23 oktyabr 2026 09:48
120

Qubadlının dirçəlişi Azərbaycanın Zəfər strategiyasının təntənəsidir

25 Oktyabr-Qubadlı Şəhəri Günü Azərbaycan xalqının tarixi Zəfərinin, milli iradəsinin və ərazi bütövlüyümüzün bərpası uğrunda nümayiş etdirdiyi qətiyyətin rəmzlərindən biridir. Bu tarix təkcə bir şəhərin işğaldan azad edilməsini deyil, həm də xalqımızın tarixi ədalətin bərpasına, milli birliyə və gələcəyə olan sarsılmaz inamının təntənəsini ifadə edir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qubadlının azad edilməsi ilə bağlı səsləndirdiyi “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı” fikirləri bu tarixi günün mahiyyətini dolğun şəkildə ifadə edir. Həqiqətən də, Qubadlının azad olunması 44 günlük Vətən müharibəsinin gedişində mühüm hərbi-strateji əhəmiyyət daşımaqla yanaşı, Azərbaycanın tarixi torpaqlarında suverenliyinin bərpasına aparan yolun həlledici mərhələlərindən biri oldu.

Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşən Qubadlı zəngin təbii sərvətləri, əlverişli coğrafi mövqeyi, münbit torpaqları, meşələri və su ehtiyatları ilə seçilən qədim yurd yerlərimizdəndir. Həkəri və Bərgüşad çaylarının vadilərini əhatə edən bu ərazi tarixən əkinçilik, heyvandarlıq və tütünçülük ənənələri ilə tanınıb. Təbii sərvətləri, kənd təsərrüfatı potensialı və strateji mövqeyi Qubadlının Azərbaycanın sosial-iqtisadi həyatında mühüm yer tutduğunu göstərir. Buna görə də rayonun işğalı yalnız ərazi itkisi deyil, həm də minilliklər boyu formalaşmış yaşayış mühitinə, təsərrüfat ənənələrinə və mədəni irsə vurulmuş ağır zərbə idi. 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Qubadlı uzun illər ərzində dağıntılara, talanlara və humanitar fəlakətə məruz qaldı. İşğal nəticəsində rayonun 29 mindən çox sakini doğma yurdlarından didərgin düşərək ölkənin müxtəlif bölgələrində məskunlaşmağa məcbur oldu. Onlarla yaşayış məntəqəsi, minlərlə fərdi yaşayış evi, inzibati binalar, sosial və mədəniyyət obyektləri, məscidlər, körpülər və mühəndis-kommunikasiya infrastrukturu dağıdıldı, yararsız vəziyyətə salındı. Bir vaxtlar həyatın qaynadığı kəndlər və şəhər məkanları uzun illər insan nəfəsinə həsrət qaldı. İşğal dövründə həyata keçirilən qanunsuz məskunlaşdırma siyasəti də beynəlxalq humanitar hüququn norma və prinsiplərinə zidd idi. İşğalçı dövlətin öz əhalisini işğal olunmuş ərazilərə köçürməsi beynəlxalq hüququn ciddi pozuntularından hesab olunur. Bu baxımdan Qubadlının taleyi yalnız Azərbaycanın milli məsələsi deyil, həm də beynəlxalq hüququn aliliyinin, dövlətlərin ərazi bütövlüyü prinsipinin və məcburi köçkünlərin doğma torpaqlarına qayıtmaq hüququnun əhəmiyyətini nümayiş etdirən nümunədir. Azərbaycan xalqı bütün bu illər ərzində öz torpaqlarını azad etmək əzmindən dönmədi. Dövlətimizin beynəlxalq hüquqa əsaslanan mövqeyi, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, güclü iqtisadiyyatın və müasir ordu quruculuğunun təmin etdiyi imkanlar tarixi Zəfərin əsasını formalaşdırdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın öz suveren hüquqlarını bərpa etmək əzmini bütün dünyaya nümayiş etdirdi. Qubadlı uğrunda döyüşlər Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının, peşəkarlığının və qəhrəmanlığının parlaq təzahürü oldu. Şəhərin mürəkkəb relyefi, strateji yüksəkliklərdə yerləşən düşmən mövqeləri əməliyyatın həyata keçirilməsini çətinləşdirirdi. Lakin Azərbaycan hərbçilərinin fədakarlığı və dəqiq planlaşdırılmış hərbi əməliyyatlar nəticəsində əvvəlcə şəhərə hakim olan yüksəkliklər və ətraf yaşayış məntəqələri nəzarətə götürüldü, ardınca Qubadlı şəhəri oktyabrın 25-də işğaldan azad edildi. Noyabrın 9-dək aparılan əməliyyatlar nəticəsində rayonun 41 kəndinin də azad olunması Qubadlı istiqamətində əldə edilən hərbi uğurun miqyasını və strateji əhəmiyyətini təsdiqlədi.

