06 noyabr 2026 10:43
162

Şuşa – Şanlı Zəfərimizin rəmzi

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il noyabrın 8-də səsləndirdiyi bu tarixi bəyanat təkcə bir şəhərin işğaldan azad edilməsinin müjdəsi deyil, bütövlükdə Azərbaycan xalqının milli iradəsinin, tarixi ədalətin və dövlətçilik əzminin təntənəsi idi. Həmin gün Şuşa azadlığına qovuşmaqla Azərbaycan tarixinin yeni səhifəsini açdı. Bu səhifə hərbi Zəfərlə başlasa da, sonrakı illərdə genişmiqyaslı bərpa-quruculuq, doğma yurda qayıdış, milli-mədəni irsin dirçəldilməsi və beynəlxalq əməkdaşlıq prosesləri ilə davam etdi.

Bu gün Şuşa Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin, milli həmrəyliyinin, tarixi yaddaşının və gələcəyə yönəlmiş inkişaf strategiyasının mühüm rəmzlərindəndir.

Qarabağ Zəfərinin əsasında uzun illər ərzində həyata keçirilmiş ardıcıl və məqsədyönlü dövlət siyasəti dayanır. Bu siyasətin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni geosiyasi və iqtisadi reallıqlar nəzərə alınmaqla daha da inkişaf etdirilmişdir.

Müstəqil Azərbaycanın iqtisadi potensialının gücləndirilməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, milli ordunun müasirləşdirilməsi və hərbi qüdrətinin artırılması torpaqlarımızın azad olunması üçün zəruri zəmini formalaşdırdı. Azərbaycan diplomatik müstəvidə beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qoruyub saxladı, eyni zamanda hərbi potensialını gücləndirərək öz ərazi bütövlüyünü təmin etmək iqtidarında olan dövlətə çevrildi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu uzunmüddətli strategiyanın tarixi nəticəsi oldu. 44 gün davam edən müharibə ərzində Azərbaycan Ordusu işğal altındakı ərazilərin böyük hissəsini azad etdi. Bu Zəfərin ən mühüm mərhələlərindən biri isə noyabrın 8-də Şuşanın azad olunması idi.

Şuşa əməliyyatı hərbi tariximizdə xüsusi yer tutur. Çətin relyef şəraitində, sıldırım qayalar və keçilməz dağ yolları boyunca həyata keçirilən döyüş əməliyyatları Azərbaycan əsgərinin qəhrəmanlığını, peşəkarlığını və yüksək döyüş ruhunu nümayiş etdirdi.

Şuşanın azad olunması ilə Azərbaycanın hərbi-siyasi üstünlüyü daha da möhkəmləndi və 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması ilə müharibə başa çatdı.

Azərbaycanın hərbi Zəfəri sonrakı mərhələdə də dövlətin prinsipial siyasəti ilə davam etdirildi. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbiri nəticəsində Qarabağda separatizmin mövcudluğuna son qoyuldu, ölkəmizin suverenliyi bütün ərazilərində bərpa edildi.

Şuşanın azad edilməsindən sonra qarşıda duran əsas vəzifələrdən biri şəhərin tarixi simasının qorunması, infrastrukturunun yenidən qurulması və sakinlərin doğma yurda qayıdışının təmin edilməsi idi.

Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı Sərəncamla Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Həmin il mayın 31-də qəbul edilmiş “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanun şəhərin qorunması, bərpası, öyrənilməsi, inkişafı və təbliğinin hüquqi əsaslarını müəyyənləşdirdi. 2022-ci ilin “Şuşa İli” elan edilməsi isə şəhərin milli-mədəni həyatımızdakı yerinin daha da möhkəmləndirilməsinə xidmət etdi.

Şuşanın beynəlxalq mədəniyyət məkanında mövqeyinin gücləndirilməsi də mühüm istiqamətlərdən biri oldu. Şəhər 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı elan edildi. 2026-cı ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı statusunu daşıması Şuşanın beynəlxalq turizm və mədəni əməkdaşlıq potensialının genişləndiyini göstərir.

Şuşada aparılan bərpa-quruculuq işləri kompleks yanaşma əsasında həyata keçirilir. Zəfər Yolunun istifadəyə verilməsi, yeni yaşayış komplekslərinin inşası, elektrik, su və digər kommunikasiya infrastrukturunun qurulması, sosial xidmət obyektlərinin yaradılması şəhərin müasir inkişafının əsasını təşkil edir.

Tarixi-mədəni irsin qorunması bu prosesin ayrılmaz hissəsidir. Vaqifin muzey-məqbərə kompleksinin, Bülbülün ev-muzeyinin, Üzeyir Hacıbəylinin ev-muzeyinin, məscidlərin və digər tarixi abidələrin bərpası Şuşanın yaddaşının və milli kimliyinin qorunmasına xidmət edir. Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinin yenidən öz yerlərinə qaytarılması isə tarixi ədalətin və milli-mədəni irsə ehtiramın rəmzinə çevrilib.

