Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində görülən işlərin nəticəsində Qarabağ iqtisadi rayonunda ümumi məhsul buraxılışı 4 dəfə artaraq 6 milyard manata, Şərqi Zəngəzurun iqtisadiyyatı isə 30 dəfədən çox böyüyərək 4 milyard manata çatıb
Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur sürətlə yenidən qurulur, dirçəlir, tarixinə, mədəni irsinə, ənənələrinə qovuşur, bu torpaqlarda həyat yenidən canlanır. Böyük Qayıdışa dair Dövlət Proqramı uğurla reallaşdırılır.
Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən ötən dövrdə erməni vandalizmi nəticəsində tamamilə dağıdılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində misli görünməmiş irimiqyaslı layihələr icra olunur. Bu bölgələrdə genişmiqyaslı yol-infrastruktur layihələri reallaşdırılır, tunel və körpü tikintisi sürətlə davam etdirilir, kommunikasiya xətləri çəkilir, təhsil, səhiyyə, turizm və sənaye müəssisələri tikilir, mədəni, tarixi və dini abidələr bərpa olunur. Bütün sahələri əhatə edən yenidənqurma işləri planlı formada həyata keçirilir, yeni innovativ yanaşmalar tətbiq edilir. Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları, həmçinin yeni çəkilən avtomobil və dəmir yolları regionu mühüm logistik qovşağa çevirir.
Qarabağ və Şərqi Zəngəzurda iqtisadi inkişafın sürətləndiriliməsi dövlət siyasətinin əsas istiqamətlərindən birdir. Ötən 6 ildə işğaldan azad edilmiş ərazilərin bərpası və quruculuğu üçün dövlət büdcəsindən 26 milyarda yaxın vəsait ayrılıb. Bu ərazilərdə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üçün 2023-cü ilin yanvarından etibarən 10 il müddətinə vergi və gömrük güzəştləri tətbiq edilir. Belə ki, bu bölgələrdə rezidentlər 2032-ci ilədək torpaq, mənfəət, sadələşdirlmiş və dividend vergilərdən azad ediliblər. Eləcə də idxal edilən avadanlıqlar və xammal əlavə dəyər vergisindən və rüsumlardan azad ediliblər. Həmçinin sahibkarlara dəstək üçün 500 milyon manatlıq kredit portfelinin 450 milyon manatadək hissəsinə dövlət zəmanəti verilir.
Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması regionda daxili bazarı canlandırır və yeni iş yerlərinin yaradılmasını sürətləndirir. Torpaqların yerli əhaliyə güzəştlə verilməsi həm regionda dayanıqlı məskunlaşmanı sürətləndirir, həm də ailə kəndli təsərrüfatlarının formalaşmasını stimullaşdırır. Burada sahibkarlara və fermerlərə tətbiq edilən subsidiyalar respublikanın digər regionları ilə müqayisədə daha yüksək əmsalla, orta hesabla 1.5-2 dəfəyədək artımla ödənilir. Fermerlər kənd təsərrüfatı texnikalarının, müasir suvarma sistemlərinin və damazlıq heyvanların alışında yüksək dövlət güzəştlərindən, faizsiz kreditlərdən yararlanırlar. Regionda fəaliyyət göstərən Ağdam və Cəbrayıl-Araz Vadisi sənaye zonalarında sahibkarlar 10 il müddətinə mənfəət, əmlak, torpaq vergilərindən, həmçinin idxal etdikləri avadanlıq və xammal üçün ƏDV və gömrük rüsumlarından tam azad olunublar.
Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində görülən işlərin nəticəsində Qarabağ iqtisadi rayonunda ümumi məhsul buraxılışı 4 dəfə artaraq 6 milyard manata çatıb. Ağdam rayonunda sənaye məhsulunun dəyəri əhəmiyyətli dərəcədə artıb, tikinti sektoru isə bölgədə 10 dəfədən çox böyüyüb. Ötən il yalnız Ağdam rayonunda sənaye məhsullarının dəyəri 1 milyard 2 milyon manat olub ki, bu da əvvəlki ilə müqayisədə 17,4 dəfə çoxdur.
Vətən müharibəsində qazanılan tarixi Qələbədən dərhal sonra Azərbaycanın öz iqtisadi gücü ilə başladılan və sürətlə davam edən yenidənqurma və quruculuq işləri nəticəsində Şərqi Zəngəzurun iqtisadiyyatı 30 dəfədən çox böyüyərək 4 milyard manata çatıb. 2020-ci ildə sözügedən iqtisadi rayonumuzda cəmi 134 milyon manatlıq məhsul istehsal olunurdu. Hazırda bu rəqəm artıq 4 milyard manatı ötüb.
Bütün bunların fonunda əminliklə demək olar ki, yenidənqurma və quruculuq işlərinin sürətlə davam etməsi sayəsində özünün çiçəklənmə dövrünü yaşayan Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi Azərbaycanın iqtisadi potensialını daha da artıracaq, ölkəmizin gücünə güc qatacaq.
Zahid Rza, “İki sahil”
Azərbaycanın qətiyyətli mövqeyi Avrasiya məkanında uzunmüddətli sabitliyin qarantıdır - TƏHLİL
Türkiyədə Azərbaycan əleyhinə kampaniya hansı həqiqətləri üzə çıxardı? - TƏHLİL