20 noyabr 2026 21:23
171

Böyük Britaniya və Aİ arasında yeni razılaşma əldə olunub

Böyük Britaniya və Avropa İttifaqı (Aİ) arasında ərzaq məhsullarının ixracı, gənclərin mobilliyi və karbon emissiyalarının tənzimlənməsi sahələrini əhatə edən yeni razılaşma əldə olunub.

“İki sahil” xəbər verir ki, bununla belə, avropalı tələbələrin Britaniya universitetlərində təhsil haqları ilə bağlı danışıqlar davam etdiriləcək. Böyük Britaniyanın Baş naziri Endi Börnhem Brüsseldə keçirilən görüşdən sonra əldə olunan razılaşmanı tarixi an adlandıraraq, bunun həm Britaniya, həm də Avropa üçün uğurlu nəticə olduğunu bildirib. Baş nazirin sözlərinə görə, Britaniya vətəndaşları “Brexit”dən sonra formalaşmış mövcud münasibətlərdən daha əlverişli razılaşma istəyirlər və bu gün həmin istiqamətdə mühüm addım atılıb.

Endi Börnhem vurğulayıb ki, yeni razılaşma ərzaq məhsullarının ixracı ilə bağlı xərclərin azaldılmasına, istehlak qiymətlərinə təzyiqin zəiflədilməsinə və iqtisadi artımın sürətlənməsinə kömək edəcək. O, nümunə olaraq, hazırda bir partiya qızılbalığın ixracı ilə bağlı xərclərin 1400 funt sterlinqə çatdığını qeyd edib. Baş nazir bildirib ki, bürokratik prosedurlar və əlavə inzibati xərclər iqtisadi inkişaf qarşısında ciddi maneələr yaradır.

Onun sözlərinə görə, maliyyə nazirinin hesablamalarına əsasən, Brüsseldə əldə olunan razılaşma Böyük Britaniyanın ümumi daxili məhsulunu 0,5 faiz artıraraq iqtisadiyyata 17 milyard funt sterlinq həcmində əlavə töhfə verə bilər. Baş nazir bunu hazırkı parlament dövründə iqtisadi artımı təmin etmək üçün ən mühüm tədbir kimi qiymətləndirib.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen isə ərzaq və digər kənd təsərrüfatı məhsulları üzrə danışıqların yekunlaşdığını açıqlayıb. O bildirib ki, əldə olunan razılaşma hər iki tərəf üçün faydalıdır və istehlakçıların xərclərinin azalmasına şərait yaradacaq. Ursula Fon der Lyayenin sözlərinə görə, tərəflər karbon emissiyalarının ticarəti sistemlərinin əlaqələndirilməsi barədə də danışıqları başa çatdırıblar. Bu addım emissiyaların azaldılmasına, daha təmiz sənaye sahələrinə investisiyaların artırılmasına və idxal olunan fosil yanacaqlardan asılılığın zəiflədilməsinə xidmət edəcək.

Avropa Komissiyasının Prezidenti qeyd edib ki, Böyük Britaniya və Aİ iqtisadi risklərin azaldılması və qarşılıqlı iqtisadi təsirlərin minimuma endirilməsi istiqamətində əməkdaşlığı gücləndirə bilərlər. Bundan əlavə, tərəflər rəqəmsal tərəfdaşlığa başlayırlar.

Gənclərin mobilliyi proqramı çərçivəsində isə hər iki tərəfdən ildə 100 minədək gəncin qarşı tərəfin ərazisində üç ilədək yaşamasına, işləməsinə və təhsil almasına imkan yaradılması nəzərdə tutulur. Bununla belə, Aİ ölkələrindən olan tələbələrin Britaniya universitetlərində ödədikləri təhsil haqları ilə bağlı fikir ayrılıqları qalır. Avropa İttifaqı bu tələbələr üçün təhsil haqlarının azaldılmasını istəyir.