28 oktyabr 2026 17:42
123

Qaradağ rayonunda YAP-ın VIII Qurultayının siyasi əhəmiyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Oktyabrın 28-də Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının Qızıldaş və Puta qəsəbələrində yerləşən ərazi partiya təşkilatlarının nümayəndələrinin iştirakı ilə Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Azərbaycan Prezidenti, YAP Sədri cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlərə həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri, partiyanın VIII Qurultayının nümayəndəsi İlqar İlyasov, ƏPT sədrləri, qəsəbədə yerləşən idarə və müəssisələrin rəhbərləri, partiya fəalları, veteranlar və qəsəbə ziyalıları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Müşavirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müşavirəni açan YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm tarixi hadisə olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqi ölkəmizin keçdiyi şərəfli yolun, əldə olunan tarixi Zəfərlərin və qarşıda duran strateji vəzifələrin aydın siyasi konsepsiyasını özündə əks etdirib. Bu qurultayın ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası ilk dəfə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi yeni reallıqda baş tutub. Bu, sadəcə olaraq, siyasi təqvimdə növbəti qurultay yox, böyük Zəfərdən sonra Azərbaycanın yeni inkişaf mərhələsinə keçidinin siyasi təcəssümüdür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin böyük nəticələrindən danışan İlqar İlyasov YAP-ın Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadığını vurğulayıb, partiya üzvlərinin qarşısında duran vəzifələrin məsuliyyətlə yerinə yetirilməsinin vacibliyini qeyd edib.

YAP rayon təşkilatının sədri Yeni Azərbaycan Partiyasının qarşısında duran əsas vəzifələr, partiya quruculuğu, ideya siyasi və təşkilati fəaliyyətin daha da gücləndirilməsi, üzvlərlə işin səmərəli qurulması, gənclərin və qadınların ictimai-siyasi proseslərdə fəal iştirakının təmin olunması, eləcə də Qaradağ rayon təşkilatının gələcək dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.

Müşavirədə çıxış edənlər – Qızıldaş qəsəbəsi, 16-cı küçə ünvanı üzrə ərazi partiya təşkilatının sədri, 180 №-li tam orta məktəbin direktoru Atakişi Cəfərov, Puta qəsəbəsi, 4 -cü Puta küçəsi ünvanı üzrə ərazi partiya təşkilatının sədri, 184 №-li tam orta məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən Müşfiq Məmmədov, partiya fəalı, 180 №li məktəbin müəllimi Əli Abbasov və digərləri bildiriblər ki, Prezident İlham Əliyevin nitqində vurğulandığı kimi, Azərbaycanın bugünkü uğurlarının təməlində Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və siyasi irsi dayanır. Yeni Azərbaycan Partiyasının yaradılması da məhz ölkəmizin ən ağır dövründə xalqın dövlətçilik iradəsinin və Heydər Əliyev siyasi kursuna inamının ifadəsi idi.

Qeyd ediblər ki, bu gün həmin siyasi xətt Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, iqtisadi gücünün artırılmasında, beynəlxalq mövqelərinin güclənməsində və nəhayət, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasında öz tarixi nəticəsini göstərib. 2020-ci ilin Zəfəri və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli anti-terror əməliyyatı suverenliyimizin tam bərpası Azərbaycan dövlətçiliyinin ən böyük nailiyyətlərindəndir. Bu uğurlar Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün, ordumuzun qüdrətinin və siyasi iradəmizin nəticəsidir. YAP-ın VIII qurultayında irəli sürülən vəzifələr hər bir partiya üzvünün fəallığının daha da artırılmasını tələb edir və YAP Qaradağ rayon təşkilatının fəalları bu işdə yaxından və tam məsuliyyətlə iştirak edəcəklər.