkildə atılması, təhlükəsizlik qaydalarına əməl olunması və komanda üzvlərinin həyatına görə məsuliyyət daşımaq dağçılığın əsas prinsiplərindəndir.

Uzun illərdir dağçılıqla məşğul olan, zəngin ekspedisiya təcrübəsinə malik Aleksandr Nəcəfov bu sahənin həm tarixi, həm də müasir inkişaf istiqamətləri barədə fikirlərini bölüşür. Onun həyat hekayəsində Qafqazın döyüş şöhrəti ilə bağlı dağ yürüşlərindən tutmuş xilasetmə əməliyyatlarına, mürəkkəb idman marşrutlarından beynəlxalq ekspedisiyalara qədər bir çox maraqlı məqamlar yer alır. Nəcəfov müsahibəsində Azərbaycanda dağçılığın mövcud vəziyyətinə, təhlükəsizlik məsələlərinə, yeni marşrutların yaradılmasına və gələcək inkişaf planlarına da toxunur.

“Dağçılığa başlamama səbəb olan əsas amil ailəmdəki bir alpinistin nümunəsi idi”

– Aleksandr müəllim, dağçılığa marağınız necə yaranıb? Bu sahəyə gəlişinizdə hansı amillər həlledici rol oynayıb?

– Mənim adım Aleksandr Nəcəfovdur, 66 yaşım var. Böyük, qarlı dağlarla ilk tanışlığım 1976-cı ildə, 16 yaşım olarkən baş tutub. Həmin vaxt Qafqaz müdafiəçilərinin döyüş şöhrəti ilə bağlı yerlərə təşkil edilən idman dağ ekspedisiyasında iştirak edirdim.

Bakı ali məktəblərinin tələbələri Baş Qafqaz silsiləsinin sovet əsgərlərinin, o cümlədən Bakı Piyada Məktəbinin kursantlarının müdafiə etdiyi yüksək dağ aşırımlarından keçən kateqoriyalı idman yürüşü həyata keçirmişdilər. Beş yüksək dağ aşırımını əhatə edən həmin yürüş zamanı müharibə dövründən qalan müxtəlif əşyalar və tarixi materiallar tapıb toplayırdıq. Məqsədimiz təhsil aldığımız institutlarda Qafqazın müdafiəsinə həsr olunmuş guşələr yaratmaq idi.

Hamımız Qafqaz uğrunda döyüşlərdən, hərbi alpinistlərin qəhrəmanlığından bəhs edən kitablar oxumuşduq. Elbrusun zirvəsindən alman bayraqlarını endirən, faşistlərin “Edelveys” diviziyasının Baş Qafqaz silsiləsini keçərək Bakı neftinə doğru irəliləməsinə imkan verməyən insanların igidliyi bizi ruhlandırırdı.

Dağçılıqla məşğul olmağımın əsas səbəbi isə  əmim — alpinist və alim, qlasioloq Oleq Kutnının nümunəsi idi. O, 1968-ci ildə SSRİ Elmlər Akademiyasının proqramı çərçivəsində Kazbek buzlaqlarında qlasioloji tədqiqatlar apararkən Ortsveri buzlağında həlak olub. Onun həyat yolu və elmi fəaliyyəti məndə dağlara qarşı böyük maraq yaratmışdı.

“Dağlarda insan zirvəni deyil, öz qorxularını, zəifliklərini və tənbəlliyini məğlub edir”

– Sizcə, alpinistikanı digər dağ idmanı növlərindən fərqləndirən əsas xüsusiyyətlər hansılardır? Bu sahədə uğur qazanmaq üçün insanda hansı keyfiyyətlər olmalıdır?

– Məncə, alpinistikanı digər dağ idmanı növlərindən ayırmaq düzgün olmazdı. Müasir dövrdə alpinistika anlayışına dağlarda həyata keçirilən bir çox fəaliyyət növü daxil edilir.