 

Qubadlının azad edilməsi Ermənistanın işğal siyasətinə ağır zərbə vurmaqla yanaşı, müharibənin son mərhələsində qüvvələr nisbətinin Azərbaycanın xeyrinə dəyişməsində mühüm rol oynadı. Bu qələbə bir daha göstərdi ki, müasir hərbi strategiya, texnoloji üstünlük, yüksək döyüş ruhu və vahid komandanlıq Azərbaycanın milli məqsədlərinin gerçəkləşdirilməsində həlledici amillərdir. Azərbaycan Ordusunun qazandığı uğurlar xalqla dövlətin birliyinin, hərbçi ilə vətəndaşın ortaq amal ətrafında səfərbərliyinin nəticəsi idi.

 

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 23-də Qubadlıda Azərbaycan bayrağını ucaltması dövlət suverenliyimizin bu torpaqlarda bərpasının rəmzi hadisəsinə çevrildi. Sonrakı səfərlər zamanı dövlət başçısının şəhərdə və rayonun kəndlərində həyata keçirilən infrastruktur layihələri ilə tanış olması, yeni obyektlərin təməlinin qoyulması və mühüm müəssisələrin açılışında iştirakı azad edilmiş ərazilərin dirçəldilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nümayiş etdirdi. Qubadlının azad olunması ilə başlanan yeni mərhələnin əsas məqsədi yalnız dağıdılmış əraziləri bərpa etmək deyil, burada müasir yaşayış mühiti yaratmaq, iqtisadi fəallığı artırmaq, sosial xidmətləri əlçatan etmək və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz, ləyaqətli və dayanıqlı qayıdışını təmin etməkdir. Bu yanaşma Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin mahiyyətini müəyyənləşdirir. Bərpa və yenidənqurma prosesi ərazi bütövlüyünün bərpasını real sosial-iqtisadi inkişafa çevirməyə xidmət edir. Bu istiqamətdə Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiq edilməsi mühüm əhəmiyyət daşıyır. Baş plan şəhərin gələcək məkan inkişafının, yaşayış sahələrinin, ictimai məkanların və infrastruktur sistemlərinin kompleks şəkildə formalaşdırılması üçün strateji çərçivə yaradır. Müasir şəhərsalma prinsipləri əsasında həyata keçirilən işlər Qubadlının tarixi simasının qorunması ilə yeni inkişaf imkanlarının uzlaşdırılmasına şərait yaradır. Şəhərdə ilk yaşayış məhəlləsinin tikintisinin başlanması bu prosesin mühüm mərhələsidir. Ümumi sahəsi 3,34 hektar olan yaşayış kompleksində 21 binanın və 176 mənzilin inşası nəzərdə tutulur. Bu layihə doğma yurda qayıdışın konkret nəticələrlə müşayiət olunduğunu göstərir. Hər yeni yaşayış binası, salınan küçə və yaradılan sosial infrastruktur illərdir qayıdış həsrəti ilə yaşayan ailələrin ümidlərini reallığa yaxınlaşdırır.

 

Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulması da Böyük Qayıdışın əhatə dairəsini genişləndirən mühüm layihələrdəndir. Mahruzlu kəndində birinci mərhələdə 190 evin, Zilanlı kəndində isə 159 evin inşası nəzərdə tutulur. Bu layihələr kənd yaşayış məntəqələrinin bərpası ilə yanaşı, ənənəvi təsərrüfat fəaliyyətinin dirçəldilməsi, məşğulluğun artırılması və yerli iqtisadi imkanların genişləndirilməsi baxımından da əhəmiyyətlidir. Çünki dayanıqlı qayıdış yalnız yaşayış evlərinin tikilməsi ilə məhdudlaşmır; insanların doğma torpaqlarında işləməsi, təhsil alması, tibbi xidmətlərdən yararlanması və sosial həyatın bütün imkanlarına çıxışının təmin edilməsi ilə tamamlanır. İnfrastrukturun yenidən qurulması Qubadlının gələcək inkişafının əsas dayaqlarından biridir. 2021-ci il oktyabrın 25-də 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının istifadəyə verilməsi rayonun dayanıqlı elektrik enerjisi ilə təminatı baxımından mühüm addım oldu. Şəhərin Azərbaycanın ümumi enerji sisteminə inteqrasiyası, yüksək gərginlikli elektrik verilişi xətlərinin çəkilməsi və fiberoptik rabitə imkanlarının yaradılması gələcək yaşayış məntəqələrinin, istehsal müəssisələrinin və xidmət sahələrinin inkişafı üçün zəruri texniki baza formalaşdırır. Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi, eləcə də yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və inşası ilə bağlı tədbirlər rayonun nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Yol infrastrukturu yaşayış məntəqələri arasında əlaqəni möhkəmləndirməklə yanaşı, iqtisadi fəallığın artmasına, kənd təsərrüfatı məhsullarının daşınmasına, turizm potensialının reallaşdırılmasına və regionlararası əməkdaşlığın güclənməsinə imkan yaradır. Qubadlının strateji coğrafi mövqeyi nəzərə alınarsa, bu layihələrin gələcəkdə Şərqi Zəngəzurun ümumi inkişaf dinamikasına verəcəyi töhfə daha aydın görünür.

