20 noyabr 2026 20:27
202

Ağdaşda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd olunub

Ağdaşda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü münasibətilə “Yeni Azərbaycan Partiyası: 34 illik şərəfli inkişaf yolu” adlı tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də ötən dövr ərzində vəfat etmiş partiya üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov çıxış edərək partiyanın yaranma tarixi, formalaşması və keçdiyi inkişaf yolundan bəhs edib. O bildirib ki, 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası ötən 34 il ərzində ölkənin ictimai-siyasi həyatında mühüm yer tutub. Qeyd edib ki, partiyanın qazandığı uğurlar Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə bağlıdır. Əlişah Rəcəbov partiya üzvlərinin qarşısında duran vəzifələrdən, rayon təşkilatının fəaliyyətindən və qarşıdakı dövrdə həyata keçiriləcək işlərdən də danışıb.
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə çıxışında Yeni Azərbaycan Partiyasının yaranmasının ölkənin müasir siyasi tarixində mühüm hadisə olduğunu vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarından, Azərbaycanın müstəqilliyinin qorunub möhkəmləndirilməsindəki rolundan bəhs edib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkənin inkişafına, dövlət müstəqilliyinin və suverenliyinin daha da möhkəmləndirilməsinə xidmət edir. Rayon rəhbəri partiyanın yerli təşkilatının ictimai-siyasi həyatda iştirakının və rayonun inkişafı istiqamətində fəaliyyətinin əhəmiyyətini qeyd edib.
Milli Məclisin deputatı Məzahir Əfəndiyev çıxışında Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri edən tarixi və siyasi şəraitə toxunub. O, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Deputat Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən dövlət siyasəti, əldə olunan nailiyyətlər və Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi barədə fikirlərini bölüşüb. O, partiyanın 34 illik fəaliyyətinin ölkənin ictimai-siyasi həyatında tutduğu yerə də diqqət çəkib.
Tədbirdə partiya veteranı Tariyel Günəşov, Hüşün kənd orta ümumtəhsil məktəbinin direktoru Rüfət Məmmədov, Ağdaş Dövlət Humanitar Kollecinin müəllimi Vüqarə Nəsirova, Ağdaş Rayon Mərkəzi Xəstəxanası direktorunun inzibati işlər üzrə müavini Cabir Həsənov və Ağdaş rayon Mədəniyyət Mərkəzinin metodisti Arzu Musayeva çıxış ediblər. Çıxışlarda Yeni Azərbaycan Partiyasının fəaliyyətindən, qarşıya qoyduğu məqsəd və vəzifələrdən bəhs olunub, natiqlər partiyanın siyasi xəttini və fəaliyyət istiqamətlərini bundan sonra da dəstəkləyəcəklərini bildiriblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında səmərəli fəaliyyəti ilə fərqlənən bir qrup partiya fəalına rayon təşkilatının Fəxri fərmanları təqdim edilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.