10 noyabr 2026 15:56
71

Abdulkadir Uraloğlu: Planlaşdırırıq ki, təxminən dörd ildən sonra dəhlizin bütün hissələrini tamamlayaraq istifadəyə verək

Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada verdikləri mesajlar olduqca aydın idi. Onlar bütün dünyaya Türkiyə ilə Azərbaycanın mövqeyini, qardaşlığını və çiyin-çiyinə dayandığını nümayiş etdirdilər. Əslində, dövlət başçılarının çıxışlarından sonra əlavə söz deməyə ehtiyac yoxdur.

“İki sahil” xəbər verir ki, bu fikirləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Azərbaycan mətbuatına açıqlamasında bildirib. Nazir vurğulayıb: “Azərbaycan bizim qardaşımızdır və əbədi olaraq qardaşımız kimi qalacaq. Qarabağ uğrunda apardığınız mübarizəni yaxından izləmişik və sizi Zəfər münasibətilə ürəkdən təbrik edirik. Türkiyə Prezidentinin nümayəndə heyəti ilə birlikdə Şuşaya səfəri zamanı aramıza nifaq salmaq istəyənlərə həm Prezident İlham Əliyev, həm də bizim Prezidentimiz çox aydın mesajlar verdilər. Türkiyə və Azərbaycan olaraq bütün sahələrdə əməkdaşlığımızı və bir-birimizi dəstəkləməyi davam etdirəcəyik. İndiyədək aramızda heç bir ayrı-seçkilik olmayıb və bundan sonra da olmayacaq”.

Zəngəzur dəhlizi layihəsinə toxunan A.Uraloğlu bildirib ki, dəhliz üzrə işlərin tamamlanması diqqət mərkəzindədir: “Azərbaycanın öz ərazisindəki işləri artıq başa çatdırmaq üzrə olduğunu bilirik və prosesi yaxından izləyirik. Planlaşdırırıq ki, təxminən dörd ildən sonra dəhlizin bütün hissələrini tamamlayaraq istifadəyə verək”.

Türkiyəli nazir Türkiyə–Ermənistan sərhəd-keçid məntəqələrinin açılması məsələsinə də münasibət bildirib: “Zaman bizim xeyrimizə işləyir. Ermənistanın müvafiq naziri ilə şəxsən görüşürəm. Həm dəmir yolu, həm də “Əlican” avtomobil yolu sərhəd-keçid məntəqəsinin açılması istiqamətində zəruri hazırlıq işlərini görmüşük. Qarşılıqlı razılıq əldə olunacağı təqdirdə, Azərbaycanın həssas məqamlarını da nəzərə alaraq, bu prosesin çox uzanacağını düşünmürəm. Qısa müddətdə həmin keçidləri də açmış olacağıq”.