Azərbaycan qlobal və regional proseslərin fəal iştirakçısı kimi müxtəlif geosiyasi məkanlar arasında dialoqun və əməkdaşlığın inkişafına töhfə verən tərəfdaş iddiasını uğurla reallaşdırır
“Avropa Siyasi Birliyi”nin (ASB) 2026-cı il noyabrın 12-də baş tutan Dublin Sammiti Rəsmi Bakının Avropa İttifaqına (Aİ) üzv ölkələr ilə ikitərəfli əlaqələrin, enerji təhlükəsizliyinin, nəqliyyat və kommunikasiya bağlantılarının, siyasi dialoqun, Cənubi Qafqazda sülh məsələlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Avropa ölkələrinin Azərbaycana marağının artması Prezident İlham Əliyevin yüksək şəxsi nüfuzu, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, regional və qlobal məsələlərin həllində rolunun genişlənməsi ilə bağlıdır. Bu maraq dövlət və hökumət başçılarının, Avropa İttifaqının yüksək vəzifəli nümayəndələrinin Azərbaycana səfərlərində, dövlətimizin başçısı ilə görüşlərində və yeni əməkdaşlıq təşəbbüslərində özünü göstərir.

Əsas məqamlardan biri Prezident İlham Əliyevin beynəlxalq platformalarda keçirdiyi bir sıra ikitərəfli görüşlərin qarşı tərəfin müraciəti və sorğusu əsasında təşkil edilməsidir. Davosda, Münxendə və digər platformalarda keçirilən görüşlər məhz bu qaydada baş tutub. Avropa İttifaqının yüksək vəzifəli nümayəndələrinin Azərbaycana səfərləri dövlətimizin başçısının şəxsi nüfuzunu, ölkəmizin artan gücünü və etibarlı dialoq tərəfdaşı kimi mühüm rolunu göstərən nümunələr kimi diqqətəlayiqdir. Bu baxımdan 2025-ci ildə Aİ-nin ali nümayəndəsi Kaya Kallasın, təşkilatın genişlənmə üzrə komissarı Marta Kosun, eləcə də 2026-cı ilin martında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensenin sədərlərini, cari ilin iyulunda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana işgüzar səfərini xüsusilə vurğulamaq lazımdır.
Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. 2022-ci ildə Azərbaycanla Aİ arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu gün Azərbaycan 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə qaz ixrac edir və bu coğrafiya genişlənməkdədir. Yaşıl enerji sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Xəzər dənizinin külək enerjisi potensialı, günəş enerjisi layihələri, Mərkəzi Asiya ilə yaşıl enerji dəhlizləri və Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi Avropa bazarları ilə əlaqələrin genişləndirilməsinə xidmət edir. Nəqliyyat və logistika sahəsində Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub marşrutları Azərbaycanın Avropa ilə Asiya arasında mühüm tranzit mərkəzi kimi əhəmiyyətini artırır.
“Avropa Siyasi Birliyi”nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji, nəqliyyat və digər sahələrdə tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın bu platformada iştirakı Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsində və yeni regional enerji bağlantılarının müzakirəsində mühüm rol oynayır. Rəsmi Bakının enerji və nəqliyyat sahəsində yaratdığı strateji imkanlar ölkəmizin beynəlxalq siyasi çəkisinin mühüm dayaqlarındandır. Cənub Qaz Dəhlizi, Orta Dəhliz və Xəzər üzərindən inkişaf etdirilən yeni bağlantılar Azərbaycanın Avropa ilə Asiya arasında iqtisadi əlaqələrdə rolunu daha da artırır. Dublin Sammitinin əsas müzakirə mövzuları sırasında enerji təchizatı və bağlantıların yer alması Azərbaycanın artıq konkret layihələr həyata keçirdiyi bu istiqamətlərin Avropa üçün strateji əhəmiyyət daşıdığını göstərir.
Prezident İlham Əliyevin 2022-ci ilin oktyabrında Çexiyanın paytaxtı Praqa şəhərində ASB-nin 1-ci Sammitində, 2023-cü ilin iyununda Moldovanın Bulboaka kəndində ASB-nin 2-ci Sammitində, 2024-cü ilin iyulunda Böyük Britaniyada, Oksfordda ASB-nin 4-cü Sammitində 2025-ci ilin mayında Albaniyanın paytaxtı Tiranada ASB-nin 6-cı Sammitində, 2025-ci il oktyabrında Danimarkanın paytaxtı Kopenhagendə ASB-nin 7-ci Sammitində, 2026-cı ilin mayında Ermənistanın paytaxtı İrəvan şəhərində ASB-nin 8-ci Sammitində (ölkəmizin başçısı həmin tədbirdə videobağlantı formatında çıxış edib) 2026-cı ilin noyabrın 12-də İrlandiyanın paytaxtı Dublin şəhərində ASB-nin 9-cü Sammitində iştirakı və onların çərçivəsində keçirdiyi çoxsaylı yüksək səviyyəli görüşlər Azərbaycanın Avropa siyasi məkanındakı fəal diplomatik mövqeyini nümayiş etdirir.