Dağ idmanının bütün növlərini fərqləndirən cəhət ondan ibarətdir ki, burada idmançıların rəqibi, bir qayda olaraq, başqa insanlar deyil, təbiət şəraitidir. Relyef, temperatur, külək, atmosfer təzyiqi, yağıntılar və digər amillər qarşıya ciddi çətinliklər çıxarır.

Buna görə də alpinistlər üçün dağ təbiətini, iqlimi və hava şəraitinin dəyişmə qanunauyğunluqlarını bilmək, komanda yoldaşlarının həyatı üçün məsuliyyət daşımaq, öz orqanizmini və insan bədəninin yüksəklikdə necə fəaliyyət göstərdiyini anlamaq çox vacibdir. İnsan dözümlü olmağı bacarmalı, lakin zəruri hallarda geri çəkilmək qərarını da vaxtında verməlidir.

Alpinistlər arasında zirvəni “fəth etmək” ifadəsindən istifadə etmək elə də qəbul olunmur. Çünki insanla dağların miqyası müqayisəolunmazdır. Dağlarda insan əslində öz qorxularını, tənbəlliyini və zəifliklərini məğlub edir. Özünü bu yolda səylə inkişaf etdirən insanlara dağ zirvəyə yüksəlmək imkanı verə bilər.

Bu baxımdan yalnız uğurlu deyil, uğursuz başa çatan yüksəlişlər də qiymətlidir. Çünki hər bir cəhd insana təcrübə qazandırır və bu təcrübə dağlarda xüsusilə böyük əhəmiyyət daşıyır.

“1980-ci ildə xilasetmə əməliyyatında insan həyatının necə böyük dəyər olduğunu anladım”

– Uzun illər ərzində çoxsaylı yürüşlərdə və ekspedisiyalarda iştirak etmisiniz. Dağçılıq həyatınızda dönüş nöqtəsi hesab etdiyiniz hadisə hansı olub?

– Dağçılıq həyatım ərzində çoxlu yüksəlişlərdə və ekspedisiyalarda iştirak etmişəm. Hər bir yürüş şəxsiyyət kimi formalaşmağıma öz töhfəsini verib. Ancaq dağçılıq karyeramda dönüş nöqtəsi hər hansı bir zirvəyə yüksəliş deyil, 1980-ci ildə xilasetmə işlərində iştirakım oldu.

Həmin vaxt hələ təcrübəsiz alpinist idim və “Tsey” alp düşərgəsində üçüncü dərəcəni yenicə almışdım. Kalper zirvəsinə yüksəliş zamanı xəsarət alanlara kömək göstərmək üçün həmin gün marşrutda olan bütün qruplar — təcrübəli idmançılardan tutmuş bizim kimi üçüncü dərəcəli alpinistlərə qədər — yüksəlişlərini dayandıraraq xilasetmə işlərinə cəlb edildilər.

O an hamımızın qarşısında bir vəzifə var idi: təhlükə ilə üzləşmiş yoldaşlarımızın həyatını xilas etmək. Biz bütün gücümüzü səfərbər edərək mürəkkəb relyefə və əlverişsiz hava şəraitinə baxmayaraq, zərərçəkənləri təhlükəsiz yerə çatdırmağı bacardıq.

Məhz onda ilk dəfə insan həyatını xilas etmək kimi ali məqsəd naminə göstərilən fədakarlığın şahidi oldum. Bu hadisə mənə bir daha göstərdi ki, dağçılıqda ən böyük dəyər insan həyatıdır.

“Düzgün qərar qəbul etmək üçün bilik və təcrübə ilə yanaşı, vəziyyəti düzgün qiymətləndirmək də vacibdir”

– Dağlarda gözlənilməz hava dəyişiklikləri, mürəkkəb relyef və digər təhlükələr qarşısında düzgün qərar vermək üçün hansı amillər nəzərə alınmalıdır?

– Dağlar öz qanunları ilə yaşayır. Dağları öyrənmək və eyni zamanda özünü tanımaq, bu prosesi heç vaxt dayandırmamaq uğurun əsas şərtlərindəndir.

