21 oktyabr 2026 15:54
194

Kinoloji xidmətin görünməyən qəhrəmanları - MÜSAHİBƏ

Hər uğurlu axtarışın arxasında böyük zəhmət dayanır

Könül Həsənova: Yaxşı təlimatçı yalnız itə əmr verən deyil, onun davranışını anlayan və onunla vahid komanda kimi işləməyi bacaran mütəxəssisdir

Fövqəladə hallarda insan həyatının xilas edilməsi yalnız peşəkar hazırlıq və operativ müdaxilə deyil, həm də yüksək məsuliyyət, dəqiqlik və qarşılıqlı etimad tələb edir. Xüsusilə dağıntılar altında qalan insanların axtarışı zamanı xidməti itlərin imkanları mühüm əhəmiyyət daşıyır. Güclü qoxubilmə qabiliyyəti və xüsusi hazırlığı ilə seçilən bu itlər axtarış-xilasetmə əməliyyatlarında təlimatçıların etibarlı tərəfdaşlarına çevrilirlər. Lakin onların mürəkkəb şəraitdə tapşırıqları uğurla yerinə yetirməsinin arxasında davamlı təlim, fərdi yanaşma, səbir və böyük peşəkar zəhmət dayanır.

Kinoloji xidmətin özünəməxsusluğu da məhz insanla heyvan arasında formalaşan etimadın konkret əməliyyat bacarıqları ilə vəhdət təşkil etməsindədir. Burada hər bir düzgün siqnal, vaxtında verilən qərar və koordinasiyalı fəaliyyət insan həyatının xilas edilməsinə xidmət edir. Bu baxımdan xidməti itlərin hazırlanması, onların fiziki və psixoloji xüsusiyyətlərinin nəzərə alınması, eləcə də müasir təlim metodlarının tətbiqi xüsusi aktuallıq kəsb edir.

“İki sahil”in müsahibi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji taborunun kinoloji qrupunun təlimatçısı, gizir Könül Həsənovadır.

Onunla kinoloji peşənin məsuliyyətindən, xidməti itlərin hazırlıq prosesindən, təlimatçı ilə it arasında etimadın əhəmiyyətindən, beynəlxalq təcrübənin rolundan və bu sahənin gələcək inkişaf istiqamətlərindən danışdıq.

-İlk olaraq, özünüzü oxucularımıza təqdim etməyinizi istərdik. Kinoloji sahədə fəaliyyətə necə başlamısınız və bu peşəni seçməyinizə nə səbəb olub?

-Mən, Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji taborunun kinoloji qrupunun təlimatçısı, gizir Könül Həsənovayam. İtlərə sevgim hər zaman olub. Lakin onların sədaqətini və axtarış-xilasetmə əməliyyatlarında insan həyatının xilasındakı rolunu gördükcə bu sevgi peşə seçimimə çevrilib. Mənim üçün bu peşə böyük məsuliyyət, səbir və insan həyatının xilasına xidmət etmək deməkdir.

-Xidməti itlərin hazırlanması hansı mərhələlərdən ibarətdir və onların hazır olduğu necə müəyyən edilir?

-Xidməti itlərin hazırlanması bir neçə mərhələdən ibarətdir. İlk növbədə itin sağlamlığı, xarakteri və öyrənmə qabiliyyəti qiymətləndirilir. Daha sonra sosiallaşma mərhələsində it müxtəlif insanlara, səslərə, nəqliyyat vasitələrinə və ətraf mühit şəraitinə alışdırılır. Növbəti mərhələdə ilkin itaət, təlimatçı ilə qarşılıqlı əlaqə və xüsusi axtarış bacarıqları inkişaf etdirilir.

İtin hazırlığı müxtəlif şəraitlərdə tapşırıqları düzgün yerinə yetirməsi, diqqətini qoruması və aşkarladığı obyektə düzgün reaksiya verməsi ilə müəyyən edilir. Əsas məqsədimiz itin real əməliyyatlarda etibarlı fəaliyyət göstərməsinə nail olmaqdır.

-İtlərdə qoxu vasitəsilə axtarış bacarığı necə inkişaf etdirilir?

-İtin qoxu hissiyyatı təbii olaraq güclüdür. Bizim vəzifəmiz bu qabiliyyəti düzgün istiqamətləndirmək və xidməti məqsədlər üçün inkişaf etdirməkdir. Təlim zamanı itə müəyyən qoxunu tanımaq, onu digər qoxulardan fərqləndirmək və aşkar etdikdə düzgün siqnal vermək öyrədilir.

Məşqlər tədricən çətinləşdirilir və müxtəlif şəraitlərdə təkrarlanır. İtin hazırlığı qiymətləndirilərkən yalnız axtarış obyektini tapması deyil, dəqiqliyi, yanlış siqnalların olmaması və fərqli şəraitlərdə sabit nəticə göstərməsi də nəzərə alınır.

-Hər itin fərdi xüsusiyyətlərini necə nəzərə alırsınız?

-Hər itin xarakteri, enerjisi, öyrənmə sürəti və işə marağı fərqlidir. Buna görə də bütün itlərə eyni üsulla yanaşmaq düzgün deyil. İlk növbədə onların güclü tərəflərini və hansı işə daha çox meyilli olduqlarını müəyyən edirik. Təlim proqramını itin fərdi xüsusiyyətlərinə uyğun qururuq. Düzgün yanaşma, səbir və müntəzəm məşqlər itin potensialını üzə çıxarmağa və daha yaxşı nəticələr əldə etməyə imkan verir.

