İdmanda uğur yalnız qazanılan medallar və əldə olunan nəticələrlə deyil, həm də bu nəticələrə hansı prinsiplər əsasında nail olunması ilə ölçülür. Dürüstlük, ədalətli rəqabət, sağlamlığın qorunması və şəxsi məsuliyyət təmiz idmanın əsas dəyərlərini təşkil edir. Bu prinsiplərin gənc idmançılara erkən yaşlardan aşılanması, antidopinq qaydaları barədə məlumatlılığın artırılması və riskli qərarların qarşısının alınması idman mühitində sağlam rəqabət mədəniyyətinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Müasir dövrdə antidopinq maarifləndirilməsi yalnız qadağan olunmuş maddə və üsullar barədə məlumat verməklə məhdudlaşmır. Dərman vasitələrinin və bioloji aktiv qida əlavələrinin düzgün seçilməsi, sosial şəbəkələrdə yayılan məhsul reklamlarının yaratdığı risklərin qiymətləndirilməsi, məşqçilərin və valideynlərin bu sahədə məlumatlılığının artırılması da diqqət tələb edən məsələlərdəndir. Bu baxımdan, gənc idmançıların düzgün qərarvermə bacarıqlarının inkişaf etdirilməsi və təmiz idman dəyərlərinin gündəlik idman fəaliyyətinin ayrılmaz hissəsinə çevrilməsi mühüm vəzifələrdən biridir.
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) maarifləndirmə təşəbbüsləri, gənc idmançıların antidopinq qaydaları barədə məlumatlandırılması, məşqçi və valideynlərin bu prosesdə rolu, eləcə də beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi barədə “Caspianinfo”nun suallarını Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Elm, tibb və təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, gənc alim və elm üzrə Prezident mükafatçısı Səmra Mirzəyeva cavablandırıb.

- Son illərdə gənc idmançılar arasında antidopinq biliklərinin artırılması istiqamətində hansı əsas layihələr həyata keçirilir və onların effektivliyi necə qiymətləndirilir?
- Son illərdə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) antidopinq üzrə maarifləndirmə fəaliyyətini yalnız profilaktik məlumatlandırma tədbirləri ilə məhdudlaşdırmayaraq, təmiz idman dəyərlərinə əsaslanan antidopinq təhsili və müxtəlif hədəf qruplarının - idmançıların, idmançı köməkçi heyətinin (İKH) və idman federasiyalarının rəhbər şəxslərinin bu prosesə cəlb olunmasını nəzərdə tutan daha kompleks və sistemli yanaşma əsasında həyata keçirir. Bu yanaşma AMADA-nın missiyası - Azərbaycanda təmiz və əadlətli idmanının və idmançıların sağlamlığının qorunması ilə birbaşa əlaqəlidir. Agentliyin fəaliyyətində təhsil və idmançı sağlamlığı məsələləri dopinqlə mübarizənin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
Bu istiqamətdə həyata keçirilən əsas təşəbbüslərdən biri 2026-cı ilin iyun ayında baş tutan “Antidopinq sahəsində sertifikatlı təlimçilərin hazırlanması”- təlimçilərin təlimi (ToT) proqramıdır. Proqramın əsas məqsədi antidopinq sahəsində biliyə malik yerli təlimçi potensialının formalaşdırılması və bu biliklərin idman federasiyaları daxilində daha geniş auditoriyalara çatdırılmasıdır. Proqram çərçivəsində iştirakçılara antidopinq qanunvericiliyi və qaydaları, dopinq nəzarəti prosesi, tibbi aspektlər, təlim metodikası və psixoloji yanaşmalar üzrə biliklər verilib. Proqramın mühüm üstünlüklərindən biri ondan ibarətdir ki, hazırlanmış təlimçilər sonrakı mərhələdə öz federasiyalarında AMADA-nın əlaqələndirici şəxsləri - Contact Point-lər kimi fəaliyyət göstərərək Təmiz İdman maarifləndirilməsinin davamlılığını təmin edəcəklər.