İstənilən şəraitdə prioritetləri düzgün müəyyənləşdirməyi, çoxsaylı amilləri nəzərə almağı və onların əsasında qərar qəbul etməyi bacarmalıyıq. Məsələn, hava proqnozu, iştirakçıların fiziki vəziyyəti, zəruri avadanlıqların mövcudluğu, vaxt ehtiyatı, marşrutun vəziyyəti — buz, qayalıq və qar örtüyü kimi xüsusiyyətlər — hərtərəfli təhlil edilməlidir.

Qərar məhz bu təhlilin nəticələrinə əsaslanmalıdır. Bilik və təcrübə nə qədər çox olarsa, düzgün qərar qəbul etmək ehtimalı da bir o qədər yüksələr.

“İnsan həyatı və sağlamlığından daha vacib heç nə yoxdur”

– Alpinistikada təhlükəsizlik məsələsi xüsusi əhəmiyyət daşıyır. Həm fərdi, həm də qrup şəklində yüksəlişlər zamanı hansı prinsiplərə əməl olunmalıdır?

– Alpinistika mütləq şəkildə komanda şəklində həyata keçirilən idman növü deyil. Lakin təhlükəsizlik qaydalarına ciddi əməl etmək həm fərdi yüksəliş edənlər, həm də qrup halında hərəkət edənlər üçün vacibdir.

Mənim fikrimcə, hər bir alpinist üçün məqsəd və vəzifələri düzgün müəyyənləşdirmək, prioritetləri düzgün seçmək ən mühüm məsələlərdəndir. İnsan qarşısına qoyduğu məqsədləri qiymətləndirərkən mümkün riskləri və öz imkanlarını nəzərə almalıdır.

Dünyada insan həyatı və sağlamlığından daha vacib heç bir dəyər yoxdur. Buna görə də hər hansı zirvəyə yüksəlmək istəyi heç vaxt insan həyatını təhlükəyə atmaq üçün əsas ola bilməz.

“1989-cu ildə Azərbaycanda ilk və hələlik sonuncu beşinci kateqoriyalı idman dağ yürüşünə rəhbərlik etdim”

– İştirak etdiyiniz çoxsaylı ekspedisiyalar arasında xüsusi əhəmiyyət daşıyan yürüşlərdən biri də 1989-cu ildəki beşinci kateqoriyalı idman dağ yürüşüdür. Bu ekspedisiyanı fərqləndirən cəhətlər nələr idi?

– Hər bir yürüşün və ekspedisiyanın öz dəyəri var. Onların hər biri bizə yeni təcrübə qazandırır. Lakin mənim üçün ən əhəmiyyətli yürüşlərdən biri 1989-cu ildə həyata keçirdiyimiz, mürəkkəblik baxımından ən yüksək — beşinci kateqoriyaya aid idman dağ yürüşü oldu.

Həmin marşrutu uzun müddət hazırlamış, Moskvada Ümumittifaq Dağ Marşrutları Komissiyasında təsdiqlətmişdik. Məqsədimiz Azərbaycanda ən yüksək, yəni ustalıq səviyyəsinə uyğun kateqoriyalı idman dağ yürüşlərinin təşkilinin mümkün olduğunu nümayiş etdirmək idi.

Yürüş Azərbaycan Turizm və Ekskursiyalar Şurasının nəzdində fəaliyyət göstərən respublika dağ komissiyası tərəfindən təşkil edilmişdi. Mənə də həmin ekspedisiyaya rəhbərlik etmək nəsib oldu.

Bu yürüşü unudulmaz və unikal edən əsas məqamlardan biri onun Azərbaycan dağlarında həyata keçirilmiş ilk və hələlik sonuncu beşinci kateqoriyalı idman yürüşü olmasıdır.

“Beynəlxalq ekspedisiyalarda ölkəni təmsil etmək böyük məsuliyyət və qürur hissidir”

– Beynəlxalq ekspedisiyalarda Azərbaycanı təmsil etmək, zirvələrdə dövlət bayrağını qaldırmaq sizin üçün nə ifadə edir? Bu baxımdan yaddaşınızda qalan hansı hadisələri bölüşə bilərsiniz?

