Azərbaycan həm də dünyəvi siyasətin tədbirlər formatında təşkilatçılarından biri olan dövlət kimi, ehtiramla, inamla əhatələndiyinə görə Bakı beynəlxalq tədbirlər şəhəri kimi tanınır. Dünyanı narahat edən problemlərin həllinə, elmi və texniki yeniliklərin tətbiqinin texnoloji imkanlarına, siyasi dialoqların təşkili və həyata keçirilməsi imkanlarına, ... həsr edilən tədbirlər mahiyyət baxımından bəşəri tədbirlər kimi tarixləşir. Oktyabrın 27-də Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da belə tərbirlərdən biri oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev forumda çıxışında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəniyyətlərarası münasibətlərin və digər əlaqədar məsələlərin həllində olduqca səmərəli və əhatəli platformalardan birinə çevrildiyini, multikulturalizm ənənələrinin, dini və etnik dözümlülüyün xalqımızın əsrlər boyu yaşatdığı meyarlardan olduğunu, azərbaycançılığın Azərbaycandakı bütün xalqları bir araya gətirdiyini, İkinci Qarabağ müharibəsində bütün etnik və dini qrupların birliyini, ədaləti müdafiə etmək və Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün vuruşduğunu, ... xatırladaraq dedi: “...bizim Azərbaycanda hər hansı daxili risklərimiz yoxdur. Bütün potensial risklər hüdudlarımızın kənarından gəlir. İdeoloji risklər isə fiziki risklər qədər təhlükəlidir. Buna görə biz hər zaman ayıq-sayıq olmalıyıq, özünəməxsusluğumuzun, dövlətçiliyimizin, müstəqilliyimizin və həyat tərzimizin qorunmasına çox sadiq olmalıyıq. Müstəqilliyin bu 35 ili ərzində ölkədə fərqli dövrlər olub, lakin biz hər zaman inanmışıq ki, öz məqsədlərimizə nail olacağıq. Həmin illərin əksər hissəsində əsas məqsədimiz ərazi bütövlüyümüzün bərpası, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi olub. Çoxlarınız bildiyi kimi, uzun illər ərzində aparılan danışıqlar heç bir nəticə vermədi. Əslində, danışıqlar forması elə qurulmuşdu ki, münaqişə həll olunmasın, əksinə dondurulsun. Görünür, əsas güclər bunun üzərində konsensusa gəlmişdilər, lakin onlar Azərbaycan xalqının nə düşündüyünü, Azərbaycan hökumətinin nəyi planlaşdırdığını səhv hesablamışdılar...”...
Dövlət başçımız yaxın tarixdən, Ermənistanın Azərbaycana ərazi iddiasının nəticələrindən, Ermənistanın elan edilmədən başladığı işğalçılıq müharibəsindən, Azərbaycanın apardığı ədalətli müharibədən, bu müharibənin davamı olan antiterror əməliyyatından, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasından, ... söz açaraq bildirdi ki, “Biz beynəlxalq hüququn normalarına uyğun olaraq ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik. Bundan sonra Ermənistana sülh təklif etdik. Bu da misli görünməmiş bir haldır. Müharibələrin tarixinə nəzər salsaq, yəqin ki, son qanlı toqquşmadan iki il belə keçməmiş ölkələrin sülhə nail olması nümunəsinə rast gəlmərik. Ötən ilin yayında paraflanmış sülh sazişinin layihəsini də biz hazırlamışdıq. Ermənistanla sülh sazişinin təşəbbüskarı biz olmuşuq. Çünki biz sonsuz müharibələr istəmirdik və qisas almaq niyyətində deyildik. Hərçənd hesab edirəm ki, emosiyalar da nəzərə alınmalıdır. Mən həmişə deyirəm ki, biz qisasımızı döyüş meydanında aldıq və bundan irəli getməməliyik. Əks təqdirdə, bu, sonsuz müharibəyə çevrilər”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə, 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi edəcəyini, Ermənistanla sülhün Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə paraflandığını, üçtərəfli Bəyannamə imzalandığını, ərazilərimizin işğaldan azad olunması ilə Azərbaycanın Cənubi Qafqazda müstəqil Cənubi Qafqaz ölkələrinin tarixində heç vaxt mövcud olmayan tamamilə yeni vəziyyət yaratmağa nail olduğunu, ... da xatırladaraq dedi ki, “...müharibələrin sonlandırılması ilə bağlı təcrübəmiz, hesab edirəm ki, diqqətlə nəzərdən keçirilməlidir. Bu mənzərəyə iqtisadi fəaliyyətimizi, təqribən ÜDM-in 5 faizindən bir az artıq olan çox aşağı xarici borcumuzu, - hansı ki, ən aşağı səviyyədədir, yəqin ki, dünyada olan ən aşağı borclardandır, - qlobal enerji bazarında enerjinin beynəlxalq bazarlara etibarlı təchizatçısı kimi rolumuzu, bağlantılarda, xüsusilə indi nəqliyyatda bağlantıların beynəlxalq gündəmdə ən əsas məsələlərdən biri olduğunu nəzərə alaraq oynadığımız rolu əlavə edə bilərik. Burada xəritəyə baxsanız, görərsiniz ki, Azərbaycandan yan keçmək çox çətindir. Xüsusilə xəritəyə infrastrukturu, sərmayələri, müasir infrastrukturu, üstəgəl siyasi infrastrukturu əlavə etdikdə. Çünki bağlantı istiqamətində hər hansı bir rola malik olmaq üçün sizin qonşularınızla və qonşularınızın qonşuları ilə yaxşı münasibətləriniz olmalıdır və bu da baş verdi. Beləliklə bizim iqtisadi potensialımız, fəal xarici siyasətimiz, inklüziv cəmiyyətimiz, multikulturalizm və mədəniyyətlərarası dialoq üzrə ənənələrimiz - bütün bunlar bizə nikbin baxmaq üçün bir sinerji yaradır. Lakin buna baxmayaraq, biz proqnozlaşdırılması çətin olan dünyada yaşayırıq. Harada ki, artıq qeyd etdiyim kimi münaqişələr başlayır və heç vaxt bitmir. Buna görə, sözsüz ki, biz həmişə potensial risklərə qarşı çox diqqətli olmalıyıq və özümüzü istənilən potensial mürəkkəbliklərdən qorumalıyıq. Əminəm ki, bu və bir çox digər mühüm məsələlər Forumda geniş müzakirə olunacaq...”...
Dövlət başçımızın müharibəyə başlamağın çox asan, onu bitirməyin çox çətin olduğunu xatırlatması dünyəvi diqqətin müasir müharibələrin sonlandırılması zərurətinə yönəldilməsi kimi qəbul edildi.
Bu forum, Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı bir gerçəkliyin ifadəsi oldu: Azərbaycan özünü beynəlxalq birliyin etibarlı və hörmətli bir üzvü kimi təqdim edə bilib.
Səbinə Xasayeva,
Milli Məclisin deputatı