Digər mühüm istiqamət “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlərdir. Bu istiqamətdə AMADA Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində il ərzində müxtəlif idman federasiyalarında müxtəlif hədəf qruplarına – idmançılar, məşqçilər, idmançı köməkçi heyəti və digər aidiyyəti şəxslərə – narkotik və psixoaktiv maddələrin yaratdığı risklər, onların sağlamlığa təsiri və bu risklərdən qorunma yolları ilə bağlı mütəmadi maarifləndirmə seminarları təşkil olunur. 2025-ci ildə bu əməkdaşlığın nümunəsi olaraq, AMADA-nın təşkilatçılığı ilə “Qadağan olunmuş maddələrlə mübarizədə qurumlararası əməkdaşlığın perspektivləri” mövzusunda qapalı dəyirmi masa keçirilib. Tədbirdə qadağan olunmuş maddələrlə mübarizədə məlumat və təhqiqat mübadiləsinin, risklərin idarə edilməsinin və dövlət qurumları ilə antidopinq təsisatları arasında koordinasiyanın gücləndirilməsi məsələləri müzakirə olunub.
Bununla yanaşı, AMADA-nın Elm, Təhsil və Təlim şöbəsinin illik fəaliyyət planı çərçivəsində il ərzində müxtəlif formatlarda maarifləndirici tədbirlər - seminarlar, vebinarlar, görüşlər, təqdimatlar və təbliğat fəaliyyətləri həyata keçirilir. Bu formatların müxtəlifliyi xüsusilə gənc idmançıların fərqli ehtiyaclarına uyğun maarifləndirmə imkanları yaradır. Beləliklə, antidopinq təhsili yalnız auditoriyada keçirilən ənənəvi təlimlərlə məhdudlaşmır, rəqəmsal və birbaşa ünsiyyət formatlarını da əhatə edir.

- Təcrübə göstərir ki, bəzi antidopinq qayda pozuntuları qəsdən deyil, məlumatsızlıq səbəbindən baş verir. Gənc idmançıların bu risklərdən qorunması üçün hansı maarifləndirmə mexanizmləri tətbiq olunur?
- Bəli, antidopinq qaydalarının mürəkkəbliyi və xüsusilə dərman vasitələri, bioloji aktiv qida əlavələri (BAQM), Qadağan edilmiş Maddələr və üsullar Siyahısı (Prohibited List) və Terapevtik İstifadə üçün İstisnalar (Tİİ) ilə bağlı kifayət qədər məlumatlı olmaması idmançı üçün ciddi risk yarada bilər. Bu baxımdan, AMADA-nın yanaşması yalnız antidopinq qayda pozuntuları baş verdikdən sonra müvafiq tədbirlərin görülməsi ilə məhdudlaşmır, əsas prioritet qayda pozuntularının preventiv tədbirlər vasitəsilə qarşısının alınması, idmançıların antidopinq qaydaları üzrə məlumatlılığının artırılması və onların düzgün, məsuliyyətli qərarlar qəbul etmək bacarıqlarının formalaşdırılmasıdır. Bu məqsədlə maarifləndirmə proqramları idmançıların yaşına, məlumatlılıq səviyyəsinə, idman növünə və s. ehtiyaclarına uyğunlaşdırılır. AMADA-nın antidopinq təhsil proqramı çərçivəsində idmançılara onların hüquq və öhdəlikləri, antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, Qadağan edilmiş Siyahı, dopinqin sağlamlığa təsirləri, BAQM və Tİİ kimi praktiki əhəmiyyət daşıyan mövzular izah olunur.
Maarifləndirməni yalnız ənənəvi seminarlarla məhdudlaşdırmırıq. Seminarlar, interaktiv görüşlər, vebinarlar, təbliğat (outreach) tədbirləri, onlayn təhsil resursları, beynəlxaql konfrans, dəyirmi masa və s. kimi müxtəlif mexanizmlərdən istifadə olunur. Burada mühüm məsələlərdən biri də “dərman qəbul etməzdən əvvəl yoxlama” vərdişinin formalaşdırılmasıdır. İdmançı bilməlidir ki, reseptsiz satılan və ya gündəlik həyatda geniş istifadə olunan hər hansı dərman vasitəsinin və ya BAQM-ın idmançı üçün zərəsiz olduğunu düşünmək olmaz. Qadağan edilmiş maddə və üsulların siyahısı hər il yenilənir və müəyyən maddələr yarış zamanı, digərləri isə hər zaman qadağan edilə bilər. Buna görə idmançı hər hansı preparatı qəbul etməzdən əvvəl onun antidopinq statusunu araşdırmalı, zərurət olduqda həkim və AMADA ilə məsləhətləşməlidir.
