04 iyul 2018 15:51
1044

Azərbaycan Ordusunun ən ümdə vəzifə torpaqlarımızı işğaldan azad etməkdir

      Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilmiş hərbi parad, əslində, ölkəmizdə ordu quruculuğu işinin necə yüksək səviyyədə təşkil olunmasının əyani nümayişi, eyni zamanda, Milli Ordunun yaradılmasının 100 illiyinə möhtəşəm töhfə idi. Bu fikirləri “İki sahil” internet televiziyasının efirində yayımlanan “Siyasi baxış” verilişinin növbəti qonağı Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni ölkəmizdə keçirilən möhtəşəm hərbi parad haqqında təəssüratlarını bölüşərkən dedi.

Hərbi paradın mahiyyətinin hər bir azərbaycanlı tərəfindən dərk edilməsinin önəmindən danışan R. Zeyni bildirdi ki, 25 ildən artıq bir dövr ərzində əraziləri işğal altında olan, yenicə müstəqillik qazanmış bir dövlət olaraq Silah Qüvvələr Gününün bu cür möhtəşəmliklə təşkil edilməsi Ermənistan və onun havadarları ciddi mesajlar idi: “Ali Baş Komandan, Prezident İlham Əliyev öz nitqində bildirdi ki, Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Biz heç vaxt Azərbaycan torpağında ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Hazırda Ordumuzun belə güclü olması, ən müasir silahlarla təchiz edilməsi, döyüş tapşırıqlarını qüsursuz yerinə yetirə bilməsi hərbi-siyasi reallıqdır. Bu reallıq bizdə qürur və fəxarət yaratdığı kimi, işğalçı Ermənistanda da qorxu və vahimə yaradır”.

 Rauf Zeyni müasir Azərbaycanda hərb sənayesinin təşkili, ümumiyyətlə, Azərbaycan Ordusunun keçdiyi tarixi inkişaf yolundan danışarkən ulu öndər Heydər Əliyevin bu sahədə başlatdığı siyasətin ölkəmizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı: “Ümummilli lider Heydər Əliyevin ordu quruculuğunda əsasını qoyduğu strategiya hazırda onun siyasi kursunun layiqli davamçısı olan möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərinin xüsusi diqqət və qayğısı sayəsində son illər ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş və mənəvi-psixoloji hazırlığının gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Gündən-günə güclənən, qüdrətlənən Azərbaycan Ordusu dövlətimizin, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanaraq, öz müqəddəs missiyasını şərəflə yerinə yetirir. Aprel döyüşləri və nəhayət, bu il Naxçıvanda Günnüt zəfəri Azərbaycan Silahlı Qüvvələrinin gücünün parlaq ifadəsidir”.

Müsahibimiz dövlətin orduya göstərdiyi xüsusi diqqətin xalqımız tərəfindən də alqışlandığını diqqətə çatdırdı. Bildirdi ki, son illərdə Azərbaycan Ordusunun düşmən üzərində layiqli qələbələri vətəndaşların orduya olan inamını daha da qüvvətləndirib: “2016-cı ilin aprel döyüşləri ilə başlayan yeni bir mərhələ Günnüt kəndinin və ətraf yüksəkliklərin işğaldan azad edilməsi ilə davam etdi. Bu isə o deməkdir ki, biz addım-addım məqsədlərimizə doğru irəliləyirik. Cənab Prezident çıxışında qeyd etdi ki, düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər. Biz bu sözlərin reallıqda öz əksini tapmasını izlədik. Paradda nümayiş etdirilən, yaxud etdirilməyən silah və sursatlarımız, ordumuzun yüksək döyüş qabiliyyəti və vətənpərvərlik əhval-ruhiyyəsi hazırkı vəziyyətdə Azərbaycanın üstünlüyünü diktə edən əsas amillərdir. Bu gün Azərbaycan xalqı tam əmindir ki, Silahlı Qüvvələrimiz işğal altındakı torpaqlarımızı azad etməyə tam hazırdır. Şübhəsiz, Azərbaycan da gec-tez öz ərazi bütövlüyünü bərpa edəcək və keçirilən möhtəşəm hərbi parad bunu bir daha nümayiş etdirdi. Hazırda dünyada ən güclü ordular sırasında dayanan Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duran əsas vəzifə də məhz budur”.

Şəfiqə Dadaşova,

“İki sahil”