23 noyabr 2026 12:57
193

Bakı-Hanoy münasibətləri: siyasi iradə və qarşılıqlı maraqların vəhdəti

Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri

Azərbaycan ilə Vyetnam arasında münasibətlərin inkişafı yeni mərhələyə qədəm qoyur. Uzun illər ərzində qarşılıqlı hörmət, siyasi etimad və tarixi dostluq prinsipləri əsasında formalaşan əlaqələr bu gün daha geniş əməkdaşlıq imkanları ilə zənginləşir. Bakı və Hanoy münasibətlərin yalnız dövlətlərarası siyasi dialoq səviyyəsində deyil, həm də gündəlik diplomatik təmaslar, iqtisadi əlaqələr, təhsil, turizm və insanlar arasında birbaşa ünsiyyət vasitəsilə inkişafında maraqlıdır.

Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlər 1992-ci il sentyabrın 23-də qurulmuşdur. Bu tarixdən ötən dövr ərzində əlaqələr müxtəlif mərhələlərdən keçərək möhkəm dostluq münasibətlərinə çevrilmişdir. Hər iki ölkənin rəhbərliyinin qarşılıqlı səfərlərə, siyasi dialoqa və əməkdaşlığın genişləndirilməsinə verdiyi önəm münasibətlərin davamlı inkişafını təmin etmişdir. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri çərçivəsində Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın imzalanması isə bu əlaqələrin yeni siyasi çərçivəsini müəyyənləşdirmişdir.

Noyabrın 19-da Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri çərçivəsində əldə edilən razılaşmalar strateji tərəfdaşlığın praktiki müstəvidə möhkəmləndirilməsinə xidmət edir. Səfər çərçivəsində keçirilən görüşlərdə ikitərəfli münasibətlərin genişləndirilməsi ilə yanaşı, diplomatik təmsilçiliyin gücləndirilməsi, birbaşa nəqliyyat əlaqələrinin yaradılması və xalqlar arasında təmasların artırılması məsələləri də müzakirə olunmuşdur.

Birgə Bəyanatda aviasiya qurumlarına və hava yolları şirkətlərinə birbaşa uçuşların açılması istiqamətində səyləri sürətləndirmək tövsiyə olunur. Bu təşəbbüsün reallaşması ilk növbədə işgüzar dairələr arasında təmasların artmasına, qarşılıqlı investisiya imkanlarının daha yaxından öyrənilməsinə və turizm əlaqələrinin genişlənməsinə şərait yaradacaqdır. Eyni zamanda, Bakı və Hanoy arasında birbaşa hava bağlantısı xalqların bir-birinin həyat tərzi, tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmasına imkan verəcəkdir.

Turizm sahəsi Azərbaycan-Vyetnam münasibətlərində hələ tam reallaşdırılmamış böyük potensiala malikdir. Azərbaycan özünün zəngin tarixi-mədəni irsi, müxtəlif iqlim qurşaqları, təbii gözəllikləri və müasir turizm infrastrukturu ilə Vyetnam vətəndaşları üçün maraqlı istiqamət ola bilər. Eyni zamanda, Vyetnamın zəngin təbiəti, tarixi məkanları, milli mətbəxi və turizm imkanları Azərbaycan vətəndaşlarının diqqətini cəlb edir. Qarşılıqlı turizm marşrutlarının təşviqi, turizm şirkətləri arasında əməkdaşlıq və informasiya mübadiləsi bu sahədə əlaqələrin genişlənməsinə kömək edə bilər.

İqtisadi münasibətlərin inkişafında da daimi diplomatik təmasların rolu böyükdür. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötməsi iqtisadi əlaqələrin inkişaf etdiyini göstərsə də, mövcud potensial daha geniş imkanların olduğunu təsdiqləyir.

Azərbaycanın nəqliyyat-logistika imkanları, enerji və sənaye təcrübəsi Vyetnam biznes dairələri üçün maraqlı əməkdaşlıq istiqamətləridir. Vyetnamın istehsal və ticarət potensialı isə Azərbaycan şirkətlərinin Cənub-Şərqi Asiya bazarlarına çıxışına şərait yaradacaqdır. Orta Dəhlizdən istifadə, birbaşa hava əlaqələrinin qurulması və diplomatik təmsilçiliyin genişləndirilməsi bu iqtisadi əlaqələrin daha səmərəli inkişafına kömək edəcəkdir. Bütün bu təşəbbüslərin əlaqələndirilməsi üçün institusional mexanizmlərin gücləndirilməsi vacibdir. Xarici işlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələr, hökumətlərarası komissiyanın fəaliyyəti, parlamentlərarası əlaqələr, Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq strateji tərəfdaşlığın müxtəlif səviyyələrdə həyata keçirilməsinə imkan verir. 2026-cı il səfərinin yekununda qəbul edilmiş Birgə Bəyanatda bu mexanizmlərin inkişafına xüsusi diqqət yetirilməsi də təqdirəlayiqdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, ölkələrimiz ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq və enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika sektorlarında - bir sözlə, demək olar ki, bütün aparıcı sahələrdə genişmiqyaslı birgə təşəbbüsləri uğurla həyata keçirmək üçün kifayət qədər resurslara malikdir: “Əminəm ki, planauyğun birgə iş ən qısa müddətdə əhəmiyyətli praktik nəticələr əldə etməyə imkan verəcək”.

2027-ci ildə Azərbaycan ilə Vyetnam arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümü qeyd olunacaqdır. Bu əlamətdar tarix yalnız keçilmiş yolun qiymətləndirilməsi üçün deyil, həm də gələcək əməkdaşlıq hədəflərinin müəyyənləşdirilməsi baxımından mühüm fürsətdir. Yubiley çərçivəsində mədəniyyət günlərinin, elmi konfransların, biznes forumlarının, gənclər və tələbə görüşlərinin təşkili münasibətlərin daha geniş ictimai əsaslar üzərində inkişafına təkan verəcəkdir.

Nəticə etibarilə, Azərbaycan-Vyetnam münasibətlərinin gələcək uğuru əldə edilmiş siyasi razılaşmaların insanların gündəlik həyatında hiss olunan real imkanlara çevrilməsindən asılıdır. Bakıda Vyetnam səfirliyinin fəaliyyətə başlaması, birbaşa aviareyslərin yaradılması, təhsil və turizm əlaqələrinin genişləndirilməsi, şəhərlər və regionlar arasında əməkdaşlığın qurulması strateji tərəfdaşlığın ictimai dayaqlarını möhkəmləndirəcəkdir. Tarixi dostluq və qarşılıqlı etimad üzərində formalaşan bu münasibətlər dövlətlərarası dialoqdan xalqların daha sıx yaxınlaşmasına doğru inkişaf edir. Məhz bu yanaşma Azərbaycan ilə Vyetnam arasında tərəfdaşlığın uzunmüddətli və dayanıqlı olmasının mühüm təminatlarından biridir.