08 noyabr 2026 15:02
80

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı və tərəfdaşlığı ilə gənclərin və könüllülərin iştirakı ilə silsilə tədbirlər həyata keçirilib.

Tədbirlərin əsas məqsədi Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin əhəmiyyətini gənc nəsil arasında təbliğ etmək, milli-mənəvi dəyərləri təşviq etmək, gənclərin Böyük Qayıdış prosesində iştirakını genişləndirmək və xalqımızın qəhrəmanlıq tarixini yaşatmaq olub.

Silsilə tədbirlər çərçivəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Böyük Qayıdış: Gənclərin rolu və yeni imkanlar” mövzusunda panel müzakirəsi keçirilib. Azərbaycan Texniki Universitetində keçirilən tədbirdə açılış nitqləri ilə Azərbaycan Texniki Universitetinin tədris işləri üzrə prorektoru Sübhan Namazov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov və “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Ayxan Allahverdiyev çıxış ediblər. Çıxışlarda Böyük Qayıdış prosesində gənclərin fəal iştirakının və onların potensialından səmərəli istifadənin əhəmiyyəti vurğulanıb.

Moderator Nigar Yusifovanın təqdimatında baş tutan paneldə Milli Məclisin deputatı Ceyhun Məmmədov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin aparıcı məsləhətçisi Aysel Hüseynova, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova,  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri  Səbinə Sərkərova və Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov iştirak ediblər.

Panel müzakirəsində gənclərin Böyük Qayıdış prosesində iştirak imkanlarının genişləndirilməsi, onların potensialının səfərbər olunması və işğaldan azad edilmiş ərazilərin inkişafında rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

Noyabrın 2-də Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin altıncı ildönümünə həsr olunan “Zəfər Günü – Qürur Günümüz” adlı musiqili-bədii proqram keçirilib.

Tədbirdə dövlət qurumlarının, gənclər və könüllü təşkilatlarının rəhbər və nümayəndələri, eləcə də Azərbaycan Könüllüləri iştirak ediblər. Proqram çərçivəsində Azərbaycan Respublikasının Əməkdar artisti Təyyar Bayramov və tələbələrinin, “Qoçəli” rəqs qrupunun, “Nağaraçılar” ansamblının təqdimatında vətənpərvərlik ruhunu, milli musiqi ənənələrini və xalqımızın Zəfər sevincini əks etdirən musiqilər və bədii çıxışlar təqdim olunub. Həmçinin Vətən müharibəsində qazanılmış tarixi Zəfərə aparan yolu, xalqımızın birlik və həmrəyliyini, Azərbaycan Ordusunun qəhrəmanlığını əks etdirən videoçarx nümayiş olunub.

Bununla yanaşı, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi Nümayəndəliyinin, “Qayıdış Könüllüləri”nin dəstəyi və “AzInTelecom” MMC tərəfindən Ağdam rayonunun Sarıcalı kəndində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində ümumilikdə 300 ağac əkilib. Tədbir işğaldan azad edilmiş ərazilərin ekoloji bərpasına və yaşıllıq sahələrinin artırılmasına töhfə vermək məqsədi daşıyıb.

Silsilə tədbirlər çərçivəsində gənclər və tələbə təşkilatlarının rəhbər və nümayəndələri, eləcə də 1000-dən çox gənc Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra Şəhidlər xiyabanı və Zəfər abidəsi ziyarət olunub, Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla anılıb.

Gənclər, həmçinin Zəfər Muzeyinə ekskursiya edərək Vətən müharibəsinin tarixi, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi və tarixi Qələbəmizin əhəmiyyəti ilə yaxından tanış olublar.

Qeyd edək ki, tədbirlər Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə reallaşdırılıb.