04 noyabr 2026 22:25
157

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının qalibləri müəyyənləşib

Bakıda keçirilən yanğınsöndürmə-xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatında hücum nərdivanı ilə qalxma növü üzrə qaliblər və mükafatçılar bəlli olub.

“İki sahil” xəbər verir ki, çempionatın proqramına uyğun olaraq, kişilər arasında hücum nərdivanı ilə 4-cü mərtəbəyə qalxma növündə yarımfinal və final, qadınlar arasında isə 2-ci mərtəbəyə qalxma növündə final yarışları keçirilib.

Kişilərin mübarizəsində Rusiya təmsilçiləri ilk üç yeri tutublar. Dmitri Qrebenşikov qızıl, Zelimxan Kubayev gümüş, Stanislav Titorenko isə bürünc medal qazanıb.

Qadınlar arasında Rusiyanı təmsil edən Mariya Kataseva birinci yeri tutub. Belarus idmançısı Aleksandra Lasenkova gümüş, digər rusiyalı Yekaterina Sidorenko isə bürünc medala sahib çıxıb.

Qalib və mükafatçılara medalları Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian təqdim ediblər.

Mükafatlandırma mərasimində qalib ölkələrin dövlət himnləri səsləndirilib.