Ali Baş Komandan İlham Əliyev: Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin
İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Azadlıq meydanında keçirilmiş möhtəşəm hərbi parad, əslində, ordumuzun qüdrətinin, möhtəşəm döyüş qabiliyyətinin göstəricisi idi.
Bu paradı həm sevinc dolu göz yaşları, həm də qürur hissi ilə izlədim. Ona görə ki, hər bir ölkənin vətəndaşı üçün belə güclü ordusunun olması duyğusal hisslər yaratmaqla insanın qəlbini fərəhləndirir.
Bu gün hər bir Azərbaycan vətəndaşı dərk edir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz milli ordumuzdur. Ona görə də Ali Baş Komandan, Prezident İlham Əliyev öz nitqində bildirdi ki, Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək: “Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Hazırda Ordumuzun belə güclü olması, ən müasir silahlarla təchiz edilməsi, döyüş tapşırıqlarını qüsursuz yerinə yetirə bilməsi hərbi-siyasi reallıqdır. Bu reallıq bizdə qürur və fəxarət yaratdığı kimi, işğalçı Ermənistanda da qorxu və vahimə yaradır”.
Heç də təsadüfi deyil ki, Ali Baş Komandanımızın nitqindən dərhal sonra işğalçı Ermənistanın mətbuatı bu çıxışda səsləndirilən hər bir fikri ayrı-ayrılıqda təhlil etməyə başladı. Ancaq düşmənin məsələyə münasibəti reallığı dəyişmir. Məhz son bir neçə ildə Azərbaycan Ordusu bir-birinin ardınca elə qələbələrə imza atıb ki, artıq Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd- şərtsiz azad etməkdən başqa çıxış yolu qalmır. İndi Ermənistan KİV-ləri və sosial şəbəkələrində Azərbaycanın güclü ordusu haqqında etiraflar gündəmi zəbt edib.
Ordumuzun Qarabağdakı 2016-cı ilin şanlı Aprel döyüyşlərindən sonra Naxçıvanın Günnüt kəndindəki zəfəri də ermənilərdə ciddi narahatlıq yaradıb. Bu, o deməkdir ki, Azərbaycan cəbhə bölgəsində hədəfinə doğru addım-addım irəliyir. Ali Baş Komandan İlham Əliyev möhtəşəm paradda hazırkı hərbi vəziyyətin Azərbaycanın xeyrinə olduğunu bildirərək demişdir: “ Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin”.
Ümumiyyətlə, hərbi paradların keçirlməsinin əsas məqsədi cəmiyyətə və qonşulara öz hərbi potensialını göstərməklə bərabər, insanlarda özünə və ordusuna böyük inam yaratmaqdır. Bu mənada, möhtəşəm paradda nümayiş etdirilən silah və sursatlarımızın cüzi bir hissəsi Azərbaycan vətəndaşına onu təlqin etməkdir ki, biz düşməndən çox güclüyük və tarixi məqam yetişən kimi qısa müddətdə torpaqlarımızın işğaldan azad edilməsinə başlanılacaqdır. Təbii k, o müqəddəs gün çox da uzaqda deyildir.
Eyni zamanda paradda göstərilən ən müasir silahlarla və peşəkar kadr ehtiyatı ilə Ermənistana göstərdik ki, hazırkı vəziyyətdə Azərbaycanın hərbi üstünlüyü bir reallıqdır. Təbii ki, belə hərbi üstünlüyə biz ölkəmizin iqtisadi inkişafı, öz hərbi texniki tələbatını ödəmək üçün yaratdığı hərbi sənaye müəssisələrinin olması, bu müəssisələrdə 1200 adda müxtəlif təyinatlı silahların istehsal edilməsi, hətta bunların bir qismini xaricə ixrac edən hərbi sənaye kompleksimizin yaradılması ilə nail olmuşuq.
Möhtəşəm hərbi paradla Azərbaycan Ordusu özünün malik olduğu gücü nümayiş etdirdi. Bir sözlə, ordumuzun gücü, qüdrəti, silah-sursat arsenalı, bazası, Azərbaycan əsgərinin mübariz vətənpərvərlik ruhu, döyüş qabiliyyəti onu deməyə əsas verir ki, Silahlı Qüvvələrimiz hər an Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad edə bilər. Prezident İlham Əliyev Azərbaycan Ordusunun Qarabağda yeni hərbi qələbələrinin də anonsunu verdi. Bildirdi ki, biz ermənilərdən güclüyük: “Beynəlxalq hüquq bizim tərəfimizdədir. İqtisadiyyatımız, vətənpərvərliyimiz, daxili sabitliyimiz, bir sözlə, bütün göstəricilərimiz onlardan yüksək səviyyədədir”.
Ən başlıcası isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun güclənməsi prosesi davam edir. Dövlət büdcəsindən daha çox vəsaitin orduya yönəldilməsi, ən müasir silahların alınması, əsgər nizam-intizamının yaradılması uğurlu ordu siyasətinin nəticəsidir. Müharibə aparan ölkənin bu cür güclü ordusunun olması vacibdir. Prezidentin də dediyi kimi, ordumuz qısa müddətdə işğalda olan ərazilərimizi erməni terrorçularından təmizləyəcək. O günə çox az qalıb və biz tezliklə Qarabağda hərbi paradımızı keçirməyə nail olacağıq.
Təbii ki, bunlar gəlişi gözəl sözlər deyildir, real gücə söykənən qəti fikirlərdir. Çünki Prezident İlham Əliyevin diqqəti, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilib. 2003-cü ildən indiyə qədər Azərbaycanın hərbi büdcəsi 15 dəfə artıb. Bu gün Azərbaycan Ordusu dünyada ən güclü ordular sırasındadır və öz hərbi potensialına görə dünya ölkələri içərisində ilk 50-likdə qərarlaşıb.
Ən sonda qətiyyətlə demək olar ki, Azərbaycan Ordusu bütün döyüş tapşırıqlarını yerinə yetirməyə hazırdır. Ali Baş Komandanın bir əmri kifayətdir ki, ordumuz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müqəddəs mübarizəyə başlasın. Prezident həmin müqəddəs günün uzaqda olmadığının anonsunu verdi.
Elçin Zaman, “İki sahil”