28 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının “Heydər Əliyev prospekti 20” (YAP Kürdəmir rayon təşkilatı) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, “Heydər Əliyev prospekti 20” ərazi partiya təşkilatının sədri, YAP Kürdəmir rayon təşkilatının məsləhətçisi Məhəmməd Heydərli, rayon təşkilatının əməkdaşları, VIII Qurultayın nümayəndələri, partiya fəalları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrdən bəhs edilib. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş tarixi Zəfərin ölkəmizin inkişafında yaratdığı yeni reallıqları diqqətə çatdırıb. Eyni zamanda, ideoloji təhlükəsizliyin möhkəmləndirilməsinin, milli-mənəvi dəyərlərin qorunmasının, dövlətçilik prinsiplərinin təbliğinin və ərazi partiya təşkilatlarının ideoloji maarifləndirmə istiqamətində fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. VIII Qurultayın nəticələrinin əhəmiyyətindən danışaraq qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsində ərazi partiya təşkilatlarının fəal iştirakının vacibliyini qeyd edib.
Tədbirdə çıxış edən “Heydər Əliyev prospekti 20” ərazi partiya təşkilatının sədri Məhəmməd Heydərli Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, ölkəmizin əldə etdiyi nailiyyətlərin qorunması və yeni uğurların qazanılması hər bir vətəndaşdan məsuliyyətli mövqe və fəal iştirak tələb edir.
Tədbirdə çıxış edən Qurultay nümayəndəsi, şəhid anası Simuzər Bağıyeva VIII Qurultayın Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr müəyyənləşdirdiyini, Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlərin partiyanın gələcək fəaliyyətinin əsas istiqamətlərini əhatə etdiyini bildirib.
Sonda VIII Qurultayın qərarlarından irəli gələn vəzifələrin yerli səviyyədə həyata keçirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.