27 noyabr 2026 20:06
249

“V Yubiley Aqrar Startaplar və İnnovasiya Forumu” keçirilib

Noyabrın 27-də Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və SABAH.city innovasiya şəhərciyinin birgə təşkilatçılığı ilə “V Yubiley Aqrar Startaplar və İnnovasiya Forumu” keçirilib. SABAH.city innovasiya şəhərciyində təşkil olunan forum aqrar sahədə innovativ təşəbbüslərin təşviqi, startap ekosisteminin inkişafı və yeni texnologiyaların kənd təsərrüfatında tətbiqinin genişləndirilməsi məqsədilə dövlət, elm və təhsil, eləcə də özəl sektor nümayəndələrini bir araya gətirib.

“İki sahil” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, Dövlət Himni səsləndirilib.

Sonra Aqrar İnnovasiya Mərkəzi tərəfindən həyata keçirilən bootcamp tədbirləri və startap fəaliyyəti ilə bağlı görülən işlərə dair videoçarx nümayiş olunub.

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov aqrar sektorun müasir çağırışlara uyğun inkişafında innovasiyaların, rəqəmsallaşmanın və qabaqcıl texnologiyaların əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda innovasiya və rəqəmsallaşma əsas prioritet istiqamətlər kimi müəyyən edilib. Proqram çərçivəsində süni intellekt həllərinin genişləndirilməsi, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin imkanlarının artırılması və məlumat əsaslı idarəetmənin inkişafı nəzərdə tutulur.

Elçin Zeynalov bildirib ki, iqlim dəyişiklikləri, su və torpaq ehtiyatlarının məhdudluğu, eləcə də qlobal ərzaq tələbatının artması kənd təsərrüfatında daha səmərəli və dayanıqlı istehsal yanaşmalarının tətbiqini zəruri edir. Bu baxımdan, süni intellekt, robototexnika, ağıllı suvarma sistemləri, pilotsuz uçuş aparatları və digər rəqəmsal həllər məhsuldarlığın yüksəldilməsi, resurs itkilərinin azaldılması və aqrar istehsalın səmərəliliyinin artırılması üçün mühüm imkanlar yaradır.

Nazir müavini aqrar startapların bu prosesdə roluna diqqət çəkərək, gənclərin innovativ ideyalarının dəstəklənməsinin, elmi potensialın sahibkarlıq təşəbbüsləri ilə əlaqələndirilməsinin və yeni texnologiyaların fermerlər üçün əlçatanlığının artırılmasının vacibliyini qeyd edib.

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə aqrar sektorun inkişafında təhsil, elm və innovasiyaların qarşılıqlı əlaqəsinin vacibliyini vurğulayıb. Bildirib ki, müasir əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması məqsədilə təhsil sistemində rəqəmsal və STEM bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir. Hazırda 500 mindən çox şagird “Rəqəmsal bacarıqlar”, 300 mindən çox şagird isə STEM layihələrinə cəlb olunub. Bu layihələr çərçivəsində şagirdlər kodlaşdırma, informasiya texnologiyaları, mühəndislik və aqrotexnologiyalar üzrə bilik və bacarıqlara yiyələnirlər.

Kənan Kərimzadə aqrar ixtisaslar üzrə ali və peşə təhsilinin əhatə dairəsinin genişləndirildiyini də diqqətə çatdırıb. Bildirib ki, 2026–2027-ci tədris ilində 2400-dən çox şəxs kənd təsərrüfatı ixtisasları üzrə ali təhsil müəssisələrinə, 2800-dən çox şəxs isə peşə təhsili müəssisələrinə qəbul olunub. Regionlarda müasir peşə təhsili mərkəzlərinin yaradılması, praktiki təlim imkanlarının genişləndirilməsi və aqrar müəssisələrlə əməkdaşlığın gücləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov hesabat təqdimatı ilə çıxış edərək Mərkəzin startaplarla bağlı fəaliyyəti, aqrar startap ekosisteminin inkişafı istiqamətində görülən işlər və həyata keçirilən təşəbbüslər barədə məlumat verib.

Qeyd edək ki, forumda 22 ali təhsil müəssisəsini təmsil edən 100-dən çox startapçı iştirak edib. Tədbir çərçivəsində aqrar sektorun müxtəlif istiqamətlərini əhatə edən 100-ə yaxın layihə nümayiş etdirilib və iştirakçılara təqdim olunub.

Forum çərçivəsində aqrar stratapçıların innovativ həllərin nümayiş olunduğu sərgi təşkil olunub. Sərgidə data-analitika, heyvandarlıq, bitkiçilik, robototexnika, pilotsuz uçuş aparatları, süni intellekt və Əşyaların İnterneti (IoT) texnologiyaları, suvarma və su resurslarının idarə olunması, torpaq və iqlim, logistika və təchizat, həmçinin kənd təsərrüfatı texnikaları üzrə innovativ həllər yer alıb. Təqdim olunan layihələr rəqəmsal texnologiyaların aqrar istehsala inteqrasiyası, resurslardan daha səmərəli istifadə, məhsuldarlığın artırılması və istehsal proseslərinin təkmilləşdirilməsi üçün mövcud imkanları nümayiş etdirib. Startapçılar tərəfindən iştirakçılara sərgidə təqdim olunan layihələr barədə ətraflı məlumat verilib.

Sonda tədbir iştirakçıları SABAH.city innovasiya şəhərciyinin infrastrukturu ilə tanış olublar.