Rusiya paytaxtının tarixi mərkəzində, məşhur memar Konstantin Melnikovun layihəsi əsasında inşa edilmiş binada qeyri-adi muzey məkanı açılıb. Burada ilk ata qoşulmuş tramvaylardan nəqliyyat axınlarının idarə edilməsinin müasir texnologiyalarına qədər Moskvanın təxminən 150 illik inkişaf tarixini izləmək mümkündür.
Moskva Nəqliyyat Muzeyində nadir kolleksiya toplanıb. Muzeyin direktoru Oksana Bondarenko ekspozisiyanın özünəməxsus xüsusiyyətləri və azərbaycanlı həmkarları ilə əməkdaşlıq perspektivləri barədə danışıb.
Muzeyin daimi ekspozisiyası bu ilin sentyabrında 1929–1931-ci illərdə sovet avanqard memarlığının nümayəndəsi Konstantin Melnikovun layihəsi əsasında tikilmiş keçmiş yük avtomobilləri qarajının binasında açılıb. Bu gün konstruktivizm üslubunda inşa olunmuş həmin memarlıq abidəsi özü də tarixi dəyər daşıyır.
İki mərtəbədə Moskvanın nəqliyyat sisteminin inkişafının əsas mərhələlərini əhatə edən 13 tematik zona yerləşir. Burada onlarla tarixi nəqliyyat vasitəsi, yüzlərlə eksponat, maketlər, multimedia instalyasiyaları və interaktiv simulyatorlar nümayiş etdirilir.
Kolleksiyada nadir nümunələr xüsusi yer tutur. Onların arasında 1872-ci ilə aid atlara qoşulan dəmir yolu vaqonu, dünyada cəmi iki nüsxəsi qorunub saxlanılmış BF seriyalı tramvay vaqonlarından biri, tarixi avtobuslar, trolleybuslar, yük və minik avtomobilləri var. Ekspozisiyanın ayrıca bölməsi Moskva metropoliteninə həsr olunub. Burada yeraltı nəqliyyatın inkişafını izləmək, metronun tikinti tarixi və qatarların hərəkətinin idarə edilməsi sistemlərinin təkamülü ilə tanış olmaq mümkündür.
Ziyarətçilər xalq arasında “emka” adı ilə tanınan 1939-cu il istehsalı olan QAZ-M1, 1936-cı il istehsalı olan ZİS-8 avtobusu, əfsanəvi “Pobeda” və “Volqa” avtomobilləri ilə tanış ola bilirlər. 1938-ci ildə hazırlanmış ikimərtəbəli YATB-3 trolleybusunun maketi xüsusi maraq doğurur. Xalq arasında “qarmoşka” adı ilə tanınan Macarıstan istehsalı “Ikarus” avtobusları isə Bakının yaşlı nəsil sakinlərində nostalji hisslər oyada bilər. Belə avtobuslar Azərbaycan paytaxtının küçələrində də hərəkət edirdi.
“İki sahil” xəbər verir ki, muzeyin direktoru Oksana Bondarenko AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, ekspozisiya hazırlanarkən mütəxəssislər dünyanın bir çox muzeyində olublar və nəticədə öz konsepsiyalarını yaradıblar. “Biz burada, əslində, üç əsas anlayışdan - texnologiyadan, şəhərdən və insandan söhbət açırıq”, – deyə o vurğulayıb.
Söhbətimizin ayrıca mövzusu muzeyin beynəlxalq əlaqələri və Azərbaycanla əməkdaşlıq olub. Oksana Bondarenko bildirib ki, yeni muzey kompleksinin yaradılmasına hazırlıq dövründə səfər etdiyi ilk xarici şəhərlərdən biri Bakı idi.
Həmsöhbətimiz Azərbaycan paytaxtının memarlığı, zəngin mədəni həyatı və muzey məkanlarından heyranlıqla danışıb. Səfər zamanı o, “Suraxanı” gəmi-muzeyinin fəaliyyəti, həmçinin Heydər Əliyev Mərkəzində dünya avtomobil sənayesinin nadir nümunələrinin nümayiş etdirildiyi “Klassik avtomobil sərgisi”, Azərbaycan Milli Xalça Muzeyi və digər muzey məkanları ilə tanış olub.
“Suraxanı” gəmi-muzeyində vizual üsullardan istifadə olunması və videoməzmunun yaradılması onun diqqətini xüsusi cəlb edib. “Bakıdan qayıdandan sonra muzeyimizin nəzdində öz videoprodakşn komandamızı yaratmaq, qısametrajlı filmlər çəkməyi qərara aldım”, - deyə o bildirib.
Moskva və Bakının muzey ictimaiyyətinin nümayəndələri arasında isti peşəkar münasibətlər yarandığını deyən Oksana Bondarenko Moskva Nəqliyyat Muzeyinin azərbaycanlı muzey mütəxəssisləri, eləcə də klassik avtomobil kolleksiyaçıları ilə birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Onun fikrincə, ən maraqlı təşəbbüslərdən biri Moskva-Bakı marşrutu üzrə retroavtomobil yürüşünün təşkili ola bilər. Oksana Bondarenkonun sözlərinə görə, belə bir layihə retro avtomobil həvəskarlarını bir araya gətirməklə yanaşı, marşrutun keçdiyi ərazilərin mədəni və etnoqrafik xüsusiyyətlərini öyrənməyə imkan verər. Səyahət zamanı toplanacaq materiallar gələcəkdə sənədli filmin və ya birgə sərginin əsasını təşkil edə bilər.
“Bizim belə bir ideyamız var ki, Moskva–Bakı avtomobil yürüşü təşkil edək. Niyə də olmasın? Biz bunu həyata keçirməyi çox istərdik”, – deyə muzeyin direktoru bildirib.
AZƏRTAC