2024-cü ildə birinci yaşayış kompleksinin istifadəyə verilməsi və ilk sakinlərin Şuşaya qayıdışı Böyük Qayıdış prosesində mühüm mərhələ oldu. Sonrakı dövrdə yeni yaşayış layihələrinin həyata keçirilməsi, məktəb, xəstəxana, xidmət və turizm infrastrukturunun yaradılması şəhərin davamlı məskunlaşması üçün imkanları genişləndirdi.

Şuşanın 2040-cı ilədək inkişafına dair Baş Planın təsdiqlənməsi də bu prosesin uzunmüddətli və sistemli xarakter daşıdığını göstərir. Baş planda şəhərin tarixi memarlıq quruluşunun qorunması, təbii landşaftın mühafizəsi, müasir nəqliyyat və mühəndis-kommunikasiya sistemlərinin yaradılması, sosial xidmətlərin əlçatanlığının təmin edilməsi əsas prioritetlərdir.

2026-cı il Şuşanın bərpası, məskunlaşması və beynəlxalq əlaqələrinin genişləndirilməsi baxımından əlamətdar mərhələ oldu. Bu ilin hadisələri şəhərin inkişaf strategiyasının artıq ilkin quruculuq mərhələsindən daha geniş sosial-iqtisadi və beynəlxalq inteqrasiya mərhələsinə keçdiyini nümayiş etdirir.

İlk növbədə, Şuşada məskunlaşma prosesinin dinamikası xüsusi qeyd edilməlidir. 23 oktyabr 2026-cı il tarixinə şəhərdə 377 ailə olmaqla 1 411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə olmaqla 78 nəfər, Kiçik Qaladərəsi kəndində isə 26 ailə olmaqla 90 nəfər məskunlaşıb. Beləliklə, ümumilikdə 420 ailə, 1 579 nəfər doğma yurduna qayıdaraq bu ərazilərdə yeni həyat qurmağa başlayıb.

Bu rəqəmlər Böyük Qayıdış proqramının real nəticələrini əks etdirməklə yanaşı, Şuşanın gələcək inkişafında insan amilinin əsas prioritet olduğunu göstərir. Çünki şəhərin dirçəlişi yalnız yeni binaların və infrastruktur obyektlərinin inşası ilə ölçülmür. Əsl dirçəliş insanların doğma torpaqlarında yaşaması, işləməsi, təhsil alması və sosial həyatın yenidən formalaşması ilə mümkündür.

2026-cı il mayın 28-də Prezident İlham Əliyevin Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə səfəri, burada görülən işlərlə tanış olması və sakinlərlə görüşü kənd yaşayış məntəqələrinin də bərpa və məskunlaşma prosesinin diqqət mərkəzində saxlanıldığını göstərdi.

İyunun 23-də Azərbaycan və Türkmənistan prezidentlərinin Şuşaya səfəri isə şəhərin beynəlxalq diplomatik məkan kimi rolunun davam etdiyini nümayiş etdirdi. Səfər çərçivəsində yaşayış kompleksi, Şuşa məscidində aparılan tikinti işləri, Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzi, Azərbaycanın görkəmli şəxsiyyətlərinin büstləri, Bülbülün ev-muzeyi və Cıdır düzü ziyarət olundu. Bu proqram Şuşanın həm milli-mədəni irs, həm də Azərbaycan-Türkmənistan münasibətlərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini bir daha önə çıxardı.

İyulun 11-də Prezident İlham Əliyevin Şuşanın Kiçik Qaladərəsi kəndinə səfəri və sakinlərlə görüşü, eləcə də bir sıra mühüm layihələrlə tanışlığı şəhərin və ətraf yaşayış məntəqələrinin inkişafında növbəti mərhələnin göstəricisi oldu. Həmin gün tarix-memarlıq abidəsi olan Sadıqcanın evinin bərpadan sonra açılması xüsusi əhəmiyyət daşıyır. Bu hadisə Şuşanın zəngin musiqi irsinin qorunması və tarixi şəxsiyyətlərin xatirəsinin yaşadılması istiqamətində görülən işlərin davamıdır.

Bununla yanaşı, Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələr və “Yasəmən” hotelinin yeni korpusları ilə bağlı işlər şəhərin turizm və xidmət sektorunun inkişaf etdiyini göstərir.

