Metallurgiya zavodunun gücünü filiz ehtiyatının etibarlılığı, filiz ehtiyatının etibarlılığını isə geoloji kəşfiyyatın keyfiyyəti müəyyən edir. Prezident İlham Əliyevin 23 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı” bu səbəbdən yalnız sənaye sənədi deyil, eyni zamanda, geoloji bilik və məlumat bazasının iqtisadi artımın ilkin şərti olduğunu bir daha gündəmə gətirir. Geoloq kimi bu sənədi mən “nə qədər istehsal” sualından əvvəl “yerin altında nə var və buna nə qədər inanmaq olar” sualı ətrafinda oxuyuram.
Azərbaycan iqtisadiyyatı onilliklər boyu bir növ yeraltı sərvətə, karbohidrogenlərə əsaslanmışdır. Karbohidrogen ehtiyatları isə bərpa olunmayan resursdur və geologiya elminin yaratdığı bilik, kadr və məlumat potensialı yalnız neft-qazla məhdudlaşmamalıdır. Dağ-mədən proqramı bu keçidin ilk dövlət sənədlərindən biridir və burada metal filizləri qeyri-neft sektorunun real sütunlarından biri kimi görülür. Bu keçidin geoloji tərəfi çox vaxt gözdən qaçır. Neft-qaz geologiyasında obyekt nisbətən geniş yayılmış çökmə kompleksləri, kollektor-örtük sistemləri, seysmik və quyu məlumatı ilə öyrənilir. Metal filizlərində isə filiz cisimləri çox vaxt mürəkkəb formalı, qeyri-bərabər paylanmış və tektonik pozulmalarla parçalanmış olur və eyni yataq daxilində metalın tərkibi qısa məsafədə kəskin dəyişə bilər. Bu, o deməkdir ki, filiz geologiyasında məlumat sıxlığı və geoloji modelin keyfiyyəti daha həlledici rol oynayır, səhvin qiyməti isə sonradan istehsal mərhələsində ödənilir.
Filiz sənayesində layihələr planlaşdırılanda geoloqdan iki əsas məlumat tələb olunur. Sahədə neçə ton filiz var və bu filizin keyfiyyəti nədir. Metal tərkibi, zərərli qarışıqlar, mineral tərkib, filizin dağılma xarakteri texnoloji sxemi birbaşa müəyyən edir. Ehtiyatın həddindən artaq qiymətləndirilməsi böyük kapital xərclənmiş zavodun layihə gücünü doldura bilməməsi deməkdir. Dünya təcrübəsində mədən layihələrinin çoxlu uğursuzluğu məhz bu məqamla bağlıdır. Buna görə proqramda JORC kimi beynəlxalq standartlar əsasında ehtiyatların yenidən qiymətləndirilməsi və beynəlxalq standartlara cavab verən laboratoriyanın yaradılması tədbirləri nəzərə çarpan texniki detal deyil, layihənin bankın və investorun gözündə inandırıcılığının əsasıdır.
Filiz yatağının iqtisadi dövriyyəyə düşməsi bir neçə ardıcıl mərhələdən keçir və hər mərhələ növbəti qərarın əsasını hazırlayır.
Regional geoloji planalma və proqnoz. Ərazinin geoloji quruluşu, struktur və maqmatik nəzarət amilləri, metallogenik zonalar müəyyən edilir.
Axtarış işləri. Geokimyəvi və geofiziki üsullar, xəndək və səthi qazıntılar vasitəsilə perspektivli sahələr ayrılır.
İlkin qiymətləndirmə. İlk kəşfiyyat quyuları mineralizasiyanın həcmi, qalınlığı və tərkibi barədə ilkin təsəvvür verir.
Detal kəşfiyyat. Quyu şəbəkəsi sıxlaşdırılır, nümunələr götürülür, texnoloji sınaqlar aparılır, geoloji modellər qurulur.
Ehtiyatın hesablanması və təsnifatı. Resurslar kəşfiyyat dərəcəsinə görə etibarlılıq kateqoriyalarına bölünür.
Sovet dövründən qalan ehtiyat hesablama kateqoriyaları ilə JORC-dakı ölçülmüş göstərilmiş və çıxarılmış resurs kateqoriyaları eyni şey deyil. Birindən digərinə keçid sadə tərcümə deyil, məlumatın yenidən yoxlanması deməkdir. Nümunə götürmə qaydaları, analiz keyfiyyəti, minimum sərhəd məzmunu, texniki-iqtisadi meyarlar nəzərə alınmalıdır. Proqramdakı beynəlxalq standartlara uyğun laboratoriya və ehtiyatların yenidən qiymətləndirilməsi tələblərini mən məhz bu keçidə xidmət edən addımlar kimi oxuyuram.
