Gün var, gəlişini həsrətlə gözləyirsən...
Gün var, gətirəcəyi sevinci sonrakı günlərin uğurunun başlanğıcı bilirsən, o günün saatları, dəqiqələri ömrünə yazılır, o xoş ovqat zaman-zaman yaddaşlarda yaşadılır, yaşayır. Dövlətçiliklə, dövlətlə bağlı olan belə günlərin ovqatına bu gün üçün deyil, sabahlar üçündür. 100 il əvvəlin tarixi günü bu gün o qədər qürurla, o qədər istəklərlə, o qədər həssaslıqla yaşanıldı ki! 26 iyun günü dövlətçiliyimizin günüdü, dövlətsevərlərin günüdür - Azərbaycanımızın dövlətçilik tarixinin ululuq mərhələsində yaşadılan, zamanında tarixin axarını dəyişən, yaşadılmaqla tarixin sonrakı dövlətlərinə təsir göstərən gündür...
26 İyun Silahlı Qüvvələr Günüdür. Silahlı Qüvvələrin günüdür. Mahiyyəti deyir ki, 26 iyun “Mən azərbaycanlıyam” - deyənlərin günüdür.
100 yaşlı ordumuzun bugünkü qüdrətinin, gücünün başlanğıcı 1918-ci ilin 26 iyunu ilə bağlıdır. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Ordusu Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun hüquqi varisidir; hər bir vətənsevər “Ordum da var, yurdum da!” - qüruruyla baxır döyüş növbətçiliyini aparanlarımıza, Ali Baş Komandanın əmri ilə səngərləri sərhədlərə köçürəcək əsgərlərimizə hava sərhədlərimizi qoruyanlara. Bu gün onların ana südü kimi halalı olduğu gündü. Soruşsaq da, soruşmasaq da, onların amalının nə olduğunu hamımız bilirik - Ali Baş Komandanın əmri, döyüşlər və Böyük Qələbə!..
26 iyunda Bakıda keçirilən hərbi parad bu amalın paradı idi...
Tariximizin zaman anlamında dünənini unutmuruq, unutmarıq. O tarix tarix yazıbsa, yazılan tarix, yazılacaq tarixlərin başlanğıcı olubsa, əbədiyyətəcən unudulmayacaq. 100 il əvvəl yazılan tarix kimi - 100 il əvvəlin 28 mayı kimi, 100 il əvvəlin 26 iyunu kimi. Bu tarixlər Azərbaycan dövlətçiliyinin qürur, sevgi, ehtiram tarixləridir: 26 iyunda Bakıda keçirilən hərbi parad bu qürurun, bu sevginin, bu ehtiramın paradı idi.
Səməd bəy Mehmandarov, Əliaga Şıxlinski, Məmməd bəy Sulkeviç, Cəmşid Naxçıvanski, Şeyxzamanov qardaşları, Şıxlinski qardaşları,... bu günün nurunu, işığını 100 il əvvəl hiss etmişdilər, bu günün qüdrətini, gücünü 100 il əvvəl duymuşdular, Azərbaycan üçün yaşamışdılar, azərbaycançılığı yaşatmaq üçün yaşamışdılar. Yüksələn bayrağımızın yaşarlığı üçün yaşamışdılar; 26 iyunda Bakıda keçirilən hərbi parad bu ünlü sərkərdələrin ruhunun paradı idi...
1991-ci ilin oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusuya Aktı qəbul edildi, Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Hakimiyyət səriştəsizliyi, yerli müdafiə batalyonlarının məhəlli fəaliyyəti, kimlərinsə iradəsinin icraçısı olması, müqayisəyəgəlməz itkilərlə nəticələndi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan böyük tarixi şəxsiyyət Heydər Əliyev ordumuzu nizami ordu kimi formalaşdırdı. 26 iyunda Bakıda keçirilən hərbi parad ulu öndər Heydər Əliyevin ideyalarının paradı idi...
Ərazi bütövlüyümüz uğrunda şəhid olanların hər biri hər birimizin əzizidir. Əzizlərimizin ruhu torpaqlarımızın işğalından azad ediləndə narahatçılıqdan xilas olacaq; 26 iyunda keçirilən hərbi parad şəhidlərimizin Şikarların, Yusiflərin, Vəzirlərin, Mübarizlərin, Samirlərin, Raqufların, ..., Çingizlərin yaşarı ruhunun paradı idi... 2016-cı ilin aprel zəfəri Azərbaycan Ordusunun qüdrətini, ordu ilə xalqın birliyinin səviyyəsini təsdiqlədi, dərsliklərə salınmalı tarix yazdı. O da təsdiqləndi ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan tamamilə azad etməyə qadirdir; 26 iyunda keçirilən hərbi parad bu zəfərin, bu qüdrətin, bu birliyin paradı idi...
