30 yanvar 2017 16:07
279

Ordumuzun döyüş qabiliyyəti günbəgün möhkəmlənir

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı. Silahlı Qüvvələrdə həyata keçirilən struktur dəyişiklikləri, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hərbi hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi və s. kimi işlər Azərbaycan Ordusunu gücləndirdi, keyfiyyətcə yeniləşdirdi,  Cənubi Qafqazın ən güclü və hazırlıqlı ordusuna çevirdi.

Müasir müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlər hazırda onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsindəki “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında  bir daha qeyd etdi ki, ordu quruculuğu prosesi Azərbaycanda dövlət siyasətidir. Hərbçilərin məişət problemləri də öz həllini tapır: “Bildiyiniz kimi, iyirmi il qüsursuz xidmət göstərən hərbçilərə dövlət tərəfindən pulsuz mənzillər verilir, bu proses artıq geniş vüsət alır. Xidmət aparmaq üçün bütün lazımi tədbirlər görülür. Bir sözlə, hərbçilərimizin həm xidmət, həm də məişət şəraiti daim diqqət mərkəzindədir”.

Cənab Prezident vurğuladı ki, son illər ərzində ordumuzun maddi-texniki təminatı böyük dərəcədə inkişaf edib. “İqtisadiyyatda aparılan islahatlar ordumuzu, dövlətimizi gücləndirir” deyən Prezident İlham Əliyev Azərbaycanın heç kimdən asılı olmayan, heç kimin maliyyə yardımına ehtiyac duymayan nadir ölkələrdən olduğunu söyləyərək, bildirdi ki, öz hesabımıza yaşayırıq və ildən-ilə daha güclənirik: “Ordumuzun döyüş qabiliyyətini biz bilirdik və müntəzəm olaraq, bu istiqamətdə işlər aparılırdı. Həm nizam-intizam, həm döyüş qabiliyyəti, həm hazırlıq və bütün bu görülmüş işlər özünü lazım olan vaxtda göstərdi”.

Aprel döyüşlərinə toxunan Ali Baş Komandan söylədi ki, keçən ilin aprel ayında erməni silahlı təxribatının qarşısını alaraq, Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsi işğaldan azad edildi. O ərazilərdə Azərbaycan bayrağı dalğalanır. On minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. O torpaqlarda təmizlik işləri aparılır və yaxın gələcəkdə məcburi köçkünlər o ərazilərə qayıdacaqlar.

“Aprel döyüşləri bizim böyük hərbi qələbəmizdir” deyən cənab İlham Əliyev  uzun illər Ermənistanın öz ordusu haqqında miflər yaratdığını, uydurmalar irəli sürdüyünü, lakin aprel döyüşlərində Azərbaycan Ordusunun yenilməzliyinin bir daha sübut olunduğunu diqqətə çatdırdı. Ermənistan öz acı məğlubiyyətini etiraf etmək istəməsə də artıq bu, reallıqdır. Məhz aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri başda olmaqla bir çox yüksək vəzifəli hərbçilər öz vəzifələrindən kənarlaşdırıldı. Bu, aprel döyüşlərinin nəticəsi idi. Bizim əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərdilər. Biz şəhidlər də verdik. Ancaq torpağımızı qoruduq, torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdik. Aprel döyüşləri hərbi kitablara salınmalıdır. Azərbaycan Ordusu həm hərbi peşəkarlıq, həm qəhrəmanlıq göstərmişdir.

Beynəlxalq hüququn da bizim mövqeyimizi müdafiə etdiyini xüsusi qeyd edən Prezident İlham Əliyev  bir çox mötəbər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərar və qətnamələr qəbul etdiyini bir daha bəyan etdi: “Xüsusilə BMT Təhlükəsizlik Şurası - dünyanın ən ali orqanı 4 qətnamə qəbul etmişdir və bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Əgər kimsə bunu unudubsa, biz bunu yada sala bilərik. Bax, budur bu qətnamələrin əsas mahiyyəti. Ancaq Ermənistan buna məhəl qoymur və işğalçı ölkəyə heç bir təzyiq göstərilmir. BMT Təhlükəsizlik Şurası ilə yanaşı, digər beynəlxalq təşkilatlar - İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası oxşar qərar və qətnamələr qəbul etmişdir. Onlar da kağız üzərində qalıb. Bu, ədalətsizlikdir, bu, beynəlxalq normaların kobudcasına pozulması deməkdir”.

Azərbaycanın tarixi faktlara, real həqiqətlərə əsaslanan təbliğatı, günbəgün güclənən, qüdrətlənən ordusu yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini daha da yaxınlaşdırır. Ölkə Prezidentinin  bəyan etdiyi kimi hər gün, hər ay bizi qələbəyə yaxınlaşdırır.

Günel Eyyubova, “İki sahil”