23 noyabr 2026 11:58
87

Azərbaycan-Vyetnam münasibətləri çoxşaxəli əməkdaşlığa əsaslanan etibarlı tərəfdaşlıq modelidir

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin xarici siyasətinin səmərəliliyi yalnız ənənəvi tərəfdaşlıqların qorunması ilə deyil, həm də yeni coğrafi istiqamətlərdə qarşılıqlı maraqlara əsaslanan əlaqələrin qurulması ilə ölçülür. Qlobal siyasi və iqtisadi proseslərin sürətlə dəyişdiyi, regional əməkdaşlıq formatlarının əhəmiyyətinin artdığı indiki şəraitdə Azərbaycanın xarici siyasətində Asiya istiqaməti xüsusi yer tutur. Bu baxımdan Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən ölkələrindən biri olan Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi mühüm siyasi və diplomatik hadisədir.

Prezident İlham Əliyevin noyabrın 19-da Vyetnamın İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm mərhələ kimi dəyərləndirilir. Azərbaycan öz xarici siyasətində Şərq istiqamətinə sistemli yanaşır, yeni tərəfdaşlıqlar qurmaqla beynəlxalq mövqelərini möhkəmləndirməyə və regional əməkdaşlıq imkanlarını genişləndirməyə çalışır.

Azərbaycan ilə Vyetnam arasında münasibətlərin möhkəm tarixi təməli mövcuddur. 1959-cu ildə Vyetnamın dövlət xadimi Ho Şi Minin Bakıya səfəri ilə başlanan dostluq əlaqələri 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri çərçivəsində daha da inkişaf etmişdir. Müstəqillik dövründə bu münasibətlər yeni məzmun qazanmış, qarşılıqlı yüksək səviyyəli səfərlər və siyasi dialoq vasitəsilə möhkəmlənmişdir. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri çərçivəsində Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın qəbul edilməsi isə əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçidini rəsmiləşdirmişdir.

2026-cı ilin noyabrın 19-da Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri həmin siyasi qərarın davamlı və konkret əməkdaşlıq mexanizmləri ilə möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır. Səfər çərçivəsində Vyetnamın ali rəhbərliyi, Baş nazir və Milli Assambleyanın sədri ilə keçirilən görüşlərdə ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, regional və beynəlxalq məsələlər müzakirə olunmuşdur. Noyabrın 21-də qəbul edilən Birgə Bəyanat isə strateji tərəfdaşlığın prioritetlərini daha dəqiq müəyyənləşdirmişdir.

Sənəddə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, daxili işlərinə qarışmamaq prinsipinə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə hörmət ikitərəfli münasibətlərin əsas prinsipləri kimi təsdiqlənmişdir. Bu məqam Azərbaycanın xarici siyasətinin fundamental istiqamətləri ilə tam uzlaşır. Ölkəmiz beynəlxalq münasibətlərdə dövlətlərin bərabərliyi, suveren hüquqlarının qorunması və qarşılıqlı hörmət prinsiplərinin ardıcıl müdafiə olunmasına xüsusi önəm verir.

Vyetnamın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi, 44 günlük Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi nümayiş etdirdiyi ədalətli mövqe iki ölkə arasında siyasi etimadın möhkəmliyini təsdiqləyir. Belə münasibətlər yalnız ikitərəfli əməkdaşlığın inkişafına deyil, həm də beynəlxalq platformalarda qarşılıqlı dəstək və həmrəyliyin güclənməsinə xidmət edir.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü Cənub-Cənub əməkdaşlığı ideyası da bu baxımdan diqqətəlayiqdir. İnkişaf etməkdə olan ölkələr arasında təcrübə mübadiləsinin, iqtisadi tərəfdaşlığın və qarşılıqlı dəstəyin gücləndirilməsi beynəlxalq münasibətlərdə daha balanslı əməkdaşlıq mühitinin formalaşmasına kömək edir. Azərbaycan və Vyetnamın BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində mövqelərini uzlaşdırması ortaq maraqların beynəlxalq müstəvidə müdafiəsinə xidmət edir.

