...Nə yazmışamsa, ürəklə yazmışam. Nə yazmışamsa, dövlətə, dövlətçiliyə, Vətənə sədaqətlə yazmışam. Görəsən, vətəndaş-jurnalist, vətəndaş-şair ola bilmişəmmi?..
2016-cı ilin aprel zəfəri ordumuzun gücünü təsdiqlədi, ordu ilə xalqın birliyi, milli-xəlqi ruhun qələbəsi kimi tarixləşdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu qələbəni “Aprel zəfəri dərsliklərə salınmalıdır” kimi dəyərləndirdi. Bu zəfərdən iki kitab yazdım: “ Lələtəpə”, “Bayraqtəpə”. Hər iki kitab aprel zəfərindən az sonra nəşr olunub, müxtəlif hərbi hissələrdə əsgərlərimizə təqdim edilib, edilir...
“N” hərbi hissəsində əsgər və zabitlərlə görüşə “Bayraqtəpə” kitabımla getmişdim. Əsgərlərimizin 2016-cı ilin aprel döyüşləri haqqında düşüncələrini, Bakıda keçirilən hərbi parad haqqında təəssüratlarını eşitməyə, o təəssüratlarla SÖZdə necə, hansı düşüncələrlə qoşa yaşadıldığını görməyə, inamıma inam bildiyim əsgər sözünü yenə eşitməyə, yenə eşidib də ömrümə hopdurmağa. Belə görüşləri vətənpərvərlik dərsi adlandırmaq olar - şair üçün, jurnalist üçün də (əsgərlərdən öyrənir), əsgər üçün də (söz əsgərin vətənpərvərlik duyğularını formalaşdırır)...
Əsgərlərə nə dedim?
Səməd Vurğun demişkən, könüldən-könülə yollar həmişə olub, indi də var. Ali Baş Komandanın, Müdafiə Nazirliyinin rəhbərliyinin bütün əmr və göstərişlərini böyük məsuliyyətlə yerinə yetirən əsgərlərimiz, hər biriniz Lələtəpə, Bayraqtəpə qələbəsini qazananların xidmət etdiyi hərbi hissədə xidmətdən qürur duyursunuz. Yəqin ki, o qələbələri sözdə yaşatdığına, yaşadacağına görə bu görüşü də unutmayacaqsınız...
Əsgərlərə nə dedim?
-Siz xalqın əzizisiniz, hər biriniz hər birimizin əzizisiniz. Xalq sizi sevir, sizə güvənir. Bu sevgi, bu güvənc sizin Vətənə xidmətinizə verilən dəyərdi.
Ötən ay dayanacaqda eşitdiklərim mənə bəşəri bir duyğu yaşatdı:
Orta yaşlı bir kişi istidən gileylənirdi. O yaşlarda başqa birisi onu qınadı:
- İstidən, bürküdən təntiyəndə sərinliyə çəkilirik. Bəs səngərdəkilər, döyüş növbətçiliyi aparanlar, torpaqlarımızı, səni, məni, bizi qoruyanlar neyləsin? Onları xatırlayın...
İkinci kişinin xalqı təmsil etdiyinə kimsə tərəddüd etməyəcək. Siz belə bir sevgi ilə əhatələnibsiniz, baxışlarınızdan oxunur ki, hərbi xidmətinizi həm də bu dönməz sevginin ödənci bilirsiniz.
Neçə il əvvəl ezamiyyətdə əsgərlərlə kəlmələşirdim. Söz sözə söykək olmuşdu, söz sözü çəkmişdi. Vətəndən danışırdıq, Ermənistanın Azərbaycandan ərazi iddiasından, bu iddianın davamı kimi elan edilmədən başlayan müharibədən, qəhrəmanlarımızdan, şəhidlərimizdən, ... danışırdıq. Əsgərlərimizin dumduru düşüncələri, Vətən sevgisi, qətiyyəti, bir də hər birinin kəlmələşə-kəlmələşə qarşı tərəfdən üzülməyən baxışları ürəyimi telləndirmişdi. Onda yazmışdım ki,
Səngərlərdə oğul gördüm,
Özümə yazığım gəldi...
Bu duyğuları yaşadığına görə özünə yazığı gələnlərə yazığım gəlir. Sizin ürəyinizdən başlayan Vətənə Vətən daşı olmaq üçün yaşamırıqmı? Üz tutalğacı söz olanlar da...
Bayraqtəpə qələbəsindən danışdım, “Bayraqtəpə” kitabından danışdım:
- Bu kitabın müəllifi əsgərlərdi, zabitlərdi, mən, sadəcə, onu kağıza köçürmüşəm. Mənəvi borcödəmə kimi. Samidlərin, Raqufların,... ruhunun işığında. Onların amalının davamçıları sizsiniz. Başlanğıcı 2016-cı ilin aprel zəfəri olan Böyük Qələbəni siz qazanacaqsınız. “Lələtəpə” kitabım
Qürur zirvəsisən, Lələtəpəmiz,
Sənu bayraq edən qollar görünür.