Azərbaycan ərazisi metallogenik baxımdan zəngindir. Kiçik Qafqazda dəmir, qızıl və mis, Naxçıvanın mədən sahələri, Böyük Qafqazda Filizçay polimetal yatağı və digər yataqların çox hissəsi sovet dövründə öyrənilmiş, ehtiyat məlumatları köhnə təsnifatla çıxarılmışdır. Bunların müasir texniki və iqtisadi meyarlara görə yenidən öyrənilməsi, geoloji modellərin qurulması, qeyri-balans ehtiyatların yenidən dəyərləndirilməsi proqramın sürətlə icra olunan hissəsi olmalıdır. İşğaldan azad olunmuş ərazilərdə isə səviyyə başqadır. Orada sistemli geoloji öyrənmə əslində yeni mərhələdir və minalardan təmizlənmə, infrastruktur kimi şərtlərlə birgə düşünülməlidir.
Mənim fikrimcə, proqramın real nəticəsi beş şərtdən aslıdır.
Kəşfiyyat istismardan əvvəl getməlidir. Emal gücləri geoloji öyrənilmənin qabağına keçərsə, zavod xammalsız qala bilər.
Ehtiyat məlumatı şəffaf və standartlı olmalıdır. Vahid geoloji məlumat bazası və beynəlxalq hesabat standartları investisiya təhlükəsini azaldır.
Laboratoriya bazası güclənməlidir. Ən yaxışı kəşfiyyat quyusu belə, nümunə etibarsız analiz olunursa, dəyərsizdir.
Kadr hazırlığı yeni layihələrin tempini izləməlidir. Geoloq, mədən mühəndisi, mineraloq, metallurq, analitik kimyaçı və.s bu zəncirin hər halqası nəzərə alınmalıdır.
Ekoloji təhlükəsizlik layihənin tərkib hissəsi olmalıdır. Mədən tullantıları, su resursları və bərpa məsələləri sonradan deyil, geoloji-iqtisadi qiymətləndirmə mərhələsindən nəzərə alınmalıdır.
Bir çox ölkələrdə olduğu kimi, uzun illər ərzində yığılmış geoloji materialların bir hissəsi kağız formatda və müxtəlif qurumlarda dağınıq saxlanıla bilir. Dağ-mədən proqramının geoloji uğuru bu materialların vahid sistemdə toplanmasından çox asılıdır. Bunun üçün rəqəmsal geoloji məlumat bazası, standart formada nümunə və kern anbarları, arxiv materiallarının skan edilməsi və koordinat sisteminə bağlanması, yeni hesabatların vahid şablonla hazırlanması lazımdır. Belə infrastruktur olmadan hər yeni investor eyni sahədə təkrar kəşfiyyata başlamağa məcbur qalır, bu isə həm vaxt, həm də vəsait itkisidir.
Proqramın icrası mütəxəssis ehtiyacını artıracaqdır. Universitetlərin və elmi qurumların bu sahələrdə hazırlığı praktik təcrübə ilə, yəni kəşfiyyat qazması, nümunə götürmə və laboratoriya işi ilə möhkəmləndirilməlidir.
Proqramın məntiqi filizdən hazır məhsula qədər uzanan zəncirə əsaslanır. Bu zəncirin hər halqasında geoloji amil bu və ya digər şəkildə iştirak edir. Hər halqanın keyfiyyəti əvvəlki halqadan asılıdır, birinci halqanın əsasını isə geologiya təşkil edir.
Proqramın uğuruna təsir edə biləcək məqamları açıq demək lazımdır.
Metal bazarlarının qiymət dalğalanması. Bu gün cəlbedici görünən layihə qiymət enəndə zərərli ola bilər.
Ehtiyatın gözləniləndən az və ya daha aşağı keyfiyyətdə çıxma ehtimalı, ona görə qiymətləndirmə ətraflı yoxlanmış məlumata əsaslanmalıdır.
Enerji, su, nəqliyyat və torpaq məsələləri, mədən və emal layihələri bu resurslara ciddi tələbat yaradır.
Ekoloji yük, mədən tullantıları, sulara təsir, relyefin dəyişməsi.
Kadr çatışmazlığı.
Bu risklərin hər biri layihənin ilk geoloji-iqtisadi qiymətləndirməsində nəzərə alınarsa idarə oluna bilər, sonradan aşkarlanarsa layihənin dəyərini ciddi şəkildə azalda bilər.
Yekunda qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin sözügedən Sərəncamı geoloqlar üçün həm imkan, həm məsuliyyətdir. İmkan ona görədir ki, yeraltı sərvətlərin öyrənilməsi dövlət səviyyəsində iqtisadi strategiyanın əsaslarından biri kimi qəbul olunur. Məsuliyyət isə ondadır ki, dövlətə və investora verdiyimiz məlumat ölçülə bilən, yoxlanıla bilən və beynəlxalq səviyyədə qəbul olunan olmalıdır. 2027–2030-cu illərdə bu proqramın nə qədər uğurlu olacağını göstərəcək əsas göstərici, məncə, tikilən zavodlardan əvvəl geoloji məlumat bazasının nə dərəcədə güclənməsi olacaqdır.
Elnur Səfərov,
SOCAR-ın Geofizika və Geologiya İdarəsinin əməkdaşı