Əzəl gündən işğalçı erməni dığalarla barışmaz mövqeyi 1997-ci ildə Sabirabad rayonunun Balakənd kəndində dünyaya göz açan Bəhruz Səttar oğlu Əhmədovun Vətənə sonsuz sədaqətindən , doğma torpağa məhəbbətindən irəli gəlirdi. Odur ki ,44 günlük haqq savaşımız başlanan kimi Bəhruz könüllü olaraq, 30 il düşmənə əsir düşən Qarabağımızın azadlığı uğrunda ölüm-dirim savaşları gedən ən qaynar nöqtələrdə döyüş meydanına atılıb. Qeyrət, namus rəmzi bildiyi Azərbaycanın müqəddəsliyinə tapınaraq son nəfəsinə qədər yağıya qan qusdurub. Özü şəhid olsa da, adı əbədi olaraq xalqın yaddaşına qəhrəmanlığın, Vətən sevgisinin simvolu kimi yazılıb.
Vətən sevgisi ilə boya-başa çatan Bəhruz Əhmədov orta məktəbi bitirib Sabirabad rayon Peşə Liseyində oxuyub. Xalqın sevincini, ağrı-acısını, yurd təəssübkeşliyini ürəyindən keçirməyi bacaran gənc 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılıb, Tovuzda Vətənin keşiyində durub. Yüksək peşə hazırlığı, mərdliyi, dosta sədaqəti, verilən tapşırıqları düzgün, vaxtında yerinə yetirməsi onu əsgər və zabitlərin sevimlisi edib . Çox keçmir ki, hərbi xidmət onun üçün həyat və kişilik məktəbinə çevrilib. Uşaqlıqdan idmana olan həvəsi Bəhruzu daha mətin, qürurlu göstərib. Qatıldığı təlimlər zamanı ən ağır sınaqlardan uğurla çıxmaqda həm də, idmana göstərdiyi maraq onun köməyinə gəlib. Mükəmməl idmançı olaraq dəfələrlə rastına çıxan dığalara öz yerini göstərə bilib. Məqamı gələndə döyüş meydanında yağıya qalib gəlmək məqsədilə böyük səylə hərbi biliklərə yiyələnib, silahların sirlərini öyrənib.
Əsgəri xidməti üzüağ başa vuran Bəhruz 2017-ci ildə evə qayıdıb və idmanlı günlərini davam edib. Vətənini düşünməklə, düşməndən alacağı qisas gününü gözləyib. İdmanda öz üzərində ciddi çalışmaqla sevindirici uğurlar qazanıb. Müxtəlif çəki dərəcələri üzrə Respublika çempionatlarında iştirak edib, diplomlara layiq görülüb. Qaydasız döyüş növü üzrə yaxşı idmançı kimi tanınıb. Eləcə idmana həvəsi olan uşaqlara bu qədim döyüş növünün sirlərini öyrədib. Bəhruz 2019-cu ildə Bakıda keçirilən qaydasız döyüş növü üzrə Respublika çempionatında birinci yeri tutmaqla “qara kəmər” ustası adını alıb. Hər nə edibsə, qoynunda göz açdığı torpağı qürurla dünyaya göstərmək naminə olub.
2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda Bəhruz döyüşə yollanıb. O, ilik dəfə Füzuli istiqamətində düşmənə zərbə vurub. Nəticədə dığalar ağır itki verərək, geri çəkilib. Daha sonra Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda döyüşlərdə göstərdiyi qəhrəmanlıqla düşmən çətin vəziyyətə düşüb, silah-sursatını və digər hərbi vasitələrini atıb, geri çəkilməyə məcbur olub. Həmçinin Bəhruz neçə-neçə yaralı yoldaşını döyüş meydanından çıxarıb.
Oktyabrın 19-u qəhrəman Vətən sevdalısı növbəti və son şücaətini göstərib. Yaralı döyüş yoldaşının silahını götürərək təkbaşına ölüm-dirim savaşına girib. Və düşmənin xeyli qüvvəsini məhv edib. Bu vaxt özü də snayper gülləsinə tuş gəlib. Doğulduğu Balakənd kəndində canından artıq sevdiyi torpağın sinəsinə baş qoyan Bəhruz Əhmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Cəbrayılın, Qubadlının azadlığına görə medalları ilə təltif olunub.
Bəli, Bəhruz canını Vətənə qurban verdiyi üçün ürəklərdə yaşamaqla ömür yolu qərinələrə bərabərdir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü