04 noyabr 2026 23:44
164

Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

Avropa Komissiyası Avropa İttifaqının genişlənməsi ilə bağlı illik sənədlər paketini təqdim edib, namizəd ölkələrin son bir ildəki irəliləyişini qiymətləndirib və yaxın gələcək üçün islahat prioritetlərini müəyyən edib.

“İki sahil” xəbər verir ki, sənəd Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) saytında dərc olunub.

Sənəddə əsas diqqət islahatların həyata keçirilmə sürətinə, demokratiyanın möhkəmləndirilməsinə, qanunun aliliyinə və Avropa standartlarına uyğunluğa yönəldilib. Hesabat dövründə ən böyük irəliləyiş Monteneqro, Albaniya, Moldova və Ukraynada qeydə alınıb. Bu dörd ölkə üçün Aİ-yə üzvlük istiqamətində növbəti mərhələləri əhatə edən yol xəritələri hazırlanıb. Hesabatda namizəd ölkələrin Aİ-yə üzvlük perspektivləri belə qiymətləndirilib:

1. Monteneqro

Monteneqro Aİ-yə üzvlüyə ən yaxın ölkə və danışıqlarda lider hesab olunur.

Belə ki, Monteneqro danışıqları ilk başa çatdırmaq üçün ən əlverişli mövqedədir. İslahatların hazırkı tempi qorunarsa və Aİ ölkələri razılığa gələrsə, qalan danışıqlar fəsilləri 2026-cı ilin sonunadək ilkin olaraq bağlana bilər. Növbəti mərhələdə üzvlük haqqında müqavilənin hazırlanması və üzvlük şərtlərinin razılaşdırılması nəzərdə tutulur.

2. Albaniya

Albaniya da Aİ-yə inteqrasiya istiqamətində yüksək irəliləyiş tempi nümayiş etdirir. Ölkə hazırkı islahat sürətini qoruyacağı təqdirdə danışıqları 2027-ci ilədək başa çatdıra bilər. Əsas maneələr demokratik institutların möhkəmləndirilməsi, siyasi dialoqun inkişafı və islahatların keyfiyyətinin artırılmasıdır.

3. Moldova

Moldovanın Aİ-yə üzvlük danışıqlarını 2028-ci ilin əvvəlinədək başa çatdırmaq perspektivi var. Bunun üçün ölkə məhkəmə-hüquq sistemində və dövlət idarəçiliyində islahatları davam etdirməli, korrupsiyaya qarşı mübarizəni gücləndirməlidir. Növbəti mühüm mərhələ qalan danışıqlar klasterlərinin açılması və müvafiq meyarların yerinə yetirilməsidir.

4. Ukrayna

Ukrayna qalan danışıqlar klasterlərinin açılması üçün tələb olunan şərtləri yerinə yetirib. Ölkə islahatları sürətləndirəcəyi və müharibə şəraitində institusional dayanıqlığını qoruyacağı təqdirdə danışıqları 2028-ci ilin sonunadək başa çatdıra bilər. Əsas çağırışlar korrupsiyaya qarşı mübarizə, məhkəmə islahatı və demokratik institutların möhkəmləndirilməsi olaraq qalır.

5. Serbiya

Serbiyada məhdud irəliləyiş qeydə alınır, üzvlük danışıqlarında isə ciddi irəliləyiş yoxdur. Ölkənin xarici siyasətinin Aİ ilə uzlaşma səviyyəsi aşağı olaraq qalır, siyasi və ictimai qütbləşmə güclənir. Serbiya Kosovo ilə münasibətlərin normallaşdırılması üzrə öhdəliklərini yerinə yetirməlidir. Ölkənin gələcək perspektivləri yeni hökumətin atacağı addımlardan, demokratik dialoqun bərpasından, məhkəmə sisteminin müstəqilliyindən və xarici siyasət kursunun Aİ-yə yaxınlaşdırılmasından asılı olacaq.

6. Şimali Makedoniya

Şimali Makedoniyanın Aİ-yə inteqrasiyası qarşısında əsas maneə konstitusiya dəyişikliklərinin qəbul edilməsidir. Siyasi kompromis əldə olunmadığı təqdirdə ölkə tamhüquqlu üzvlük danışıqlarının başlanmasını gözləməkdə davam edə bilər.

7. Bosniya və Herseqovina

Bosniya və Herseqovinada Avropaya inteqrasiya prosesi yüksək siyasi risklər səbəbindən ləngiyir. Yaxın perspektivdə ciddi irəliləyiş gözlənilmir. Əsas şərtlər siyasi sabitliyin təmin edilməsi, dövlət institutlarının formalaşdırılması, eləcə də Aİ-nin İslahat və İnkişaf Mexanizmi çərçivəsində öhdəliklərin yerinə yetirilməsidir.

8. Kosovo

Kosovoda siyasi və institusional böhran islahatların həyata keçirilməsini ləngidib. Bununla belə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə irəliləyiş qeydə alınıb. Ölkənin Aİ-yə yaxınlaşması siyasi sabitlikdən və Serbiya ilə dialoq üzrə öhdəliklərin yerinə yetirilməsindən asılı olacaq. Avropa Komissiyası Aİ Şurasından müvafiq sorğu daxil olacağı təqdirdə Kosovonun üzvlük müraciəti ilə bağlı rəy hazırlamağa hazırdır.

9. Türkiyə

Türkiyənin Aİ-yə üzvlük danışıqları dondurulmuş vəziyyətdə qalır. Bununla belə, ölkə namizəd statusunu və Aİ-nin mühüm tərəfdaşı mövqeyini qoruyur. Avropa Komissiyası yaxın perspektivdə danışıqların bərpasını real hesab etmir.

10. Gürcüstan

Gürcüstanın Avropaya inteqrasiyası faktiki olaraq dayandırılıb. Hesabatda bildirilir ki, siyasi kurs dəyişməyəcəyi təqdirdə Gürcüstan Aİ-yə üzvlük istiqamətində irəliləyə bilməyəcək və namizəd statusunun verdiyi praktiki üstünlükləri itirmək riski ilə üzləşəcək. Bununla yanaşı, Aİ Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü və gürcü xalqının Avropaya inteqrasiya istəyini dəstəkləməyə davam edəcək.