Eyni zamanda, Tİİ prosesi barədə məlumatlandırma xüsusi əhəmiyyət daşıyır. İdmançının müalicəsi üçün tibbi baxımdan zəruri olan dərman və ya üsul Qadağan edilmiş Siyahıda yer alırsa, müəyyən edilmiş meyar və prosedurlara uyğun olaraq Tİİ almaq mümkün ola bilər. Bu proses barədə idmançı, onun həkimi və idmançı köməkçi heyəti əvvəlcədən məlumatlı olmalıdır. Nəticə etibarilə, AMADA-nın məqsədi yalnız idmançıya qadağan olunmuş maddə və üsullardan uzaq durmağı tövsiyə etmək deyil, riskləri əvvəlcədən müəyyənləşdirmək, düzgün mənbələrə müraciət etmək və məlumatlı qərar qəbul etmək bacarığını formalaşdırmaqdır. Bu səbəbdən preventiv və dəyərlərə əsaslanan təhsil AMADA-nın antidopinq fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.
- Antidopinq təhsilinin idman məktəblərində və uşaq-gənclər idman müəssisələrində sistemli şəkildə təşkili nə dərəcədə vacibdir? Bu istiqamətdə hansı yeniliklər planlaşdırılır?

- Antidopinq təhsilinin idman məktəblərində və uşaq-gənclər idman müəssisələrində sistemli şəkildə təşkili, fikrimizcə, Təmiz İdman mədəniyyətinin uzunmüddətli və dayanıqlı şəkildə formalaşdırılması baxımından fundamental əhəmiyyət daşıyır. Çünki antidopinq maarifləndirilməsinə yalnız idmançının yüksək səviyyəli yerli və beynəlxalq yarışlara hazırlaşdığı mərhələdə başlamaq kifayət deyil. Dürüstlük, ədalətli rəqabət, məsuliyyət, özünə və rəqibə hörmət kimi dəyərlər məhz idmanın ilkin mərhələlərindən formalaşdırılmalıdır.
AMADA-nın təhsil strategiyasında uşaq, yeniyetmə və gənclər arasında dəyərlərə əsaslanan təhsil xüsusi yer tutur. Bu yanaşma yalnız qadağan edilmiş maddə və üsullar haqqında məlumat verməyi deyil, gənc idmançıların etik davranış, şəxsi dəyərlər və düzgün qərarvermə bacarıqlarının inkişaf etdirilməsini nəzərdə tutur. Belə ki, Agentliyin təhsil və təlim proqramları çərçivəsində gənc və azyaşlı idmançılar, idman məktəblərinin şagirdləri, idman klublarının üzvləri, regionlarda fəaliyyət göstərən idman mərkəzlərində, eləcə də onların məşqçiləri, həkimləri və digər idmançı köməkçi heyəti hədəf qrupları kimi müəyyənləşdirilib.
2027-ci il qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Təhsil Standartının tələbləri təhsil proqramlarının idman sisteminin ehtiyaclarına uyğun planlaşdırılmasını, risk qruplarının müəyyənləşdirilməsini, dəyərlərə əsaslanan (value based) və təmiz idman davranışlarını əhatə edən kurikulumların hazırlanmasını, müxtəlif təhsil fəaliyyətlərinin tətbiqini və nəticələrin qiymətləndirilməsini nəzərdə tutur. Burada məşqçilərin və digər idmançı köməkçi heyətinin rolu da xüsusi əhəmiyyət daşıyır. Uşaq və yeniyetmə idmançının gündəlik idman mühitində ən çox ünsiyyətdə olduğu şəxslər məhz məşqçi, həkim və digər mütəxəssislərdir. Buna görə antidopinq təhsili yalnız uşağa yönəlməməli, onun ətrafında formalaşan bütün idman mühitini əhatə etməlidir.
- Gənc idmançıların formalaşmasında məşqçilər və valideynlər mühüm rol oynayırlar. Onların antidopinq sahəsində məlumatlılığının artırılması üçün hansı tədbirlər görülür?