Prezident İlham Əliyevin noyabrın 12-də Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində Moldova Respublikasının Prezidenti Maya Sandu, Ukrayna Prezidenti Volodimir Zelenski, Bolqarıstan Respublikasının Baş naziri Rumen Radev, Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşülərində ikitərəfli əlaqələrin perspektivləri, enerji təhlükəsizliliyi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və digər məsələlər müzakirə olunub.
Xüsusi məqamlardan biri də Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində Prezident İlham Əliyevin Britaniyanın Baş naziri Endi Borhemlə görüşü və “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanmasıdır.
Bundan başqa, Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşündə liderlər 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Sammitinin nəticələrinə və həmin tədbirdə imzalanmış Vaşinqton Birgə Bəyannaməsinə əsaslanaraq, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə iki ölkə arasında sülhün daha da möhkəmləndirilməsinə yönəlmiş praktiki addımlara, o cümlədən nəqliyyat və tranzit əlaqələrinin inkişafına, iqtisadi-ticari münasibətlərə, sərhədlərin delimitasiyasına və etimad quruculuğu tədbirlərinin həyata keçirilməsinə dair müzakirələr aparılıb. Liderlər bu kontekstdə Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) inkişafı istiqamətində əldə olunmuş irəliləyişləri, o cümlədən onun dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması və layihələndirilməsini, həmçinin TRIPP marşrutu boyunca tranzit əlaqələrinin perspektivlərini müzakirə ediblər. Dövlət başçıları, həmçinin sülh prosesində müsbət dinamikanın qorunub saxlanılmasının, regionda sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsinə yönəlmiş dialoqun davam etdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər.
Azərbaycan ASB çərçivəsində öz milli maraqlarından irəli gələn strateji prioritetləri və regional təşəbbüsləri Avropa liderləri səviyyəsində gündəmə gətirir. Prezident İlham Əliyevin sammitlərdə iştirakı, çıxışları və yüksək səviyyəli görüşləri Azərbaycanın Cənubi Qafqazda sülh və təhlükəsizliyə dair mövqeyinin, enerji və nəqliyyat sahələrində həyata keçirdiyi layihələrin, eləcə də regional əməkdaşlıq təşəbbüslərinin birbaşa təqdim olunmasına şərait yaradıb. Rəsmi Bakının beynəlxalq gündəliyi Avropa ilə münasibətlərdən daha geniş coğrafiyanı əhatə edir. Mərkəzi Asiya, MDB məkanı və İslam dünyası ilə əlaqələrin inkişafı ölkəmizin xarici siyasətinin digər mühüm istiqamətləridir. Son illərdə bu coğrafiyalarda əməkdaşlığın institusional əsaslarının genişləndirilməsi, Azərbaycanın beynəlxalq təşkilatlarda rəhbər mövqelərə gəlməsi və böyük tədbirlərə ev sahibliyi etməsi ölkəmizin diplomatik fəaliyyətinin miqyasını genişləndirir.
2028-ci ildə “Avropa Siyasi Birliyi”nin 12-ci Zirvə Toplantısının Bakıda keçirilməsi barədə razılıq ölkəmizin Avropa siyasi dialoqunda artan iştirakının mühüm göstəricisidir. Dövlətimizin başçısı 2026-cı il mayın 4-də İrəvanda keçirilən 8-ci Zirvə Görüşündə videobağlantı vasitəsilə çıxışında Azərbaycanın namizədliyinin qəbul edildiyini və ölkəmizin 2028-ci ilin mayında ASB iştirakçılarını qəbul edəcəyini bildirdi. Dövlətimizin başçısının bu çıxışı “Avropa Siyasi Birliyi”nin fəaliyyətində ölkəmizin gələcək rolunu müəyyənləşdirən mühüm siyasi hadisədir. Sammitə ev sahibliyi etmək Azərbaycana yalnız genişmiqyaslı beynəlxalq tədbirin təşkili imkanını deyil, həm də Avropa ölkələri ilə siyasi dialoqun inkişaf etdirilməsi üçün əlavə platforma təqdim edir. Dövlət və hökumət başçılarını, Avropa institutlarının rəhbərlərini bir araya gətirərəcək ümumi siyasi məsələlərin müzakirəsinə, ikitərəfli təmasların genişləndirilməsinə və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə şərait yaradacaq Bakı görüşü Azərbaycanın Avropa siyasi məkanındakı rolunu, etibarlı tərəfdaşlıq statusunu və müxtəlif geosiyasi mərkəzlər arasında dialoq körpüsü kimi mövqeyini gücləndirəcək.
Zahid Rza, “İki sahil”
Azərbaycanın artan beynəlxalq nüfuzu və Böyük Britaniya ilə strateji tərəfdaşlıq
Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ: əməkdaşlığın genişlənən üfüqləri
Dublin sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir