21 oktyabr 2026 21:23
113

Şlapaçenko: BMT-nin dəyərli tərəfdaşı olan Azərbaycan həmişə çoxtərəfliliyi dəstəkləyir

Azərbaycan dəyişməz olaraq çoxtərəfliliyi dəstəkləyir və BMT-nin dəyərli tərəfdaşıdır.

“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko Bakıda BMT Gününə həsr olunmuş tədbirdə bildirib.

"Bu günü sizinlə birlikdə qeyd etmək mənim üçün xüsusilə vacibdir, çünki bu, mənim dəyişməz olaraq çoxtərəfliliyi və beynəlxalq əməkdaşlığı dəstəkləyən və BMT-nin dəyərli tərəfdaşı olan Azərbaycanda ilk BMT Günümdür. Bugünkü konsertlə biz inklüzivliyə, müxtəlifliyə və birliyə xüsusi diqqət yetirərək BMT Gününü qeyd edirik. Musiqi fərqlilikləri aşan və insanları birləşdirən universal dildir", - Şlapaçenko deyib.

Rezident-əlaqələndirici vurğulayıb ki, BMT-nin əsasının qoyulmasından 81 il sonra təşkilat əvvəlkitək unikal legitimliyə və beynəlxalq normaların formalaşmasına əhəmiyyətli təsirə malik yeganə təşkilat olaraq qalır.

Onun sözlərinə görə, başqa heç bir təsisat bəşəriyyətin ortaq istəklərini bu dərəcədə özündə təcəssüm etdirmir və insanlara daha yaxşı gələcəyə ümid vermir.

"Müasir münaqişələr, bərabərsizlik, iqlim dəyişikliyi, sürətli texnoloji dəyişikliklər və bir çox digər çağırışlar şəraitində beynəlxalq əməkdaşlığa ehtiyac hər zamankindən daha böyükdür. BMT-nin Baş katibi Antonio Quterreşin bu yaxınlarda qeyd etdiyi kimi, bizə bütün dünyadakı insanlar üçün konkret nəticələrin əldə olunmasını daha yaxşı təmin edə bilən, daha təmsilçi, səmərəli və inklüziv olan - daha təkmil çoxtərəfli yanaşma lazımdır", - o qeyd edib.