– Ölkəni beynəlxalq ekspedisiyalarda, yüksəlişlərdə və ya yarışlarda təmsil etmək böyük məsuliyyətdir. Bununla yanaşı, insana qürur hissi də yaşadır.

Məsələn, 2011-ci ildə Monqolustanda uzunmüddətli ekspedisiyada iştirak edirdik. Günlərin birində ekspedisiya avtomobilimiz — UAZ — Qobi səhrasının yaxınlığındakı qədim Xarhorin şəhərində, başqa sözlə, Qaraqorumda dayandı. Bu ərazi dünyanın müxtəlif ölkələrindən gələn turistlərin diqqətini cəlb edən məşhur məkandır.

Şəhərlə tanış olduqdan sonra avtomobilimizin yanına qayıdanda bizi maraqlı mənzərə gözləyirdi. Azərbaycan bayrağının vurulduğu avtomobilimizin ətrafına xeyli insan toplaşmışdı. Əsasən Cənub-Şərqi Asiya ölkələrinin sakinlərindən ibarət olan bu insanlar bayrağın hansı ölkəyə məxsus olduğunu müzakirə edirdilər.

Biz də ölkəmizlə fəxr edərək onlara Azərbaycan haqqında məlumat verdik. Azərbaycanın Şərqdə ilk demokratik respublika olduğunu, Şərqdə qadınlara ilk dəfə səsvermə hüququ verilən ölkə kimi tarixə düşdüyünü, nefti və dənizi ilə tanındığını, eləcə də “Avroviziya” mahnı müsabiqəsində qalib gəldikdən sonra bu nüfuzlu tədbiri Bakıda uğurla təşkil etdiyini izah etdik.

Bayraqla bağlı daha bir qeyri-adi hadisə Kazbek zirvəsində başımıza gəldi. Buna inanmaq çətin olsa da, güclü külək bayrağı əlimizdən qopararaq havaya qaldırdı. Bayrağımızın uzaqlaşmasını təəssüflə izləyirdik. Lakin təxminən bir dəqiqə sonra bayraq zirvənin üzərində havada dövrə vuraraq sanki ehtiyatla yanımızdakı qarın üzərinə endi. Kimsə mənə belə bir hadisə danışsaydı, yəqin ki, inanmazdım.

Ümumiyyətlə, zirvədə bayraq qaldırmaq və ya qaldırmamaq çox şəxsi məsələdir. Bu barədə müxtəlif fikirlər mövcuddur. Ancaq 2023-cü il mayın 19-da, Mustafa Kamal Atatürkün doğum günündə Atatürk zirvəsinə yeni divar marşrutu ilə qalxdıqdan sonra Azərbaycan və Türkiyə bayraqlarını qaldırmağımız məndə çox güclü emosiyalar yaratdı. Həmin addımın nə qədər mənalı və yerində olduğunu hiss etdim.

“Azərbaycanda dağçılığın inkişafı üçün sistemli hazırlıq və daimi təlimlərə ehtiyac var”

– Siz Azərbaycanda dağçılığın və dağ idmanı növlərinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Bu sahənin inkişafına mane olan əsas problemlər hansılardır?

– Təəssüf ki, ölkəmizdə dağçılığın və dağ idmanı növlərinin hazırkı inkişaf səviyyəsi çox aşağıdır. Uzun illərdir yerimizdə sayırıq. Kadr hazırlığı, yeni marşrutların açılması və ölkəmizdəki marşrutların təsnifatı ilə lazımi səviyyədə məşğul olmuruq. Alpinist könüllüləri birləşdirən ictimai xilasetmə xidmətimiz də yoxdur.

Dağlarımızda yüksəlişlər, bir qayda olaraq, ekskursiya və turizm xarakteri daşıyır. Bu zaman alpinistikanın texnika və taktikasından istifadə olunmur, yürüşlər çox vaxt spontan şəkildə təşkil edilir və dağlara qalxmaq sahəsində minimal bilik və təcrübəsi olan insanlar da bu fəaliyyətə qoşulurlar.

