12 noyabr 2026 01:10
92

Aİ-nin gömrük rüsumu Macarıstan istehlakçılarını Asiya onlayn mağazalarından uzaqlaşdırır

Macarıstanda istehlakçıların təxminən üçdəbiri Avropa İttifaqının (Aİ) aşağı dəyərli bağlamalara tətbiq etdiyi yeni gömrük rüsumlarından sonra Asiya onlayn mağazalarından alış-verişi azaldıb.

“İki sahil” xəbər verir ki, bu barədə iyulun 1-dən qüvvəyə minən yeni qaydalarla əlaqədar “DODO” çatdırılma şirkətinin sifarişi ilə “Ipsos” tərəfindən keçirilən reprezentativ sorğunun nəticələrində bildirilib.

Sorğunun nəticələrinə görə, respondentlərin 29 faizi Asiya onlayn mağazalarından alış-verişi tamamilə dayandırıb. Təxminən 5 faizi isə əvvəlki tezliklə sifariş verməyə davam etsə də, bir bağlamada sifariş etdiyi məhsul kateqoriyalarının sayını məhdudlaşdırıb.

Respondentlərin 29 faizi əvvəllər Asiya mağazalarından aldıqları məhsulları indi Macarıstanın yerli mağazalarından, 21 faizi isə digər Aİ ölkələrinin mağazalarından sifariş edir.

Qeyd edək ki, Aİ-nin yeni qaydalarına əsasən, İttifaqdan kənar ölkələrdən göndərilən və dəyəri 150 avroyadək olan bağlamalarda hər bir məhsul kateqoriyası üçün 3 avro gömrük rüsumu tətbiq edilir. Məsələn, eyni kateqoriyaya aid köynəklərdən ibarət bağlama üçün 3 avro, köynək, ayaqqabı və elektron aksesuarların birlikdə sifariş edildiyi bağlama üçün isə üç ayrı məhsul kateqoriyasına görə ümumilikdə 9 avro rüsum ödənilə bilər.

Bundan əlavə, noyabrın 1-dən etibarən hər bir məhsula görə 2 avro məbləğində əlavə emal haqqının tətbiqinə başlanılıb.

Yeni qaydaların əsas məqsədi Avropa bazarında ədalətli rəqabət şəraitinin təmin edilməsidir.