10 noyabr 2026 21:35
67

Moskva və Kiyev Əbu-Dabidəki danışıqlarda genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər

ABŞ, Ukrayna və Rusiyanın BƏƏ-dəki üçtərəfli danışıqlarının ilk gününün yekunlarına əsasən, yaxın vaxtlarda genişmiqyaslı əsir mübadiləsi barədə razılıq əldə etmək mümkün olub.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna mediası bu ölkənin danışıqlar qrupuna yaxın mənbələrə istinadən məlumat yayıb.

Razılaşmanın təfərrüatları hələlik açıqlanmayıb.

Rusiya və Ukrayna arasında əvvəlki hərbi əsir mübadiləsi oktyabrın 23-də baş tutub.

Daha əvvəl Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov sülh danışıqlarında iştirak etmək üçün nümayəndə heyətinin tərkibində Əbu-Dabiyə yola düşərkən bildirib ki, müzakirələrin prioritetlərindən biri humanitar istiqamət, xüsusən də hərbi əsir mübadiləsinin aktivləşdirilməsi olacaq.