Bu, yolverilməzdir. Çünki belə yanaşma yüksək ehtimalla fövqəladə hadisələrə gətirib çıxara bilər.

İstənilən idman növündə olduğu kimi, dağçılıqda da sadədən mürəkkəbə doğru ardıcıl hazırlıq və təlim prosesi vacibdir. Lakin dağ idmanının özünəməxsus xüsusiyyətlərinə görə bu ardıcıllıq və metodiklik burada daha böyük əhəmiyyət daşıyır. Çünki idmançıların həyatı və sağlamlığı birbaşa hazırlığın səviyyəsindən asılıdır.

Dağçılığın həqiqi inkişafı üçün alp düşərgələrinin, daimi fəaliyyət göstərən dağ məktəblərinin, təlimlərin və seminarların təşkili mütləqdir. İnsanlara dağ yürüşləri və yüksəlişlərin texnika və taktikası, təhlükəsizlik qaydaları, eləcə də dağlarda ilkin tibbi yardımın göstərilməsi öyrədilməlidir.

“Əsas məqsədimiz yeni marşrutlar açmaq, dağ məktəbi yaratmaq və ictimai xilasetmə xidmətini təşkil etməkdir”

– Qarşıdakı illər üçün əsas hədəfləriniz hansılardır? Azərbaycanda dağçılığın inkişafı, təhlükəsizliyin təmin olunması və peşəkar kadrların hazırlanması istiqamətində hansı layihələrin həyata keçirilməsi nəzərdə tutulur?

– Yaxın illər üçün əsas məqsədim yürüşlərin təşkili və keçirilməsi, yeni marşrutların açılması, dağ məktəblərində təlimlərin aparılması sahəsində topladığım təcrübəni gələcək nəsillərə ötürməkdir.

Planlaşdırırıq ki, ölkəmizin dağlarında yeni marşrutların açılması və onların təsnifatı hər il həyata keçirilsin. Bəzi marşrutların vəziyyəti qlobal istiləşmə və relyefdəki dəyişikliklər səbəbindən fərqləndiyinə görə onların yenidən təsnifləşdirilməsi və marşrutların siyahısının qaydaya salınması da nəzərdə tutulur. Bundan əlavə, təlimatçı heyətinin hazırlanması və ictimai xilasetmə xidmətinin yaradılması vacib vəzifələrimizdəndir. Görüləsi işlər çoxdur.

Əsas planlarımız bunlardır:

1. Üç qayayadırmanma parkının yaradılması. Kuxuldağ, Nardaran və Kərgəz ərazilərində ilboyu qayayadırmanma və alpinistika texnikası üzrə məşğələlərin keçirilməsi üçün parkların yaradılmasını nəzərdə tuturuq.

2. İctimai xilasetmə xidmətinin təşkili. Dağlarda zərərçəkənlərə yardım göstərmək məqsədilə ictimai xilasetmə xidməti yaradılmalıdır.

3. Daimi fəaliyyət göstərən dağ məktəbinin yaradılması. Dağ idmanı növlərinin inkişafı üçün federasiyanın nəzdində fəaliyyət göstərən dağ komissiyasının rəhbərlik edəcəyi daimi dağ məktəbinin təşkili vacibdir.

4. Dağ idmanı üzrə yarışların keçirilməsi. Bakıda və respublikanın dağlıq bölgələrində alpinistika texnikası, dağ turizmi və xilasetmə işləri üzrə hər il yarışlar təşkil edilməlidir.

5. Dağ bələdçilərinin sertifikatlaşdırılması. Turizm və idman marşrutlarında, eləcə də yüksəlişlər zamanı əhaliyə xidmət göstərən dağ bələdçiləri üçün meyarlar hazırlanmalı və onların sertifikatlaşdırılması sistemli şəkildə həyata keçirilməlidir.