-Təlimatçı ilə xidməti it arasında etimad nə dərəcədə vacibdir?

-Təlimatçı ilə it arasında etimad kinoloji xidmətin ən vacib şərtlərindən biridir. Bu münasibət gündəlik məşqlər, birgə fəaliyyət və düzgün yanaşma nəticəsində formalaşır.

Xüsusilə axtarış-xilasetmə əməliyyatlarında təlimatçı itin davranışını və verdiyi siqnalları düzgün anlamalıdır. Mənim fikrimcə, yaxşı təlimatçı yalnız itə əmr verən deyil, onun davranışını anlayan və onunla vahid komanda kimi işləməyi bacaran mütəxəssisdir.

-İt təlim zamanı gözlənilən nəticəni göstərmədikdə nə edirsiniz?

-Belə hallarda ilk növbədə problemin səbəbini müəyyən etməyə çalışırıq. Bəzən it yorğun olur, bəzən tapşırıq çətin gəlir, bəzən də təlim üsulunu dəyişmək lazım gəlir.

Belə vəziyyətlərdə əvvəlki mərhələlərə qayıdır, tapşırığı sadələşdirir və məşqləri yenidən davam etdiririk. Düzgün davranışları mükafatlandırmaq, səbirli olmaq və itin imkanlarını nəzərə almaq vacibdir. Təlimatçının peşəkarlığı problemi vaxtında müəyyən edib düzgün həll yolu tapmasında özünü göstərir.

-Xidməti itlərin sağlamlığı və fiziki hazırlığı necə qorunur?

-Xidməti itin sağlamlığı onun hazırlığının əsas hissəsidir. Bunun üçün düzgün qidalanmaya, təmizliyə, fiziki məşqlərə, istirahətə və mütəmadi baytarlıq nəzarətinə xüsusi diqqət yetiririk.

Məşqlərin həcmi itin fiziki imkanlarına uyğun müəyyən edilir. Həddindən artıq yüklənmənin qarşısını almaq və vaxtında istirahətini təmin etmək vacibdir. Məqsədimiz itin sağlamlığını və iş qabiliyyətini uzun müddət qorumaqdır.

-Müasir təlim metodları və beynəlxalq təcrübə kinoloji xidmətə nə verir?

-Beynəlxalq təcrübənin öyrənilməsi kinoloji xidmətin inkişafında mühüm rol oynayır. Digər ölkələrin mütəxəssisləri ilə təcrübə mübadiləsi, təlimlərdə iştirak və müasir metodların tətbiqi işimizin keyfiyyətini artırır.

Xüsusilə axtarış-xilasetmə sahəsində müasir standartlar itlərin hazırlıq səviyyəsini daha düzgün qiymətləndirməyə və əməliyyatlarda səmərəliliyi yüksəltməyə kömək edir. Təlim şəraitinin yaxşılaşdırılması, müasir axtarış poliqonlarının yaradılması və təlimatçıların peşəkarlığının artırılması əsas inkişaf istiqamətlərindəndir.

-İnsanlar kinoloji xidmət haqqında nələri bilməlidirlər?

-İnsanlar xidməti itləri çox vaxt yalnız hadisə yerində, axtarış apararkən görürlər. Lakin həmin nəticənin arxasında uzunmüddətli hazırlıq, çoxsaylı məşqlər və böyük zəhmət dayanır.

Xüsusilə dağıntılar altında insanların axtarışı zamanı xidməti itlərin rolu böyükdür. Onlar təlimatçı ilə birlikdə çətin şəraitdə fəaliyyət göstərərək insanların xilas edilməsinə töhfə verirlər. Mənim üçün xidməti itlər insan həyatının qorunmasına xidmət edən etibarlı tərəfdaşlardır. Ən böyük uğurumuz isə bir insanın həyatının xilas edilməsidir.

-Kinoloji xidmətin inkişafı ilə bağlı gələcək hədəfləriniz nələrdir?

-Əsas məqsədimiz xidməti itlərin hazırlıq səviyyəsini daha da yüksəltmək və onların real əməliyyatlarda etibarlı fəaliyyət göstərməsini təmin etməkdir. Bunun üçün müasir təlim şəraitinin yaradılması, təlimatçıların bilik və bacarıqlarının artırılması, həmçinin hər itin fərdi xüsusiyyətlərinə uyğun hazırlıq proqramlarının tətbiqi vacibdir. Beynəlxalq təcrübədən yararlanmaq və yeni təlim metodlarını gündəlik fəaliyyətimizə tətbiq etmək də əsas hədəflərimizdəndir.

– Könül xanım, maraqlı və əhatəli müsahibəyə, kinoloji xidmətin məsuliyyətli və çoxşaxəli fəaliyyəti barədə dəyərli fikirlərinizi oxucularımızla bölüşdüyünüzə görə Sizə təşəkkür edirik.

- Sağ olun.

Söhbətimiz bir daha göstərdi ki, axtarış-xilasetmə əməliyyatlarında əldə olunan nəticələrin arxasında yalnız xüsusi hazırlıq deyil, həm də səbir, fədakarlıq və qarşılıqlı etimad dayanır. İnsan həyatının qorunmasına yönələn bu məsuliyyətli fəaliyyətinizdə Sizə və bütün kinoloji xidmət əməkdaşlarına uğurlar arzulayırıq. Çünki bu peşədə uğurun ən böyük meyarı yerinə yetirilən tapşırıqdan daha çox, xilas edilən insan həyatıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”