11 noyabr 2026 23:23
134

Şavkat Mirziyoyev: Özbəkistan iqlim dəyişmələri ilə mübarizə səylərinə qətiyyətlə sadiqdir

Özbəkistan iqlim dəyişmələri ilə mübarizə səylərinə qətiyyətlə sadiqdir. Biz təbii ehtiyatlardan səmərəli istifadə və yaşıl texnologiyalar əsasında milli inkişafın yeni modelini qururuq. İqtisadiyyatın bütün sektorlarında karbon tutumunu fəal şəkildə azaldırıq. Ölkəmiz ümumi daxili məhsulun hər vahidinə düşən istixana qazı emissiyalarının 35 faiz azaldılması hədəfinə vaxtından əvvəl nail olub.

“İki sahil” xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Antalyada COP31 Liderlər Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Daşkənd yeni, daha iddialı hədəf müəyyən edib: 2035-ci ilədək istixana qazı emissiyalarını 50 faiz azaltmaq. “İqtisadi inkişafla təbiətə qayğı arasında tarazlığın qorunması yaşıl enerji istehsalının həcminin daim artırılmasını tələb edir. Artıq dörd ildən sonra Özbəkistanda bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalının payı 54 faizə çatacaq”, - deyə Şavkat Mirziyoyev bildirib. Prezident əlavə edib ki, Özbəkistan hakimiyyətinin su ehtiyatlarından səmərəli istifadə istiqamətindəki səyləri də müsbət nəticələr verir.

Dövlət başçısı qeyd edib ki, son on ildə ölkə iqtisadiyyatının su ehtiyatı təxminən iki dəfə azalıb, çay hövzələrindən su götürülməsi isə 20 faiz aşağı düşüb. Suya qənaət edən texnologiyaların tətbiqi artıq suvarılan torpaqların təxminən 60 faizini əhatə edir.

“Eyni zamanda, Özbəkistanda meşə zolaqlarının sahəsi 6 milyon hektar artıb. Bu, torpaqların bərpasının göstəricisidir. Həmin əkinlərin üçdəbiri Aralətrafı bölgədə salınıb”, – deyə Ş.Mirziyoyev vurğulayıb.

Özbəkistan lideri gənclərin ekoloji tərbiyəsinin əhəmiyyətinə də xüsusi diqqət yetirib: “Biz uşaqlara kiçik yaşlarından suya qənaət etməyi, ağaclara qayğı göstərməyi öyrədirik. Ölkəmizin hər beş sakinindən biri məktəbli və ya tələbədir. Ekoloji tərbiyəyə sistemli yanaşma vacibdir”.

Özbəkistan Prezidenti, həmçinin Daşkəndin Mərkəzi Asiyada “İqlim İnteqrasiyası Modeli”nin həyata keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini bildirib.