Sağın da, solun da yollardı...
Burdan
Şuşaya aparan yollar görünür! -
misralarıyla tamamlanır. Zəfər yolu deyəcəyimiz bu yol sizin yolunuz olacaq. Bu yola Böyük Qələbədən sonra yazacağım (“yaza biləcəmmi” gümanı ruhumun titrəyişinə dönür ) “Böyük Qələbə” kitabının qəhrəmanları siz olacaqsınız.
Əsəgərlərə nə dedim?
-Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev qətiyyətlə deyib: “Azərbaycan dövləti, xalqı Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək”, “Azərbaycan xalqı bu işğalla barışmayacaq”. Barısmazlıq Böyük Qələbəyə çağırışdı. Bu çağırışı siz gerçəkləşdirəcəksiniz. Siz - Mübarizləşən, Samidləşən, Raquflaşan, Çingizləşən əsgərlərimiz.
Bakıda ordumuzun 100 illiyinə həsr olunmuş parad da təsdiqlədi ki, Azərbaycan Ordusu güclü ordudu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadı. Siz bu ordunun əsgəri olmağınızla böyük qürur duyursunuz. Bu qürur qazanacağınız qələbənin stimuludu...
Şirin kəlam həmişə könül xoşluğu olub. Şirin kəlamların könülxoşluğunu hiss etdikcə ürəyim dağa dönürdü. Bu anları Azərbaycan Ordusunun qüdrətinə dönməz inamla yaşayırdıq - əsgərlərin əhatəsində yaşanılan anları ömrümə qazanc bilirdim...
Əsgərlərə nə dedim?
-Dövlət bayrağımız bütün vətənsevərlərin qürurudu, heysiyyətidi. Hər birinizin bayrağa sevginiz Vətənə sevginizdi, dövlətə, dövlətçiliyə sevginizdi.
Əllərdə, könüllərdə
və dillərdə qərar tut,
Olsun bu Vətən torpağı
başdan-başa bayraq! -
misraları sizin də, sizə güvənən xalqın da amalıdır. Siz o bayrağın əsgərisiniz. Sizdən sonra işğaldan azad edəcəyiniz torpaqlarda xidmət edənlər də Bayrağın əsgəri olacaq.
Əsgərlərin ürəyindən keçənləri duymaq çətin deyildi: Bayrağımızı Şuşada mən dalğalandıracam!..
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Ordusunun 100 illiyinə həsr olunan paradda dediklərini də xatırlatdım: “2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq, Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.”
“Siz həm də bu inamın əsgərisiniz” - dedim. “Bayraqtəpə” kitabına aprel döyüşləri haqqında məqalələr və “Zəfər sənin zəfərindir” poeması daxil edilib. Azərbaycan əsgərinə həsr olunan bu kitab sizin kitabınızdı. Poemanın sonluğunu hər biriniz özünüzə aid edə bilərsiniz, qəhrəmanlarımızın yolunu Böyük Qələbə ilə tamamlayacaq əsgər kimi:
Tarixi bir ədalətin var səsiylə vuruş, oğul!
Ucalığın yaraşığı bayraq olub,
sən də bayraq sevgisiylə vuruş oğul!
... Gerçək mətləbin gerçək ifadəsiydi bu görüş...
... Əsgərlərlə kəlmələşəndə elə bilirəm torpağı dinşəyirəm, torpağın səsini, işğal olunmuş torpaqlarımızın harayını eşidirəm: “Hardasınız?”. Bu sorğu eşidəni varından yox eləmirmi? Əsgərlərlə kəlmələşəndən sonra bu sorğuya “Gəlirik!” - deyirəm və Mərkəzi Zabitlər Evinin Mahnı və Rəqs ansamblının solisti Nigar Şabanovanın ifasında “Qarabağ şikəstəsi”ni xatırlayıram. Nigar xanım “Şikəstə”nin klassik ifasında deyilən “ölürəm” kəlməsini “gəlirik” kimi ifa edir və o harayı xatırlayanda varından yox olanların ürəyinə dönməz bir təsəlli çilənir...
“N” hərbi hissəsində bu görüş mənə bir həqiqəti hərbçi qətiyyətiylə yenidən yaşatdı: söz dinlənilir, Vətənə, torpağa, dövlətə, dövlətçiliyə ad olan Söz daha həssaslıqla dinlənilir - müharibə torpaqlarımız işğaldan azad ediləndə qurtaracaq. Hər birimiz Vətən üçün bir əsgərik. Mən həm də Sözün əsgəriyəm, Söz əsgəriyəm...
... Böyük Füzulimizin bir misrasını xatırlayıram:
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz...
Canımdan bir üşütmə keçir: görəsən, əsgərlərimizə nəsə deyə bildimmi?..
Rəşid Faxralı