Birgə Bəyanatda iki ölkənin beynəlxalq və regional təşkilatlarda koordinasiyanı genişləndirmək, bir-birinin namizədliklərinə qarşılıqlı dəstək imkanlarını nəzərdən keçirmək, beynəlxalq konfransların keçirilməsində əməkdaşlıq etmək niyyəti də əksini tapmışdır. Sənəddə iqlim dəyişmələri, kibercinayətkarlıq, ərzaq, su və enerji təhlükəsizliyi kimi qlobal çağırışlar üzrə birgə fəaliyyətin vacibliyinin vurğulanması tərəfdaşlığın müasir beynəlxalq gündəmlə uzlaşdığının göstəricisidir.

Strateji tərəfdaşlığın digər mühüm istiqaməti iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının artırılmasıdır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötərək yüksələn dinamika nümayiş etdirməsi mövcud potensialın göstəricisidir. Bununla yanaşı, tərəflər iqtisadi əməkdaşlığın həcmini və keyfiyyətini strateji tərəfdaşlığın səviyyəsinə uyğunlaşdırmağı qarşıya məqsəd qoyublar. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır: “Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə, biznes və investisiya üçün əlavə imkanlar yarada bilərik. Sözsüz ki, əməkdaşlığımız ölkələrimizə və xalqlarımıza nəzərəçarpan fayda gətirə biləcək böyük quruculuq potensialına malikdir”.

Enerji sahəsində SOCAR və PetroVietnam arasında əməkdaşlığın inkişafı, neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, texniki xidmətlər, mütəxəssis hazırlığı, eləcə də bərpaolunan enerji layihələri bu münasibətlərin əsas istiqamətlərindəndir. Vyetnam şirkətlərinin Azərbaycanda günəş və külək enerjisi layihələrinə maraq göstərməsi iqtisadi əlaqələrin ənənəvi sahələrdən kənara çıxaraq yeni texnoloji və ekoloji istiqamətləri də əhatə etdiyini nümayiş etdirir.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da tərəfdaşlığın regional əhəmiyyətini artırır. Azərbaycanın Şərq ilə Qərb arasında mühüm tranzit məkanı kimi mövqeyi Vyetnam məhsullarının Avropa bazarlarına çıxışı üçün əlverişli imkanlar yaradır. Birgə Bəyanatda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan istifadənin genişləndirilməsinə xüsusi diqqət yetirilməsi bu istiqamətin prioritet olduğunu təsdiqləyir. Eyni zamanda, Vyetnamın ASEAN bazarına çıxışda Azərbaycan şirkətlərinə dəstək vermək imkanları qarşılıqlı iqtisadi maraqların uzlaşdırılması baxımından əhəmiyyətlidir.

Beləliklə, Azərbaycan-Vyetnam münasibətləri tarixi dostluq ənənələrindən qaynaqlanaraq regional və beynəlxalq əməkdaşlığın yeni imkanlarını özündə birləşdirən strateji tərəfdaşlıq modelinə çevrilir. Azərbaycanın Şərqə yönəlmiş fəal diplomatiyası, Vyetnamın ASEAN məkanındakı mövqeyi və hər iki dövlətin beynəlxalq hüquqa, suverenliyə və qarşılıqlı hörmətə əsaslanan yanaşması bu əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradır. Əsas vəzifə əldə edilmiş razılaşmaları ardıcıl şəkildə həyata keçirmək, regional bağlantıları genişləndirmək və qarşılıqlı etimadı real nəticələrlə möhkəmləndirməkdir. Bu istiqamətdə atılan addımlar Azərbaycan və Vyetnamın yalnız ikitərəfli münasibətlərinə deyil, daha geniş Avrasiya və Cənub-Şərqi Asiya məkanında əməkdaşlıq imkanlarına da müsbət təsir göstərəcəkdir.

Asif Əsgərov,
Milli Məclisin deputatı