26 iyunda keçirilən hərbi paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin parlaq nitqi mahiyyəti etibarilə dövlətçiliyə sədaqət, orduya inam kimi dinlənildi. 26 iyunda keçirilən hərbi parad ölkə Prezidentinin “Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirdi, bir daha Azərbaycan xalqını əmin edir ki,... Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdi və buna hazırdır” - inamının paradı idi...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyan etdi:
“2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraq hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.”
26 iyunda keçirilən hərbi parad ölkə başçısının dönməz əminliyinin paradı idi...
Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətini görüncə Ulu Öndərin bir kəlamını xatırladım: “Bir millət, iki dövlət” 26 iyunda keçirilən hərbi parad bu kəlamın paradı idi; 100 il əvvəl Qafqaz İslam Ordusu erməni-bolşevik qüvvələrinə qarşı döyüşmüşdü, Bakının azad edilməsində şücaət göstərmişdi. Bu, həmin tarixin unudulmadığının, mənəvi birliyin, məfkurə eyniliyin təsdiqi kimi izlənildi; Mənə elə gəldi ki, Qara dənizin də dalğaları Xəzərin dalğaları kimi kükrədi, coşdu, sahilini döyəclədi... Tribuna önündən Sülhməramlı, Əməliyyat İmkanları Konsepsiyası və Əməliyyat Ehtiyatları taborlarını təmsil edən hərbi qulluqçular keçirlər...
Tribuna önündən Xüsusi Təyinatlı Qüvvələrin və Dəniz Piyadaları bölmələrinin hərbi qulluqçuları keçirlər...
Tribuna önündən Zirehli avtomabilləri üzərində quraşdırılmış “SPAYK-4K”, silahlanmaya yeni qəbul edilmiş daha güclü “SPAYK-EK” tank əleyhinə idarə olunan raket kompleksləri keçir. Aparıcı onu da qeyd edir ki, bu silahlar vasitəsilə 2016-cı ilin aprel döyüşlərində 30-dan artıq düşmən tankı və digər zirehli döyüş texnikası məhv edildi...
Tribuna önündən Azərbaycanın Müdafiə Sanayesi Nazirliyinin zavodlarında istehsal olunmuş mina əleyhinə yüksək müdafiə sistemi ilə təchiz olunmuş “MAKAH-1” və “MAKAH-2” zirehli avtomobillər keçir...
Tribuna önündən yüksək mobillikli “BUK-MB” zenit raket kompleksi, “S-300 FAVORİT” çoxkanallı universal mobil zenit-raket sistemi,... keçir...
Və bir qədər uzaqlardan gələn səsə sarı boylanır hamı, tər - təmiz, dum - duru göy üzündə sevgimizin uçuşları görünür - çoxfunksiyalı hərbi nəqliyyat təyinatlı “M-24”, “OHİKİN”, “M-17”, “1-V” döyüş nəqliyyat, “HAHAT”, “SPAYK NHOS” tipli raketlərlə silahlanmış “M17”, “Mİ-35”, “Mİ-24” helikopterləri, döyüş təyyarələri...
... Paradı izləməyə yaşlılar da gəlmişdi, cavanlar, yeniyetmələr, uşarlar da; hər baxışda qədərsiz sevgi, hər baxışda çırpınan istək, hər baxışda inam, etibar, ehtiram... Atasının çiyinlərində bayraq dalğalandıran körpənin fərəhini bu möhtəşəmliyin göyqurşağı bilən minlərdən biri idim; Əsgər və zabitlərin mətin yerişi, döyüş texnikalarının əzəməti bu uşağı ata çiynlərində bir boy da dikəltmişdi, dalğalandırdığı bayraq bir boy da ucalıqda dalğalanırdı. İmkanım olsaydı, o uşağı bağrıma basardım, atasının çiyinlərini çiyinlərimlə əvəzləyərdim...
Parad başa çatdı...
Paradın davamı izlənilənlərin nəyə söykəndiyini, nələrlə tamamlandığının görüntüləri idi - Türkiyənin “Solo Türk” və “Türk Ulduzları” avia qrupuna daxil olan 2 ədəd “M-16”, 8 ədəd “M-5” tipli təyyarələri nümunəvi uçuşları da eyni sevgilərlə izlənildi. Bu uçuşların möhtəşəmliyi hərbi paradın möhtəşəmliyini möhtəşəmliklə tamamladı...
....Böyük Qələbədən sonra keçiriləcək parad daha da möhtəşəm olacaq!..
Rəşid Faxralı