02 noyabr 2026 00:18
99

Tədqiqat: Pəhriz və fiziki məşqlər gənclərdə 2-ci tip diabetin remissiyasına kömək edib

Aşağı kalorili qidalanma və fiziki məşqlər proqramı 24 həftə ərzində gənc iştirakçıların 54 %-də 2-ci tip diabetin remissiyasına nail olmağa imkan verib. Standart müalicə alan nəzarət qrupunda isə bu göstərici təxminən 4 % təşkil edib.

“İki sahil” xəbər verir ki, tədqiqatın nəticələri "The Lancet Regional Health - Americas" elmi jurnalında dərc olunub.

Böyük Britaniya və Kanadada aparılan təsadüfi seçmə üsullu tədqiqatda 18-45 yaş arası, 2-ci tip diabet və piylənmədən əziyyət çəkən, insulin qəbul etməyən 96 nəfər iştirak edib. İştirakçıların orta yaşı 38 olub.

Onlardan 50-si intensiv proqramına cəlb edilib, qalan 46 nəfər isə standart müalicəni davam etdirib.

İntensiv proqramın ilk 12 həftəsində iştirakçılar gündəlik 800-900 kilokalorilik qidalanma rejiminə əməl edib, aerob və güc məşqləri ilə məşğul olublar. Həftədə iki məşq mütəxəssislərin nəzarəti altında, biri isə müstəqil şəkildə həyata keçirilib. Növbəti 12 həftə ərzində isə əldə olunan çəkinin qorunması və fiziki aktivliyin davam etdirilməsi nəzərdə tutulub.

Tədqiqatda remissiya qanda qlikohemoqlobinin (HbA1c) səviyyəsinin ən azı 12 həftə ərzində şəkərsalıcı dərmanlardan istifadə edilmədən 6,5 %-dən aşağı olması kimi müəyyən edilib.

Müşahidələrin sonunda intensiv proqramda iştirak edən 50 nəfərdən 27-si, standart müalicə alan 46 nəfərdən isə yalnız ikisi remissiyaya nail olub. Yekun nəticələri məlum olmayan iştirakçılar remissiyaya nail olmayanlar sırasına daxil edilib.

Bundan başqa, intensiv proqram iştirakçıları daha çox çəki itiriblər. Son çəkisi ölçülən şəxslər arasında orta çəki itkisi 8,4 kiloqram, müqayisə qrupunda isə 1,2 kiloqram təşkil edib.