04 noyabr 2026 23:37
116

BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar

Özbəkistanın rəqəmsal texnologiyalar nazirinin birinci müavini Ayubxon Sultonov və ədliyyə nazirinin müavini Numon Məhəmmədiyev, Qırğız Respublikası Prezidentinin İşlər İdarəsinin rəis müavini Cunuşev Talantbek Asanaliyeviç, Gürcüstanın ədliyyə nazirinin müavini Lana Morqoşia, Venesuelanın elm və texnologiya nazirinin müavini Bernabe Melendes, Barbadosun dövlət xidməti və insan resurslarının inkişafı naziri Key MakKoni "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olublar.

“İki sahil” xəbər verir ki, qonaqlar Bakıda keçiriləcək "BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı" adlı beynəlxalq tədbirdə iştirak məqsədilə Azərbaycanda səfərdədirlər.

Onlar Bakıda keçiriləcək bu sammitin dövlət idarəçiliyinin təkmilləşdirilməsi, dövlət xidmətləri sahəsində vətəndaşlar üçün əlçatanlığının təmin edilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübələrin bölüşülməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN xidmət" modelinin intellektual məhsul kimi ixracı istiqamətində 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyini bildirib. Diqqətə çatdırılıb ki, BMT Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş "ASAN xidmət" konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və dörd qitədə təşviq edir.

Özbəkistanlı qonaqlar "ASAN xidmət" modeli əsasında ölkələrində xidmət mərkəzlərinin uğurla fəaliyyət göstərdiyindən məmnunluqlarını ifadə ediblər.

Qırğız tərəfi ilə keçirilən görüş zamanı "ASAN xidmət" təcrübəsinin paylaşılması ilə bağlı uğurlu əməkdaşlıq edildiyi vurğulanıb.

Gürcüstan tərəfi ilə süni intellekt həlləri ilə bağlı təcrübənin öyrənilməsi istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.

Venesuelanı və Barbadosu təmsil edən rəsmilər "ASAN xidmət" kimi qabaqcıl təcrübənin ölkələrində tətbiqinin dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və vətəndaş məmnunluğunun artırılmasına mühüm töhfə verə biləcəyini qeyd ediblər.

Qonaqlar "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, "Bilim Bakı" mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar.

Qeyd edək ki, sözügedən sammit noyabrın 5-6-da Bakıda keçiriləcək. Sammitdə dövlət idarəçiliyi sahəsində innovasiyalar, dövlət sektorunun transformasiyası, dövlət xidmətlərinin innovativ və inteqrasiya olunmuş qaydada göstərilməsi üçün çoxşaxəli yanaşmaların tətbiqi ilə bağlı Azərbaycanda həyata keçirilən islahatlar və "ASAN xidmət" ilə tanışlıq, habelə bu sahədə Cənub–Cənub, Şimal–Cənub və üçtərəfli əməkdaşlıq kimi mühüm mövzuların müzakirəsi nəzərdə tutulur.