İyulun 13-də IV Şuşa Qlobal Media Forumunun açılışı şəhərin beynəlxalq informasiya və ictimai diplomatiya platforması kimi əhəmiyyətini bir daha təsdiqlədi. Müxtəlif ölkələrdən media nümayəndələrinin, ekspertlərin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə keçirilən bu forum Azərbaycanın regional və qlobal gündəmlə bağlı mövqeyinin təqdim olunması, beynəlxalq informasiya mühitində əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkan yaradır.

İyulun 14-də Slovakiya Prezidenti Peter Pelleqrinininin Şuşaya səfəri isə şəhərin Avropa ölkələri ilə siyasi dialoq və diplomatik təmaslar baxımından əhəmiyyətini ön plana çıxardı. Dövlət başçılarının təkbətək və geniş tərkibdə görüşləri, mətbuata bəyanatları, həmçinin Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə birgə baxış Şuşanın beynəlxalq siyasi gündəmdəki yerini və Azərbaycan həqiqətlərinin təqdim olunması baxımından rolunu nümayiş etdirdi.

Şuşanın beynəlxalq əhəmiyyəti onun coğrafi mövqeyi və tarixi irsi ilə məhdudlaşmır. Şəhərdə keçirilən beynəlxalq tədbirlər, yüksək səviyyəli görüşlər və müxtəlif ölkələrin dövlət başçılarının səfərləri Şuşanın Azərbaycanın xarici siyasətində xüsusi yer tutduğunu göstərir.

2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə prezidentləri tərəfindən Şuşa Bəyannaməsinin imzalanması şəhərin müasir siyasi tarixində xüsusi hadisə oldu. Bu sənəd iki ölkə arasında müttəfiqlik münasibətlərini rəsmiləşdirməklə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığını daha yüksək mərhələyə yüksəltdi.

Sonrakı illərdə Özbəkistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Slovakiya kimi ölkələrin dövlət və hökumət nümayəndələrinin Şuşaya səfərləri şəhərin beynəlxalq əlaqələr sistemində artan rolunu nümayiş etdirdi.

Türk Dövlətləri Təşkilatının 2024-cü il iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü və imzalanan Qarabağ Bəyannaməsi bu baxımdan xüsusi siyasi əhəmiyyət daşıyır. Şuşanın türk dünyasının ortaq tarixi və mədəni dəyərlərinin təbliğ olunduğu platformaya çevrilməsi Azərbaycanın türk dövlətləri arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni də nümayiş etdirir.

Digər tərəfdən, Şuşa Qlobal Media Forumları şəhərin beynəlxalq informasiya mühitində rolunu genişləndirir. Bu tədbirlər vasitəsilə Azərbaycan özünün regional təhlükəsizlik, beynəlxalq münasibətlər, informasiya müharibəsi, dezinformasiya ilə mübarizə və qlobal çağırışlarla bağlı mövqeyini beynəlxalq auditoriyaya çatdırmaq imkanı əldə edir.

Bütün bunlar Şuşanın siyasi dialoq, beynəlxalq əməkdaşlıq və mədəni diplomatiya mərkəzi kimi formalaşdığını göstərir.

Şuşanın inkişafı Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biridir. Bu siyasətin əsas mahiyyəti azad edilmiş ərazilərin yenidən qurulması ilə yanaşı, tarixi-mədəni irsin qorunması, əhalinin doğma torpaqlarına qayıdışı, iqtisadi fəallığın artırılması və dayanıqlı inkişafın təmin edilməsindən ibarətdir.

Şuşanın qarşıdakı illərdə inkişafı üçün əsas çağırışlardan biri quruculuq işlərinin iqtisadi və sosial dayanıqlılıqla tamamlanması, şəhərdə daimi məşğulluq imkanlarının genişləndirilməsi, turizm sektorunun inkişafı və gənc nəslin burada yaşaması üçün əlverişli şəraitin yaradılmasıdır. Bu baxımdan 2040-cı ilədək inkişafı nəzərdə tutan Baş Plan şəhərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm strateji sənəddir.

2020-ci il noyabrın 8-də Şuşada ucaldılan Zəfər ruhu sonrakı illərdə həyata keçirilən bütün layihələrin mənəvi əsasını təşkil edir. Bu gün şəhərdə dalğalanan üçrəngli bayrağımız, yenidən səslənən muğamımız, bərpa olunan tarixi abidələrimiz və doğma yurduna qayıdan sakinlərimiz Şuşanın öz sahibinə qayıtması və yeni inkişaf yoluna qədəm qoyması həqiqətini təsdiqləyir.

Şuşanın taleyi Azərbaycanın müasir tarixinin, milli iradəsinin və dövlətçilik qüdrətinin təcəssümüdür. Onun azadlığı Zəfərimizin zirvəsi, dirçəlişi isə gələcəyə inamımızın ifadəsidir.

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası  Milli Məclisinin Sədr müavini