10 noyabr 2026 12:37
250

Vəkillər Kollegiyasının nümayəndə heyəti Gürcüstanda beynəlxalq konfransda iştirak edib

7–10 noyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Vəkillər Kollegiyasının (GVK) dəvəti ilə Tbilisi şəhərində səfərdə olub.

“İki sahil” xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti “Vəkillər və hüquqların səmərəli müdafiəsi: Süni intellekt dövrünün çağırışları” mövzusuna həsr olunmuş beynəlxalq konfransda, eləcə də Gürcüstanda Vəkil Günü münasibətilə təşkil edilən tədbirlərdə iştirak edib. 

Müxtəlif ölkələrdən olan vəkilləri bir araya gətirən tədbirin əsas məqsədi hüquq peşəsinin əhəmiyyətini qeyd etmək, bilik və peşə təcrübəsi mübadiləsini təşviq etmək, habelə hüququn aliliyinin və ortaq peşə dəyərlərinin qorunması naminə beynəlxalq əməkdaşlığı və peşəkar əlaqələri gücləndirmək olub.

Nümayəndə heyətinin tərkibində VK Rəyasət Heyətinin üzvü Elçin Usub və Kollegiyanın üzvü Alov Səfərəliyev də yer alıblar.

Konfransda Gürcüstanın ədliyyə naziri, Avropa Şurası və nüfuzlu beynəlxalq təşkilatlarının rəhbərlikləri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən GVK-nın sədri İrakli Kandaşvili iştirakçıları və qonaqları salamlayaraq, konfransın hüquq peşəsi nümayəndələri arasında əməkdaşlığın və həmrəyliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Konfransın açılış mərasimində çıxış edən VK sədri Anar Bağırov Gürcüstanda Vəkil Günü münasibətilə gürcü həmkarlarını təbrik edib və dəvətə və səmimi qonaqpərvərliyə görə GVK-ya təşəkkürünü bildirib.

Sədr Azərbaycan və Gürcüstan vəkillik qurumları arasında mövcud olan dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərə toxunub, hər il ənənəvi olaraq keçirilən bu tədbirin müxtəlif ölkələrdən olan vəkilləri bir araya gətirməsini yüksək qiymətləndirib.

Anar Bağırov qeyd edib ki, texnologiyanın həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə süni intellektin inkişafı və hüquqi xidmətlərin rəqəmsallaşması vəkillik fəaliyyəti üçün həm yeni imkanlar, həm də yeni çağırışlar yaradır. Sədr bildirib ki, elektron sistemlər sənədləşmə işini azalda, hüquqi xidmətləri daha əlçatan edə, vəkillər, məhkəmələr və dövlət qurumları arasında əlaqələri asanlaşdıra bilər.

Anar Bağırov süni intellektdən istifadə zamanı peşə sirrinin qorunması, şəxsi məlumatların təhlükəsizliyi, məlumatların düzgünlüyü və peşə məsuliyyəti kimi məsələlərin yeni suallar yaratdığını söyləyib. Bu baxımdan, VK Rəyasət Heyəti tərəfindən vəkillərin peşə fəaliyyətində süni intellektdən istifadəsinə dair qaydaların hazırlanması ilə bağlı qərar qəbul edildiyini, hazırda yerli və beynəlxalq təcrübə nəzərə alınmaqla həmin istiqamətdə işlərin davam etdirildiyini nəzərə çatdırıb.  

“Süni intellekt dövründə vəkillik fəaliyyətinin gələcəyi və pulsuz hüquqi yardım xidmətlərinin rolu” mövzusuna həsr olunan panel müzakirəsi zamanı çıxış edən Kollegiyanın Rəyasət Heyətinin üzvü Elçin Usub süni intellektin hüquq sahəsinə təsiri və hüquqşünasların fəaliyyətində yaratdığı yeni imkanlardan danışıb. O bildirib ki, süni intellekt hüquqşünas peşəsini aradan qaldırmayacaq, lakin hüquqşünasların fəaliyyət üsulunu, gündəlik işinin məzmununu və onlardan gözlənilən bacarıqları əhəmiyyətli dərəcədə dəyişəcək. 

Həmçinin konfransda Elçin Usub Azərbaycanda süni intellektə və pulsuz hüquqi yardıma aid yeniliklər barədə iştirakçılara məlumat verib.

Səfər çərçivəsində VK nümayəndə heyəti beynəlxalq təşkilatların və müxtəlif ölkələrin vəkillər kollegiyalarının rəhbərləri ilə görüşlər keçirib, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və təcrübə mübadiləsi məsələlərini müzakirə edib.

Vəkil Günü münasibətilə tədbir iştirakçıları üçün rəsmi ziyafət təşkil olunub. Ziyafət zamanı Anar Bağırov VK adından GVK sədri İrakli Kandaşviliyə xatirə hədiyyəsi təqdim edib.

Eyni zamanda Vəkil Günü münasibətilə vəkillər arasında futbol turniri də keçirilib. VK-nın futbol komandasının da iştirak etdiyi yarışda Türkiyənin vəkillərdən ibarət komandası turnirin qalibi olub.