03 noyabr 2026 10:58
99

ABŞ-də keçmiş seçkilərdə cinayət törətməkdə ittiham olunan 63 nəfərə qarşı iş qaldırılıb

ABŞ Ədliyyə Nazirliyi keçmiş federal seçkilərdə cinayət törətməkdə günahlandırılan 63 nəfərə qarşı ittiham irəli sürüb. Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə TASS məlumat yayıb.

"Bu gün Ədliyyə Nazirliyi ölkə üzrə qanunsuz səsvermə, seçici kimi dələduzluq yolu ilə qeydiyyatdan keçmə və seçki prosesi ilə bağlı digər cinayətlərlə əlaqədar 63 nəfərə, o cümlədən 4 qeyri-qanuni miqranta qarşı ittiham irəli sürüldüyünü elan edib", — deyə nazirliyin saytında yerləşdirilən mətbuat relizində bildirilir.

Dərc olunmuş məlumata əsasən, ittiham olunanların mütləq əksəriyyəti ölkədə qanuni əsaslarla yaşamalarına baxmayaraq, ABŞ vətəndaşı deyillər. Demək olar ki, onların hamısı əvvəllər seçkilərdə iştirak etmək üçün ABŞ vətəndaşlığının olması barədə bilərəkdən yalan məlumat verməyə cəhd ediblər və ya vətəndaşlıqlarının olmamasına baxmayaraq səs verməyə müvəffəq olublar. İrəli sürülmüş ittihamların böyük hissəsi 2024-cü ildə ABŞ-də keçirilən prezident seçkilərində iştirakla bağlıdır. Eyni zamanda, ittiham olunan qadınlardan biri vətəndaşlığı olmadan 2008-ci ildən beri 9 ümumi seçkidə, digər bir şəxs isə 2000-ci ildən bəri 12 seçkidə səs verməyi bacarıb.

Nazirlik bildirir ki, Donald Trampın 2025-ci ilin yanvarında ABŞ Prezidenti vəzifəsinin icrasına başlamasından bəri seçkilərdə cinayət törədilməsi ilə bağlı ümumilikdə 239 nəfərə qarşı ittiham irəli sürülüb.