Oktyabrın 20-21-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə mediatur çərçivəsində jurnalistlər şəhərin mərkəzində sahibkar Sevinc Bayramovaya məxsus “Süsən” Kəlağayı Emalatxanası və Kəlağayı Muzeyi ilə tanış olublar.
Media nümayəndələrinə “Süsən” brendi altında istehsal olunan kəlağayıların çeşidləri, hazırlanma xüsusiyyətləri, daxili və xarici bazarlarda bu məhsullara tələbat, eləcə də turistlərin milli ipək örtüyünə marağı barədə ətraflı məlumat verilib.
“Süsən” brendi Azərbaycan xalqının qədim sənətkarlıq ənənələrindən birini yaşatmaq, kəlağayının tarixi motivlərini qorumaq və onları müasir dizaynla birləşdirmək məqsədi daşıyır. Sahibkar Sevinc Bayramova bu fəaliyyətə ailəsində qorunub saxlanılan qədim kəlağayı nümunələrindən ilhamlanaraq başlayıb. Xüsusilə nənəsindən yadigar qalan kəlağayılar onun qədim ornamentləri araşdırmasına və bu sənəti müasir formada təqdim etməsinə təkan verib. Hazırda qızı Samirə də ailə biznesinin inkişafında iştirak edir.
Sevinc Bayramova kəlağayı və ipək şərflərin istehsalı ilə məşğuldur. İlk mərhələdə qədim kəlağayı nümunələrinin araşdırılması və istehsal prosesinin öyrənilməsi ilə başlayan fəaliyyət sonradan “Süsən” brendinin formalaşmasına gətirib çıxarıb. ABAD-ın dəstəyi ilə məhsulların satış imkanları da genişlənib.
Emalatxana ilə yanaşı, muzey kimi də fəaliyyət göstərən məkanda ziyarətçilər kəlağayı sənətinin xüsusiyyətləri ilə tanış olmaq, həmçinin ustad dərslərində iştirak edərək öz kəlağayı nümunələrini yaratmaq imkanı əldə edirlər. Beləliklə, məkan yalnız istehsal və satış ünvanı deyil, həm də milli mədəni irsin tanıdılmasına xidmət edən turizm məkanı kimi diqqət çəkir.
Qeyd edək ki, Şəki əsrlər boyu Azərbaycanın mühüm ipəkçilik mərkəzlərindən biri olub. Şəhərin ipəkçilik ənənələri kəlağayı sənətinin inkişafında xüsusi rol oynayıb. Təbii ipəkdən hazırlanan, müxtəlif naxış və ornamentlərlə bəzədilən kəlağayı Azərbaycan qadın geyiminin mühüm elementlərindən olmaqla yanaşı, milli mədəniyyətin və bədii sənətkarlığın rəmzlərindən sayılır.
Azərbaycan kəlağayısının “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə 2014-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsi bu sənətin beynəlxalq səviyyədə tanıdılmasında mühüm əhəmiyyət daşıyır.
Şəkidə fəaliyyət göstərən “Süsən” Kəlağayı Emalatxanası və Kəlağayı Muzeyi də qədim sənət ənənələrinin qorunması, müasir nəsillərə ötürülməsi və şəhərin turizm imkanlarının zənginləşdirilməsi baxımından əhəmiyyətli məkanlardan biridir.
Orxan Vahidoğlu, "İki sahil"
Prezident İlham Əliyev “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb
Ombudsman XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində iştirak edib