ABŞ Prezidenti Donald Trampın administrasiyası bir neçə aydır ki, Demokratların Konqresin ələ keçirilməsinə hazırlıq görür və proqramının əsas bəndlərini icra hakimiyyəti vasitəsilə daha da həyata keçirmək üçün planlar hazırlayır.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" Ağ Ev əməkdaşına və planlarla tanış olan iki mənbəyə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, ABŞ Prezidentinin daxili təhlükəsizlik üzrə müşaviri Stiven Miller və ABŞ İnzibati-Büdcə İdarəsinin direktoru Rassel Vout da daxil olmaqla, yüksək vəzifəli rəsmilər apreldən Ağ Evin Hüquq İdarəsi ilə əməkdaşlıq edirlər. Onlar Trampın Konqresin təsdiqi olmadan miqrasiya, gömrük tarifləri, mənzil qiymətləri və federal xərclərlə bağlı hansı qərarları qəbul edə biləcəyini araşdırırlar.
Agentliyin həmsöhbətləri bildiriblər ki, Ağ Evin hüquq müşaviri Uill Şarf və onun komandası Trampın qanun çərçivəsində müstəqil şəkildə hansı addımları ata biləcəyini, səlahiyyətlərinin sərhədlərini nə dərəcədə genişləndirə biləcəyini və bu qərarları məhkəmələrdə necə müdafiə edəcəyini öyrənirlər.
"Reuters" qeyd edir ki, demokratların Konqresə nəzarəti ələ keçirməsi onlara Trampa qarşı araşdırmalar aparmaq, qanun layihələrinin qəbuluna mane olmaq və onun xərcləmə prioritetlərini məhdudlaşdırmaq imkanı verəcək. Bununla belə, Tramp ticarət, xarici siyasət və federal aparatın idarə olunması sahələrində geniş icra hakimiyyəti səlahiyyətlərini qoruyub saxlayacaq.
Bundan əlavə, demokratların Konqresdə üstünlük əldə etməsi üçün həm Nümayəndələr Palatasında, həm də Senatda xalis dörd yer qazanması tələb olunur. Hazırda Nümayəndələr Palatasında respublikaçılar 218-214, Senatda isə 53-47 hesabı ilə öndədirlər.
Agentlik yazır ki, ictimai rəy sorğularına əsasən, demokratların Nümayəndələr Palatasında qələbə şansı var. Senatda isə vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır.
Mirzoyan: Bəyan edilən sülh regiondan kənardakı ölkələrə də real fayda gətirməlidir
Londonda ABŞ səfirliyi qarşısında keçirilən aksiyada 300-dən çox şəxs saxlanılıb