22 oktyabr 2026 12:50
156

Qubadlının azadlığı: Zəfər yolunun mühüm mərhələsi

25 Oktyabr - Qubadlı şəhəri günü Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində xüsusi yer tutur, milli iradəmizin və tarixi ədalətin təntənəsini nümayiş etdirir. Azərbaycan Ordusunun Qubadlı şəhərini işğaldan azad etməsi 44 günlük Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtələrindən biri oldu. Bu qələbə ərazi bütövlüyümüzün bərpasına doğru inamlı irəliləyişin, dövlətimizin qətiyyətinin və xalqımızın sarsılmaz birliyinin parlaq ifadəsinə çevrildi.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Qubadlının inkişafına ağır zərbə vurub, rayonun sakinlərini doğma yurdlarından didərgin salıb. 1993-cü il avqustun 31-də Qubadlı rayonunun işğal olunması nəticəsində 29 mindən çox insan məcburi köçkün həyatı yaşamağa məcbur olub. Rayonun 94 yaşayış məntəqəsi, minlərlə fərdi yaşayış evi, inzibati binalar, sosial və mədəniyyət obyektləri dağıdılıb, yollar, körpülər, elektrik və su təchizatı sistemləri yararsız vəziyyətə salınıb. İşğal Qubadlının iqtisadi həyatını iflic etməklə yanaşı, minlərlə ailənin həyatında dərin izlər buraxıb. Bununla belə, qubadlılılar doğma torpağa qayıtmaq ümidini heç vaxt itirməyib, tarixi ədalətin bərpa olunacağına inamlarını qoruyub saxlayıblar.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində ardıcıl uğurlar qazandı. Qubadlı əməliyyatı isə mürəkkəb hərbi şəraitdə xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Şəhərə hakim yüksəkliklərdə möhkəmlənmiş düşmən qüvvələrinin mövqelərinin sıradan çıxarılması, strateji ərazilərin nəzarətə götürülməsi əməliyyatın uğurla başa çatdırılmasında mühüm əhəmiyyət daşıyırdı.

Azərbaycan Ordusu qarşıya qoyulan döyüş tapşırıqlarını yüksək məharətlə yerinə yetirdi. Ətraf ərazilərin və strateji yüksəkliklərin nəzarətə götürülməsindən sonra oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edildi. Bu uğur düşmənin müdafiə imkanlarını zəiflətdi və müharibənin sonrakı gedişinə ciddi təsir göstərdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı bu qələbə xalqımızın milli həmrəyliyinin, hərbçilərimizin qəhrəmanlığının və dövlətimizin gücünün növbəti təsdiqi idi. Qubadlının azad olunması həm də doğma torpaqlarından didərgin düşmüş insanların qayıdış arzularının gerçəkləşəcəyinə inamı daha da gücləndirdi.

Qubadlı uğrunda döyüşlərdə göstərilən igidlik dövlət tərəfindən yüksək qiymətləndirilib. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilib, şəhərin və rayonun azadlığı uğrunda döyüşlərdə iştirak edən 15 mindən çox hərbi qulluqçu bu medalla təltif olunub. Bu təltiflər Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ehtiramın, qazilərimizin və döyüşçülərimizin qəhrəmanlığının dövlət səviyyəsində qiymətləndirilməsinin ifadəsidir.

Bu gün işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindəndir. Qubadlıda həyata keçirilən layihələr də bu məqsədə xidmət edir. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi rayonun gələcək inkişafının sistemli şəkildə qurulmasına imkan yaradır. Plan çərçivəsində müasir şəhər mühitinin formalaşdırılması, yaşayış sahələrinin yaradılması və zəruri infrastrukturun qurulması nəzərdə tutulur.

Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin tikintisinə başlanılması bu istiqamətdə atılan mühüm addımlardandır. Ümumi sahəsi 3,34 hektar olan yaşayış kompleksində 21 binanın və 176 mənzilin inşası nəzərdə tutulub. Müasir şəhərsalma prinsipləri əsasında həyata keçirilən layihə gələcəkdə şəhərə qayıdacaq sakinlərin rahat yaşayışı üçün əlverişli şəraitin yaradılmasına xidmət edir. Rayonun kəndlərinin bərpasına da xüsusi diqqət yetirilir. Mahruzlu və Zilanlı kəndlərində aparılan tikinti işləri doğma torpaqlarda həyatın yenidən canlandırılmasının mühüm nümunələridir. Mahruzluda ilkin mərhələdə 190 evin, Zilanlıda isə 159 evin inşası nəzərdə tutulur. Bu layihələr kənd yaşayış məntəqələrinin yenidən qurulması, ailələrin öz yurdlarına qayıtması və ənənəvi təsərrüfat fəaliyyətinin bərpası üçün zəmin yaradır.

Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi, eləcə də yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və inşası istiqamətində görülən işlər rayonun nəqliyyat imkanlarını genişləndirməyə yönəlib. Bu yolların ətraf ərazilərlə əlaqələrin yaxşılaşdırılmasına, təsərrüfat fəaliyyətinin canlanmasına və Qarabağla Şərqi Zəngəzurun ümumi inkişafına töhfə verməsi gözlənilir.

Böyük Qayıdış prosesi həm də sosial həyatın dirçəldilməsi, iqtisadi imkanların genişləndirilməsi və gələcək nəsillər üçün müasir yaşayış mühitinin yaradılması deməkdir. Şəhərin və kəndlərin yenidən qurulması illərlə yurd həsrəti çəkən ailələrin arzularının gerçəkləşməsinə xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və quruculuq siyasəti Azərbaycanın azad edilmiş ərazilərdə yeni inkişaf mərhələsi yaratmaq əzmini nümayiş etdirir. Qubadlıda yaradılan infrastruktur, tikilən yaşayış binaları və kəndlərin yenidən qurulması bu siyasətin əməli nəticələridir. Qarşıya qoyulan əsas məqsəd rayonun əvvəlki həyat ritmini bərpa etməklə yanaşı, onu müasir tələblərə uyğun inkişaf etmiş yaşayış məkanına çevirməkdir.

25 Oktyabr – Qubadlı şəhəri günü xalqımızın yaddaşında həm hərbi qəhrəmanlığın, həm də quruculuq iradəsinin rəmzi kimi yaşayır. Qubadlı öz sahiblərinə qovuşaraq yeni inkişaf yoluna qədəm qoyub. Bu yol doğma yurda qayıdışın, tarixi yaddaşın qorunmasının və azad torpaqlarda firavan həyatın qurulmasının yoludur.

Meydanəli Yolçiyev,
​​​​​​​​YAP Daşkəsən rayon təşkilatının sədri