17 noyabr 2026 10:30
49

Sosial xərclərdəki artım milyonlarla insanın rifahına təsir edəcək

İqtisadçı: İnflyasiyanın yüksəldiyi dövrlərdə dövlətin əhalinin sosial baxımdan həssas təbəqələrinə diqqətini artırması mühüm əhəmiyyət daşıyır

Əhalinin gəlirlərinin, pensiya və müavinətlərin artırılması, həssas qrupların dövlət dəstəyi ilə əhatə olunması Azərbaycanın büdcə siyasətində mühüm istiqamətlərdəndir. Son illərdə bu məqsədlə ayrılan maliyyə vəsaitlərinin həcminin artırılması dövlətin vətəndaş rifahına verdiyi önəmin göstəricisidir. 2027-ci ilin dövlət büdcəsində də bu prioritet öz əksini tapır. Belə ki, gələn il əməkhaqqı, pensiya və müavinət ödənişləri ilə bağlı xərclərin artırılması, eləcə də yeni sosial paketin həyata keçirilməsi nəzərdə tutulur.

Maliyyə naziri Sahil Babayevin Milli Məclisin komitələrinin birgə iclasında açıqladığı kimi, 2027-ci ildə Azərbaycanda genişmiqyaslı sosial paket reallaşdırılacaq. Onun maliyyələşdirilməsi üçün büdcədə ehtiyat vəsait də nəzərdə tutulub. Konkret artımların həcmi və əhatə dairəsi isə müvafiq sərəncam və fərmanlar imzalandıqdan sonra müəyyənləşəcək.

Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilən islahatlar nəticəsində minimum əməkhaqqı 130 manatdan 400 manata, minimum pensiya isə 116 manatdan 320 manata yüksəldilib. Hər yeni paketin 2-3 milyon nəfəri əhatə etməsi bu tədbirlərin geniş miqyasını göstərir. Növbəti mərhələdə də əməkhaqqı və pensiya artımları, müxtəlif müavinətlərin yüksəldilməsi vasitəsilə əhalinin gəlirlərinin dəstəklənməsi gözlənilir.

Sosial dəstək siyasətində növbəti mərhələ

Bəs, 2027-ci ilin büdcəsində bu istiqamətə ayrılan vəsaitlərin artırılması hansı iqtisadi və sosial nəticələrə yol açacaq? Yeni maliyyə imkanları əhalinin alıcılıq qabiliyyətinin qorunmasına və həssas təbəqələrin müdafiəsinə nə dərəcədə təsir göstərəcək?

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı “İki sahil”ə açıqlamaısnda bildirdi ki, növbəti ilin dövlət büdcəsində sosial xərclərə ayrılan vəsaitin həcmində əhəmiyyətli artım gözlənilir. Büdcə layihəsinə əsasən, gələn il cari xərclər üçün 26,4 milyard manat vəsait nəzərdə tutulub. Bunun 18,8 milyard manatı sosial xərclərin maliyyələşdirilməsinə yönəldiləcək. Bu xərclərin tərkibində əməkhaqqı, pensiya və sosial müavinət ödənişləri mühüm yer tutur.

2026-cı ilin proqnoz göstəriciləri ilə müqayisədə gələn il sosial xərclərin 9,2 faiz artırılması nəzərdə tutulur. Bu da dövlət büdcəsinin əhəmiyyətli hissəsinin əhalinin sosial təminatına və rifahının yüksəldilməsinə yönəldiləcəyini göstərir.

Sosial ödənişlərin artırılması inflyasiya təzyiqlərini yumşaldacaq

İqtisadçı qeyd etdi ki, xüsusilə inflyasiyanın yüksəldiyi dövrlərdə dövlətin əhalinin sosial baxımdan həssas təbəqələrinə diqqətini artırması mühüm əhəmiyyət daşıyır. Növbəti il sosial xərclərin artırılması əsasən minimum əməkhaqqında nəzərdə tutulan artımın maliyyələşdirilməsi ilə bağlıdır. Eyni zamanda, pensiyaların təxminən 7,2 faiz indeksləşdirilməsi üçün də büdcədə müvafiq vəsait ayrılıb. Bundan başqa, yaşayış minimumunun 14 manat artırılması ilə əlaqədar ünvanlı dövlət sosial yardımının və bu qəbildən olan digər ödənişlərin maliyyələşdirilməsi üçün də resurslar nəzərdə tutulub.

X. Kərimli diqqətə çatdırdı ki, bir sıra müavinətlərin, o cümlədən üç yaşınadək uşağa qulluğa görə verilən müavinətin və birdəfəlik müavinətlərin artırılması istiqamətində də maliyyə təminatı müəyyənləşdirilib. Ümumilikdə, hökumət son illərdə inflyasiyanın əhalinin gəlirlərinə təsirini nəzərə alaraq, bu məsələyə daha həssas yanaşır və büdcədə əlavə vəsaitlər nəzərdə tutur. Nəticədə gələn il sosial xərclərin 9,2 faiz artırılması əhalinin müxtəlif təbəqələrinin gəlirlərinin və sosial təminatının dəstəklənməsinə xidmət edəcək.

Nigar Orucova, “İki sahil”