- Məşqçi və valideynlər gənc idmançının gündəlik həyatında və idman inkişafında mühüm rol oynadıqları üçün onların antidopinq sahəsində məlumatlılığı da xüsusi əhəmiyyət daşıyır. Xüsusilə yeniyetmə və azyaşlı idmançılarla işləyərkən antidopinq təhsilinin yalnız idmançıya yönəldilməsi kifayət deyil. İdmançının ətrafında olan İKH-nin - məşqçinin, valideynin, həkimin və digər idmançı köməkçi heyətinin məlumatlı olması vacibdir. Bu yanaşma 2027-ci il Beynəlxalq Təhsil Standartında da öz əksini tapir, sənəddə məşqçilər, komanda heyəti, tibbi heyət və valideynlər/qəyyumlar təhsil prosesində nəzərə alınmalı hədəf qrupları sırasında göstərilir.

AMADA-nın təhsil proqramında bu məsələyə xüsusi yanaşılır. İdmançı köməkçi heyəti üçün xüsusi antidopinq təhsil proqramı çərçivəsində onların vəzifə və öhdəlikləri, antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, Qadağan edilmiş Siyahı, Terapevtik İstifadə üçün İstisnalar, məkan məlumatları və digər praktiki məsələlər izah olunur. Valideynlər üçün isə antidopinq qayda pozuntuları, Qadağan edilmiş Siyahı və valideyn üçün nəzərdə tutulmuş yaddaş materialları əsasında maarifləndirmə aparılır. Eyni zamanda, idman məktəblərində, klublarda və regionlarda geniş maarifləndirmə tədbirləri həyata keçirilir. Praktiki tədbirlər sırasında seminarlar, interaktiv görüşlər, maarifləndirici təqdimatlar və müxtəlif təbliğat proqramları mühüm yer tutur.
Məşqçilərin rolunu xüsusilə qeyd etmək istərdim. Gənc idmançı dərman, qida əlavəsi və ya hər hansı digər məhsulla bağlı qərar qəbul edərkən çox zaman ilk növbədə məşqçisinə müraciət edir. Buna görə məşqçi özü də “bu məhsul təhlükəsizdirmi?”, “Qadağan edilmiş Siyahıda varmı?”, “Tİİ tələb olunurmu?” kimi suallara düzgün istiqamət vermək üçün kifayət qədər antidopinq biliyinə malik olmalıdır. Bu səbəbdən AMADA-nın “Antidopinq sahəsində sertifikatlı təlimçilərin hazırlanması” proqramı da xüsusi əhəmiyyət daşıyır. Məqsəd antidopinq biliklərinin federasiyalar daxilində davamlı şəkildə yayılmasına imkan verən yerli təlimçi potensialının yaradılmasıdır.
Valideynlərin maarifləndirilməsi də eyni dərəcədə vacibdir. Xüsusilə azyaşlı idmançıların istifadə etdiyi dərman və qida əlavələrinin seçilməsi zamanı valideynlər məlumatlı qərar qəbul etməlidirlər. Bu baxımdan valideyn bilməlidir ki, “reseptsiz satılır”, “təbii məhsuldur” və ya “idman üçün nəzərdə tutulub” ifadələri həmin məhsulun antidopinq baxımından avtomatik təhlükəsiz olması demək deyil. Zərurət yarandıqda preparatın tərkibi və antidopinq statusu mütləq yoxlanılmalıdır.
- Sosial şəbəkələrdə reklam olunan, mənşəyi və tərkibi məlum olmayan qida əlavələri gənclər üçün ciddi risk yaradır. Bu təhlükənin qarşısının alınması üçün Agentlik hansı maarifləndirici fəaliyyət həyata keçirir?
- Bu, son illərdə antidopinq sahəsində xüsusi diqqət yetirdiyimiz istiqamətlərdən biridir. Xüsusilə sosial şəbəkələrdə və onlayn platformalarda reklam olunan, tərkibi və istehsal mənbəyi barədə kifayət qədər etibarlı məlumat olmayan BAQM-bioloji aktiv qida əlavələri idmançılar, xüsusilə də gənc idmançılar üçün həm sağlamlıq, həm də dopinq baxımından ciddi risklər yarada bilər. AMADA-nın maarifləndirmə proqramında da qida əlavələri ayrıca mövzu kimi təqdim olunur.

Burada əsas məsələ ondan ibarətdir ki, qida əlavəsinin üzərində “təbii”, “idmançılar üçün”, “enerji artırıcı” və ya “əzələ kütləsinin artımına kömək edir” kimi ifadələrin olması onun dopinq baxımından təhlükəsizliyinə zəmanət vermir. Bəzi məhsullarda etiketdə göstərilməyən və ya tərkibində düzgün bəyan edilməyən qadağan olunmuş maddələrin mövcudluğu mümkündür. 2027-ci il qüvvəyə minəcək WADA- Məcəlləsidə çirklənmiş və ya yanlış etiketlənmiş qida əlavələrinin idmançı üçün ciddi risk yaratdığı xüsusi olaraq vurğulanır.
İdmançı hər hansı qida əlavəsini istifadə etməzdən əvvəl onun tərkibini, istehsalçısını, mənşəyini və etibarlılığını araşdırmalı, mümkün dopinq risklərini qiymətləndirməli və zərurət olduqda mütəxəssislə və ya AMADA ilə məsləhətləşməlidir. Maarifləndirmə zamanı idmançılara xüsusilə izah edirik ki, sosial şəbəkədə məşhur idmançının və ya influencerin müəyyən məhsulu tövsiyə etməsi həmin məhsulun təhlükəsizliyinin elmi və ya dopinq baxımından təsdiqi demək deyil. Reklam xarakterli məlumatla elmi əsaslandırılmış məlumat arasında fərq qoymaq gənc idmançının formalaşdırmalı olduğu mühüm bacarıqlardan biridir.
Bu istiqamətdə seminarlar, interaktiv görüşlər, vebinarlar və digər maarifləndirici tədbirlər vasitəsilə BAQM-ların potensial riskləri, etiket məlumatlarının düzgün oxunması, məhsulun mənşəyinin araşdırılması və qadağan olunmuş maddələrlə mümkün çirklənmə riski barədə məlumat verilir. AMADA-nın idmançılar üçün maarifləndirmə resurslarında da BAQM-lar ayrıca təhsil mövzusu kimi təqdim olunur. Eyni zamanda, məşqçilərin, həkimlərin, dietoloqların və digər İKH üzvlərinin də BAQM ilə bağlı risklər barədə məlumatlı olması vacibdir. Çünki gənc idmançı məhsul seçərkən çox zaman məhz bu şəxslərin məsləhətinə müraciət edir.
Digər mühüm məsələ BAQM-ların qadağan edilmiş siyahı ilə əlaqəsinin düzgün başa düşülməsidir. Qadağan edilmiş Siyahı hər il yenilənir və müəyyən maddələr hər zaman, digərləri isə yalnız yarış müddətində qadağan edilə bilər. Buna görə idmançı yalnız məhsulun kommersiya adına deyil, onun tərkibində olan kimyəvi maddələrə, həmçinin əsas və köməçi maddələrə diqqət yetirməlidir.

- "Təmiz idman" anlayışının yalnız dopinqdən uzaq olmaq deyil, həm də idman etikası və dürüst rəqabət prinsiplərini ifadə etməsi gənclərə necə aşılanır?
- “Təmiz idman” anlayışını idmançıya yalnız “qadağan edilmiş maddə və üsullardan istifadə etməmək” kimi təqdim etmək kifayət deyil. Müasir antidopinq təhsilinin əsas məqsədlərindən biri gənclərdə idmanın fundamental dəyərlərinə əsaslanan düzgün davranış və etik qərarvermə mədəniyyətinin formalaşdırılmasıdır. Buraya dürüstlük, ədalət, məsuliyyət, hörmət, komanda ruhu və rəqibə münasibət kimi prinsiplər daxildir.
AMADA-nın təhsil fəaliyyəti də sadəcə antidopinq məlumatlılığının artırılması ilə məhdudlaşmır. İdmançıya izah olunur ki, idmanda uğurun əsas dəyəri yalnız nəticədə deyil, həmin nəticənin təmiz yolla əldə edilməsindədir. Medal qazanmaq əlbəttə ki, mühümdür, lakin bu nəticənin dürüst rəqabət, şəxsi zəhmət və təmiz idman prinsiplərinə sadiqlik əsasında əldə edilməsi Təmiz İdmanın mahiyyətini təşkil edir. Bu dəyərlərin erkən yaşlardan formalaşdırılması xüsusilə vacibdir. Çünki gənc idmançı gələcəkdə yalnız dopinq riski ilə deyil, müxtəlif etik seçimlərlə də qarşılaşa bilər: qaydaları pozaraq üstünlük əldə etmək, rəqibə qarşı ədalətsiz davranmaq, yarış nəticəsinə müdaxilə etmək, qadağan edilmiş və ya mənşəyi məlum olmayan məhsuldan istifadə etmək və s. Antidopinq təhsilinin məqsədi belə vəziyyətlərdə idmançının düzgün seçim etmək üçün daxili məsuliyyət və dəyər sistemi formalaşdırmasına kömək etməkdir.
Eyni zamanda, Təmiz İdman mədəniyyəti cəzalandırma qorxusu üzərində deyil, şəxsi məsuliyyət üzərində qurulmalıdır. Gənc idmançıya “dopinqdən istifadə etsəm, cəza alaram” düşüncəsindən daha “mən bunu etməməliyəm, çünki bu, mənim sağlamlığıma, idman ədalətinə və öz dəyərlərimə ziddir” yanaşması təbliğ edilməlidir. 2027-ci il Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Təhsil Standartı ilə bağlı yanaşmalar da antidopinq təhsilinin dəyərlər və davranışların formalaşdırılması istiqamətində inkişaf etdirilməsinin əhəmiyyətini göstərir. Bu baxımdan, gələcək təhsil proqramlarında yaş qruplarına uyğunlaşdırılmış vizual materialların, praktiki situasiyaların, interaktiv tapşırıqların və qərarvermə məşqlərinin daha geniş tətbiqi xüsusilə əhəmiyyətlidir.
- Beynəlxalq antidopinq təşkilatlarının təcrübəsindən Azərbaycanda gənclərlə iş sahəsində hansı uğurlu modellər tətbiq edilir və ya tətbiqi nəzərdə tutulur?
- Beynəlxalq təcrübə göstərir ki, müasir antidopinq təhsili yalnız qaydalar haqqında məlumat verməkdən ibarət deyil. Əsas məqsəd gənc idmançının Təmiz İdman dəyərlərini mənimsəməsi, riskləri əvvəlcədən müəyyənləşdirməsi və real situasiyalarda düzgün qərar qəbul edə bilməsi üçün davamlı təhsil mühiti yaratmaqdır. WADA-nın İSE 2027 təhsil yanaşmasında da təhsil proqramlarının dəyərlərə əsaslanması, müxtəlif hədəf qruplarına uyğunlaşdırılması, idmançının inkişaf mərhələsinin nəzərə alınması və təhsilin nəticələrinin qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Bu baxımdan, Azərbaycanda tətbiq etdiyimiz yanaşmalardan biri “dəyərlərə əsaslanan təhsil” modelidir. Gənc idmançıya yalnız hansı maddənin qadağan olunduğunu öyrətmək əvəzinə, dürüstlük, ədalətli rəqabət, məsuliyyət, hörmət və sağlamlıq kimi dəyərlərin idman fəaliyyətindəki əhəmiyyəti izah edilir. Eyni zamanda, təhsil fəaliyyətlərinin yaş və inkişaf səviyyəsinə uyğunlaşdırılması nəzərdə tutulur. 2027-ci il Beynəlxalq Təhsil Standartının yanaşmasına əsasən, xüsusilə yetkinlik yaşına çatmayanlar üçün təhsil fəaliyyətləri onların inkişaf mərhələsinə uyğun təşkil edilməlidir.
Beynəlxalq təcrübədə geniş tətbiq olunan digər model rəqəmsal təhsil və ADEL platformasından istifadədir. WADA-nın ADEL platforması idmançılar və İKH üçün onlayn kurslar, vebinarlar, təlim materialları, yaddaş kartları və digər resurslar təqdim edir. Bu modelin üstünlüyü ondan ibarətdir ki, idmançı məlumatı yalnız bir seminar zamanı deyil, istənilən vaxt və öz ehtiyacına uyğun şəkildə əldə edə bilir. ADEL-də Azərbaycan dilində Beynəlxalq Səviyyəli İdmançılar üçün təhsil proqramının da mövcud olması bu resursların yerli istifadəçilər üçün əlçatanlığını artırır.
Daha bir mühüm beynəlxalq model yarışdan əvvəl antidopinq təhsilidir. WADA-nın 2027-ci il ISE yanaşmasına əsasən, xüsusilə beynəlxalq yarışlarda idmançı və idmançı köməkçi heyətinin yarışdan əvvəl antidopinq təhsili alması mühüm element kimi nəzərdə tutulur. WADA-nın IOC və digər tərəfdaşlarla əməkdaşlıq çərçivəsində konkret yarışlar üçün ADEL kursları hazırlaması bunun praktik nümunəsidir. Bu model Azərbaycanda da daha geniş tətbiq edilir.
