23 avqust 2017 14:20
586

Sən Azərbaycan əsgərisən!

Sən Azərbaycan əsgərisən!

Çox qədim tarixi olan Azərbaycanımızın ərazi bütövlüyünün bərpa edilməsi üçün, torpaqlarımızı qorumaq, ona yad nəfəsi dəyməməsi üçün hərbi xidmətdəsən. Ən güclü silahın Vətən sevgisidi, Vətənə sevgidi. Vətəni sevə-sevə xidmət edirsən, xidmət edə-edə sevirsən. Bu sevgi ona görə müqəddəsdir ki, sevəni sevdirməyə qadirdir; səni hamımız əzizimiz bilirik, Azərbaycan əsgəri! Atalar əmindi, dayındı, analar xalandı, bibindi, oğlanlar qardaşın, qızlar bacındı. Ata-ananı, əmi-dayını, xalanı, bibini, bacını-qardaşını qoruyursan, körpələrin layla payını qoruyursan, ağsaqqalların sabahlarımıza inamını qoruyursan, şəhidlərin ruhunun bizdən tələbinin əsgərisən,qazilərin - məsləhətlərini, tövsiyələrini qoruyursan. Dili təzə-təzə ana deyən, Vətən deyən, bayraq deyən uşaqları qoruyursan. Tariximizi, mədəniyyətimizi qoruyursan. Hər birinizdə Antey qüdrəti var - torpağımıza varlığınızla bağlısınız. Ona görə güclüsən, qüdrətlisən, yenilməzsən.

Sən döyüş növbətçiliyinə Mübariz, Murad, Samid, Çingiz, ... hünəriylə gedirsən. Aprel döyüşlərinin ovqatıyla gedirsən. O qələbəni qazanan əsgəri yeni mövqelərdə sən əvəzləyirsən. Böyük Qələbənin  əsgəri olmağı arzulayırsan. Son görüşümüzdə Çingiz Qurbanovun qəhrəmanlığını xatırlatmışdın. Əsgər yoldaşlarını göstərib, “Çingizin yolunu bunlar davam etdirəcək, biz davam etdirəcəyik!” - demişdin. İnamın-inamına sarılmışdı. Bu dönməz ünsiyyəti Böyük Qələbənin müjdəsi bilmişdim. Səni, sonra səngərdaşlarını bağrıma basmışdım, “Siz Azərbaycan əsgərisiniz!”  demişdim. Onda həzin-həzin yel əsirdi. Əsə-əsə harasa tələsirdi...

Gədəbəydə dəniz səviyyəsindən 3000 metr yüksəklikdəydik Göyçə gölü görünürdü. Göyçə gölümüzün dalğalarının tərpənişini hiss etməsək də pıçıltısını duyurduq: “Yaman aralı düşdünüz, yaman aralı düşdük...”. Zabitlərdən biri ürəyinin gözüylə gölün bəri qənşərindəki kəndə baxırdı. Gözlərini qırpmadan. Onda sənin əsgər qardaşlarından birinin qəhər yüklü səsini eşitmişdim: “Komandirin kəndidi. Sıxıcılcımdan xilas olacağı gün günlərin ən gözəli olacaq...”. “Şuşanı, Ağdamı, Laçını, Kəlbəcəri, Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı işğaldan azad etməliyik, - demişdim. Bir anlığa duruxmuşdun. Sonra alnını ovuşdurub, “Hamı ata yurdunun daş-divarına sığal çəkməlidi...”, - demişdi. Bu biçim istəyi bir bayatıyla süsləmişdim:

...qala dərdi,

Qalanın qala dərdi.

Can verərəm, qoymaram

Bu dərdlə qala dərdi...

Azərbaycan əsgərinin adından süsləmişdim!

Sən Cənubi Qafqazda ən güclü ordunun əsgərisən!

Sən zamanında tarixlər yazmış bir xalqın bu gününün əsgərisən, sabahlar üçün xidmət edirsən. İşğalda olan torpaqlarımızın yaralarının sızıltısı, giziltisi yuxularında gecələyir. Döyüş növbətçiliyinə gedəndə hərbi andın son kəlmələrini pıçıldayırsan...

Aprel döyüşlərində iki qardaşı xatırlayıram. İkisi də əsgər idi. İkisi də mərdliklə döyüşmüşdü. Böyük qardaş şəhid olmuşdu: Kiçik qardaş onu evlərinə yola salanda “Şəhidliyin mübarək, qardaş!” - demişdi, yanağını qardaşının yanağına söykəmişdi...

Sən belə əsgərlərin davamçısısan...

Xidmətin işğalı son nəfəsinə yaxınlaşdırır, əsgər oğlum! Sən əsgərsən! Sən Azərbaycan əsgərisən!..

Rəşid Faxralı