Bunlarla yanaşı, kateqoriyalı idman dağ marşrutlarının açılması və sertifikatlaşdırılması, idman aşırımlarının siyahısının hazırlanması və ya yenilənməsi də planlarımız arasındadır.

Populyar istirahət məkanlarında müxtəlif çətinlik dərəcələrinə uyğun via ferrata marşrutları — qayalıq ərazilərdə xüsusi metal konstruksiyalar, troslar və digər təhlükəsizlik vasitələri ilə təchiz olunmuş dırmanma yolları yaradılmalıdır.

Böyük Qafqaz cığırının, yəni Baş Qafqaz silsiləsi boyunca keçən uzun məsafəli travers marşrutunun kəşfiyyatını və yeni hissələrinin açılmasını da davam etdirmək istəyirik.

Bütün bu işlərin məqsədi Azərbaycanda dağçılığı sistemli şəkildə inkişaf etdirmək, idmançılar üçün təhlükəsiz şərait yaratmaq və gələcək nəsillərə möhkəm təməl ötürməkdir.

“Dağçılıqla məşğul olmaq üçün güclü istək, iradə və ciddi motivasiya lazımdır”

– Dağçılığa maraq göstərən gənclərə nə tövsiyə edərdiniz? Bu sahədə özünü inkişaf etdirmək istəyənlər ilk növbədə nələrə hazır olmalıdırlar?

– Mən belə bir məsləhət verərdim: alpinistika ilə məşğul olmayın! Bu fikirdə orijinal deyiləm. Azərbaycanın tanınmış alpinisti və təlimatçısı, sovet və postsovet məkanında alpinistlərin bir neçə nəslinin öyrəndiyi fundamental “Alpinistika məktəbi” dərsliyinin müəlliflərindən biri Yuri Vasilyeviç Qorin də belə məsləhət verirdi.

O, mühazirələrində tez-tez deyirdi ki, güclü istəyi, çətinlikləri dəf etməyə hazırlığı və ciddi motivasiyası olmayan gənclər alpinistika ilə məşğul olmamalıdırlar.

Amma əgər bu yola çıxmaq qərarına gəlmisinizsə, fiziki, iradi və mənəvi keyfiyyətlərinizi elə inkişaf etdirməlisiniz ki, dünyada heç kim sizi seçdiyiniz yolun yanlış olduğuna inandıra bilməsin.

Əgər dağları həqiqətən, bütün qəlbinizlə sevirsinizsə, özünüzü inkişaf etdirmək üçün imkanlar və yollar tapacaqsınız.

Dağçılıq insandan yalnız fiziki güc deyil, həm də səbir, iradə, məsuliyyət və özünü daim təkmilləşdirmək əzmi tələb edir. Bu yolda uğur qazanmaq istəyən hər kəs ilk növbədə özünü tanımalı, bilik və təcrübəsini artırmalı, təhlükəsizlik qaydalarına əməl etməli və insan həyatının hər şeydən üstün olduğunu unutmamalıdır.

Dağlarda qazanılan təcrübə, göstərilən fədakarlıq və əldə edilən uğurların hər biri insanın xarakterini formalaşdırır. Aleksandr Nəcəfovun uzunillik təcrübəsi göstərir ki, alpinistikanın mahiyyəti yalnız zirvəyə çatmaq deyil, həm də məsuliyyətli qərarlar vermək, çətinliklər qarşısında iradə nümayiş etdirmək və insan həyatını qorumaqdır. Azərbaycanda dağçılığın sistemli inkişafı, peşəkar kadrların hazırlanması, yeni idman marşrutlarının yaradılması və ictimai xilasetmə xidmətinin təşkili isə bu sahənin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.

 

Maraqlı müsahibəyə, dəyərli fikirlərinizi və zəngin təcrübənizi bizimlə bölüşdüyünüz üçün Sizə təşəkkür edirik. Sizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar, Azərbaycanda dağçılığın inkişafı və yeni marşrutların açılması istiqamətində həyata keçirdiyiniz təşəbbüslərdə nailiyyətlər arzulayırıq!

Yaqut Ağaşahqızı, "İki sahil"