03 noyabr 2026 13:44
126

BDYPİ xəbərdarlıq edir: Avtonəqliyyat vasitələrinin payız-qış mövsümünə hazırlığı mühüm şərtdir 

Qış fəsli yaxınlaşdıqca nəqliyyat vasitələrinin mövsümə uyğun təchizatına diqqət ayrılmalıdır. Təbii ki, qarlı, buzlu, sürüşkən yolda avtomobil idarə etmək çətin və təhlükəlidir. Belə şərtlər altında mənzil başına təhlükəsiz çatmaq isə  təcrübə ilə yanaşı, avtomobilin mövsümə uyğun təchizatından birbaşa aslıdır.

“İki sahil” xəbər verir ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması üçün nəqliyyat vasitələrinin sahibləri və sürücüləri payız-qış mövsümünə vaxtında hazırlaşmalıdır.

İlk növbədə avtonəqliyyat vasitələrinin şinlərinə diqqət yetirməlidir. Yəni, şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü minik avtomobillərində  1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır.

Bununla yanaşı, avtomobilin şüşə silgəcləri və şüşəyuyanları, eləcə də xarici işıq cihazları hər zaman işlək vəziyyətdə olmalıdır.

Mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə, bununla yanaşı avtomobilin zəncir və dartı kəndiri ilə təchiz olunmasını təmin etməlidir. Salonda istiliyin təmin edilməsi məqsədilə, müvafiq sistemə, xüsusilə filtirlərə vaxtında baxış keçirilməlidir.