28 oktyabr 2026 00:49
88

2026-cı ilin doqquz ayında Azərbaycan ərazisindən tranzit daşımaların həcmi 12 milyon tonu ötüb

Bu son beş ilin rekord göstəricisidir

Azərbaycanın dövlət büdcəsinə gəlir gətirən sahədərdən biri də ölkəmizin  beynəlxalq tranzit və loqistika mərkəzinə çevrilməsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan tranzit siyasətini məhz indiki geosiyasi dəyişikliklərdən əvvəl formalaşdırmağa başlayıb. Dövlət başçısının fikrincə, ölkəmiz təchizat zəncirlərindəki dəyişiklikləri əvvəlcədən proqnozlaşdırmaq mümkün olmadığı bir dövrdə belə, respublika ərazisindən keçən multimodal daşımaların cəlbediciliyini artırmaq məqsədilə fiziki və inzibati mühitin yaradılmasını qarşıya mühüm vəzifə kimi qoyub.

Çağdaş tranzit və logistikanın səmərəliliyi isə təkcə yolların, limanların və dəmir yolu xətlərinin mövcudluğu ilə ölçülmür. Eyni zamanda, infrastrukturun fiziki imkanları qədər onun idarə olunması, yük haqqında məlumatların operativ mübadiləsi, gömrük prosedurlarının sürəti və inzibati qaydaların şəffaflığı kimi prioritet istiqamətlər də daim diqqətdə saxlanılır. Ölkəmizin nəqliyyat sahəsində idarəetmə, rəqəmsallaşma və gömrük idarəçiliyinə xüsusi diqqət yetirilməsi bu baxımdan təsadüfi deyil. Çünki beynəlxalq yükdaşımalarda vaxt itkisi və inzibati maneələr logistika xərclərini artıran əsas amillərdəndir. Yükün sərhəddə uzun müddət saxlanılması, sənədlərin təkrar təqdim olunması, müxtəlif dövlət qurumları arasında məlumat mübadiləsinin zəif aparılması və prosedurların qeyri-müəyyənliyi marşrutun rəqabət qabiliyyətinə mənfi təsir göstərir.

Respublikamızın nəqliyyat-logistika sektorunun inkişafı qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi baxımından da strateji əhəmiyyət daşıyır. Belə ki, uzun illər ölkə iqtisadiyyatının əsas gəlir mənbələrindən biri enerji sektoru olub. Lakin son dövrlərdə qeyri-neft sənayesinin, kənd təsərrüfatının, turizmin, xidmət sektorunun və ixrac potensialının genişləndirilməsi iqtisadi siyasətin mühüm istiqamətlərinə çevrilib. İndi  nəqliyyat və logistika bu sahələr arasında əlaqələndirici rol oynayır. Çünki istehsal olunan məhsulun daxili və xarici bazarlara çatdırılması üçün səmərəli nəqliyyat sistemi zəruridir. Tranzit imkanlarının genişlənməsi isə yerli sahibkarların da beynəlxalq bazarlara çıxışını asanlaşdırır. Logistika xərclərinin azaldılması, daşınma müddətinin qısaldılması və ixrac marşrutlarının şaxələndirilməsi qeyri-neft məhsullarının rəqabət qabiliyyətinə müsbət təsir göstərir.

Həmçinin  nəqliyyat infrastrukturu ətrafında formalaşan iqtisadi fəallıq regionların inkişafına da böyük töhfə verir. Yəni, limanlar, logistika mərkəzləri, anbar kompleksləri və nəqliyyat qovşaqları ətrafında xidmət müəssisələrinin yaradılması ilə yeni məşğulluq imkanları formalaşır. Bununla da  tranzit sektorunun inkişafı təkcə daşınan yüklərin həcminin artırılması deyil, həm də iqtisadiyyatın strukturunda xidmətlərin payının yüksəldilməsi, yeni sahibkarlıq fəaliyyətlərinin təşviq edilməsi və ölkənin ixrac imkanlarının genişləndirilməsi deməkdir. Bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatından da aydın görünür.Məlumatda qeyd edilir ki, Şərq – Qərb və Şimal – Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, eləcə də nəqliyyat infrastrukturunun modernləşdirilməsi nəticəsində 2026-cı ilin yanvar-sentyabr aylarında ölkə ərazisindən tranzit daşımaların həcmi 12 milyon tonu ötərək son 5 ilin rekord səviyyəsinə yüksəlib. Eyni zamanda, tranzit daşımaların həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artdığı, çoxalmanın Şərq – Qərb istiqamətində 20,2 faiz, Şimal – Cənub istiqamətində isə 19 faiz olduğu bildirilir. Bu müsbət dinamika Bakı Beynəlxalq Dəniz Limanının fəaliyyətində də qeydə alınıb. Belə ki, cari ilin 9 ayında konteyner aşırmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz artaraq 100 min TEU-ya, quru yük aşırmaları isə 71 faiz artaraq 1,73 milyon tona yüksəlib.

Orta Dəhlizin əsas komponentlərindən olan Bakı – Tbilisi – Qars dəmir yolu xətti modernləşdirilib və onun illik yükötürmə qabiliyyəti 5 milyon tona çatdırılıb. Bakı Beynəlxalq Dəniz Limanının infrastrukturu da genişləndirilib. Limanın illik konteyner aşırma gücü 100 min TEU-dan (TEU «iyirmi futluq ekvivalent vahid» deməkdir.) 160 min TEU-ya yüksəldilib. Əməliyyatların koordinasiyasının təkmilləşdirilməsi nəticəsində gəmilərin emal müddəti, təxminən, 20 saatdan 4-5 saata endirilib. Bu gün limanın illik yükaşırma gücü 15 milyon ton təşkil edir. Genişləndirmə layihəsi çərçivəsində bu göstəricinin 25 milyon tona, konteyner aşırma gücünün isə 500 min TEU-ya çatdırılması nəzərdə tutulur.

Bir sözlə, bu gün Azərbaycanın tranzit xəritəsində mövqeyinin güclənməsi təkcə nəqliyyat sahəsinin inkişafı deyil, həm də ölkənin iqtisadi təhlükəsizliyinin, beynəlxalq bağlantılarının və uzunmüddətli inkişaf perspektivlərinin möhkəmləndirilməsi baxımından mühüm strateji əhəmiyyət daşıyır.

Elçin Zaman, «İki sahil»