11 noyabr 2026 16:21
196

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti keçirilib

Azərbaycanın zəngin musiqi irsi və Zəfər ruhlu nəğmələr Albaniya ictimaiyyətinə təqdim olunub, iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə verən tədbir geniş maraqla qarşılanıb.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü münasibətilə Albaniyanın Korça şəhərində xüsusi mədəni tədbir təşkil olunub. 2026-cı il noyabrın 5-də Azərbaycan Respublikasının Albaniyadakı Səfirliyi və Korça Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən konsert proqramında milli musiqi sənətimizin inciləri, muğamlarımız və Zəfər ruhunu tərənnüm edən nəğmələr səsləndirilib. Tədbir Azərbaycanın mədəni irsinin beynəlxalq müstəvidə tanıdılması, eləcə də Azərbaycan-Albaniya münasibətlərində mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından əlamətdar olub.

Tədbirdə Korça bölgəsinin valisi Florinda Zequllay, şəhərin meri Sotiraq Filo, regionun müxtəlif şəhər və rayonlarından olan yüksəkvəzifəli şəxslər, akademik dairələrin nümayəndələri və ziyalılar, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açılış mərasimində Azərbaycanın Albaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynov çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyətindən bəhs edib, bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb. Korça şəhərinin meri Sotiraq Filo isə çıxışında belə mədəni tədbirlərin iki ölkə arasında əlaqələrin inkişafı və xalqların bir-birinin mədəniyyətini daha yaxından tanıması baxımından əhəmiyyətini vurğulayıb.

Konsert proqramının əsas məqamlarından biri gənc xanəndə Yusif Cəfərbəylinin çıxışı olub. IX “Muğam” Televiziya Müsabiqəsinin finalçısı olan sənətçi dinləyicilərə muğam sənətimizin zəngin ənənələrini əks etdirən ifalar təqdim edib. Xanəndəni tarda Rüstəm Müslümov, kamançada Abid Çələbiyev, nağarada isə Vüsal Bayramov müşayiət ediblər.

Proqramda Azərbaycan xalq musiqisi və muğam nümunələri ilə yanaşı, Vətən müharibəsində qazanılan Zəfərin ruhunu əks etdirən mahnılar da ifa olunub. Tədbirə xüsusi rəng qatan məqamlardan biri isə alban xalqına məxsus musiqi nümunəsinin azərbaycanlı ifaçılar tərəfindən təqdim edilməsi olub. Beləliklə, konsert yalnız milli musiqimizin təbliği deyil, həm də iki xalqın mədəni dəyərləri arasında qarşılıqlı tanışlıq və yaxınlaşma baxımından əlamətdar hadisəyə çevrilib.

Konsert proqramı yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. İştirakçılar Azərbaycan musiqisinin zənginliyini və ifaçıların sənətkarlığını yüksək qiymətləndirərək gələcəkdə də bu cür mədəni proqramların təşkil olunmasını arzuladıqlarını bildiriblər.

Tədbirin sonunda ifaçılar Azərbaycanın Albaniyadakı səfiri Anar Hüseynov tərəfindən Təşəkkürnamələrlə təltif olunublar. Daha sonra xatirə fotoları çəkdirilib. Konsertdən sonra səfirlik tərəfindən qonaqların şərəfinə ziyafət təşkil edilib.

Qeyd edək ki, Zəfər Gününə həsr olunmuş tədbir Albaniyanın “RTSH KORÇA” televiziyası və yerli media vasitəsilə geniş işıqlandırılıb.