 

Rayonun iqtisadi potensialının bərpası üçün təbii sərvətlərdən, münbit torpaqlardan və su ehtiyatlarından səmərəli istifadə də vacibdir. İşğala qədər əkinçilik və heyvandarlığın əsas təsərrüfat sahələri olduğu Qubadlıda müasir aqrar texnologiyaların tətbiqi, emal müəssisələrinin yaradılması və sahibkarlığın dəstəklənməsi yeni məşğulluq imkanları formalaşdıra bilər. Bununla yanaşı, ekoloji tarazlığın qorunması, meşə fondunun bərpası, su ehtiyatlarının səmərəli idarə edilməsi və təbii sərvətlərin məsuliyyətli istifadəsi uzunmüddətli inkişafın mühüm şərtləridir. Qubadlıda gələcək məskunlaşmanın miqyasının genişlənməsi elektrik enerjisi, su təchizatı, nəqliyyat, rabitə və digər kommunal xidmətlərə tələbatı da artıracaq. Buna görə də infrastruktur layihələrinin yalnız cari ehtiyaclara deyil, uzunmüddətli demoqrafik və iqtisadi proqnozlara uyğun planlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Dövlət siyasətinin əsas hədəfi müasir standartlara cavab verən, təhlükəsiz və rahat yaşayış mühitinin yaradılması, eyni zamanda bölgənin iqtisadi baxımdan özünü inkişaf etdirə bilən məkana çevrilməsidir. Qubadlının bərpası Azərbaycanın beynəlxalq mövqeyi baxımından da mühüm məna daşıyır. Ölkəmiz işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri ilə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini konkret nəticələrlə möhkəmləndirir. Dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin qayıdışı münaqişədən sonrakı bərpanın dövlətin suveren hüquqları çərçivəsində necə həyata keçirildiyini göstərir. Bu proses regionda uzunmüddətli sülhün, sabitliyin və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi üçün də əhəmiyyətli potensial yaradır. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalının təsis edilməsi və şəhərin azadlığı uğrunda döyüşlərdə şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçuların təltif olunması bu tarixi qələbənin dövlət səviyyəsində əbədiləşdirilməsinin ifadəsidir. Həmin təltiflər Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ehtiramın, qazilərimizin qəhrəmanlığının və Azərbaycan Ordusunun şərəfli döyüş yolunun təcəssümüdür. Qubadlı uğrunda döyüşlərdə nümayiş etdirilən qəhrəmanlıq gələcək nəsillər üçün vətənpərvərlik, fədakarlıq və milli məsuliyyət nümunəsidir. Cənab Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 oktyabrın Qubadlı Şəhəri Günü kimi müəyyən edilməsi bu tarixi hadisənin milli yaddaşımızda xüsusi yer tutmasını təmin edir. Şəhər günlərinin təsis olunması azadlıq uğrunda mübarizənin mərhələlərini, xalqımızın tarixi yaddaşını və dövlətçiliyimizin gücünü gələcək nəsillərə çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün Qubadlıda aparılan quruculuq işləri Azərbaycanın Zəfərdən sonra müəyyənləşdirdiyi strateji hədəflərin ardıcıl şəkildə həyata keçirildiyini göstərir. Dövlətin siyasi iradəsi, iqtisadi imkanları, müasir infrastruktur layihələri və Böyük Qayıdış proqramı vahid məqsədə-azad edilmiş ərazilərdə həyatın bərpasına və dayanıqlı inkişafın təmin edilməsinə xidmət edir. Qarşıda duran əsas vəzifə yaradılan imkanları davamlı iqtisadi fəallığa, yeni iş yerlərinə, keyfiyyətli sosial xidmətlərə və əhalinin rifahının yüksəlməsinə çevirməkdir. 25 Oktyabr – Qubadlı Şəhəri Günü həm keçmişə ehtiram, həm bu günün qüruru, həm də gələcəyə inam günüdür. Qubadlının azad edilməsi Azərbaycan xalqının iradəsinin, dövlətimizin gücünün və Ordumuzun qəhrəmanlığının təntənəsi kimi tariximizdə əbədi yaşayacaq. Bu gün doğma yurda qayıdışın, dağıdılmış şəhər və kəndlərin yenidən qurulmasının, milli suverenliyin real inkişafla möhkəmləndirilməsinin rəmzinə çevrilib.

Qubadlıya öz sahibləri qayıdır, doğma torpaqlarda yeni həyat qurulur. Bu qayıdış yalnız insanların öz evlərinə dönməsi deyil, həm də tarixi ədalətin bərpası, milli yaddaşın dirçəlişi və Azərbaycanın gələcəyə inamla irəliləməsinin ifadəsidir. Qubadlının yenidən çiçəklənməsi dövlətimizin gücünün, xalqımızın birliyinin və Zəfərimizin əbədiliyinin daha bir təsdiqi olacaq.

Mehriban Vəliyeva,

Milli Məclisin deputatı