26 oktyabr 2026 11:17
123

Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir

İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəccüb və təəssüf doğurur.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Elm və Təhsil Nazirliyinin (ETN) açıqlamasında qeyd olunub.

Qeyd olunub ki, bu, tamamilə yersiz açıqlama olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdindən başqa bir şey deyildir:

"Heç kimə ölkəmizin daxili işlərinə, o cümlədən təhsil siyasətinə müdaxilə etməyə icazə verilmir və bu kimi müdaxilə cəhdlərinin qarşısı qətiyyətlə alınır. İran rəsmilərinə tövsiyə edərdik ki, başqa ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə öz ölkələrinin problemləri ilə məşğul olsunlar".

Həmçinin açıqlamada bildirilib ki, İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur:

"Ali təhsil müəssisələrində də Azərbaycan dilində tədris həyata keçirilmir. Halbuki İran əhalisinin təxminən 40 milyonunu köklü etnik azərbaycanlılar təşkil edir və onlar onilliklərdir öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər. İranın elm, tədqiqat və texnologiya naziri və bu mövzuda İranda çıxış edən digər şəxslər yaxşı olardı ki, Azərbaycanın daxili işlərinə müdaxilə etmək əvəzinə məhz bu məsələlərlə məşğul olsunlar və onilliklərdir davam edən bu misli görünməmiş ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görsünlər".