Digər mühüm istiqamət “train-the-trainer” (ToT) təlimçilərin hazırlanması modelidir. AMADA-nın həyata keçirdiyi “Antidopinq sahəsində sertifikatlı təlimçilərin hazırlanması” proqramı məhz bu yanaşmanın yerli səviyyədə tətbiqinə nümunədir. Bu model vasitəsilə antidopinq bilikləri federasiyalar daxilində hazırlanmış təlimçilər vasitəsilə həmin biliklərin daha geniş və davamlı şəkildə yayılması təmin edilir. Beləliklə, beynəlxalq təcrübədə istifadə olunan “Global to Local” yanaşmasının milli səviyyədə daha dayanıqlı modelə çevrilməsi üçün imkan yaranır. WADA da təhsil imkanlarının qlobaldan yerli səviyyəyə çatdırılmasını və tərəfdaşların potensialının gücləndirilməsini əsas istiqamətlərdən biri kimi müəyyən edir.

- Sonda gənc idmançılara və peşəkar idman karyerasına yeni başlayanlara hansı əsas çağırışı etmək istərdiniz? Onlar uğura gedən yolda hansı prinsipləri heç vaxt unutmamalıdırlar?
- Gənc idmançılara əsas çağırışım budur: uğurun yalnız nəticə ilə deyil, həmin nəticəyə hansı yolla çatmağınızla ölçüldüyünü heç vaxt unutmayın. İdman karyerasının başlanğıcında əldə olunan hər bir nəticə, qazanılan hər bir medal və formalaşan hər bir vərdiş gələcək karyeranın təməlini yaradır. Bu səbəbdən Təmiz İdman prinsiplərinə sadiqlik karyeranın sonrakı mərhələsində deyil, məhz ilk addımlardan formalaşdırılmalıdır. İdmançı bilməlidir ki, dürüstlük, ədalətli rəqabət, məsuliyyət, sağlamlığın qorunması və qaydalara hörmət onun karyerasının ayrılmaz hissəsidir. Heç bir nəticə sağlamlığını və illərlə formalaşdırdığın reputasiyanı riskə atmağa dəyməz.
Eyni zamanda, müasir idmanda məlumatlı olmaq da bilavasitə idmançının məsuliyyətidir (Strict liability princip). Hər hansı dərman vasitəsini və ya BAQM-ı qəbul etməzdən əvvəl onun tərkibi və antidopinq baxımından statusu araşdırılmalı, şübhə yarandıqda mütəxəssisə müraciət edilməlidir. Xüsusilə sosial şəbəkələrdə yayılan reklamlara, influenserlərin tövsiyələrinə və mənşəyi məlum olmayan məhsullara kor-koranə etibar etmək olmaz. Tibbi ehtiyac yarandıqda isə idmançı müalicədən imtina etməməli, lakin müalicənin antidopinq qaydaları baxımından düzgün təşkil olunmasını təmin etməlidir. Həkimə idmançı statusu barədə məlumat vermək, zərurət yarandıqda Tİİ prosedurunu araşdırmaq və bu məsələlərdə AMADA-ya müraciət etmək düzgün yanaşmanın vacib elementləridir.
Gənc idmançılara həmçinin demək istərdim ki, kömək istəmək zəiflik deyil. Əksinə, düzgün mənbədən məlumat almaq, məşqçi, həkim və digər İKH üzvləri ilə məsləhətləşmək, şübhəli vəziyyətdə AMADA-ya müraciət etmək məsuliyyətli idmançı davranışıdır. Ən əsası isə, özünüzə belə bir sual verin: “Mən yalnız qalib gəlmək istəyirəm, yoxsa qazandığım qələbə ilə qürur duymaq istəyirəm?” Əgər cavab ikincidirsə, o zaman uğura aparan yolunuz da Təmiz İdman prinsipləri üzərində qurulmalıdır. Çünki əsl çempion yalnız nəticəsi ilə deyil, həmin nəticəyə gedən yolda nümayiş etdirdiyi xarakter, dürüstlük və məsuliyyətlə seçilir. Təmiz idmanla qazandığınız hər bir uğur yalnız bu gününüzü deyil, gələcək karyeranızı və Azərbaycan idmanının beynəlxalq nüfuzunu da formalaşdırır.
Caspianinfo.az