“ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi Azərbaycanın bu sahədə malik olduğu imkanları bir daha nümayiş etdirdi
Azərbaycanın müxtəlif sahələri əhatə edən beynəlxalq səviyyəli tədbirlər üçün ideal məkan seçilməsi təbii ki, düzgün müəyyənləşdirilən və gələcəyə hesablanmış siyasətin nəticəsidir. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın bütün sahələrdə təcrübəsinin nümunə olmasını qarşıya əsas vəzifə kimi qoyub. Dünən açılışı olan “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi də regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, müasir silah və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişi oldu. Sərgiyə ildən-ilə marağın artması, yeni dövlətlərin, şirkətlərin qoşulması Azərbaycanın regionda mühüm strateji əhəmiyyətini bir daha təsdiqləyir.
Qeyd edək ki, “ADEX-2018” sərgisi dünyanın 29 ölkəsini təmsil edən 224 şirkəti bir araya gətirib. Sərginin iştirakçıları olan bir sıra ölkələr əvvəlki illərlə müqayisədə milli ekspozisiyalarının sahəsini genişləndiriblər. Təmsil olunan şirkətlərin sayının çoxluğuna görə ilk dördlüyə Türkiyə (41şirkət), Rusiya (25 şirkət), İsrail (14 şirkət) və Belarus (10 şirkət) daxildir. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir. Pavilyonlarda müasir silah və texnikalar nümayiş olunur.
Hər zaman vurğulandığı kimi, keçirilən bu kimi tədbirlər istər ev sahibliyi edən Azərbaycanın, istərsə də iştirakçı dövlətlərin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Ölkəmizin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qarantı olan Silahlı Qüvvələrimizin mövcud potensialının, müdafiə sənayesinin yeniliklərinin təqdimatı kimi dəyərləndirilən sərgidə bir daha qeyd olunmuşdur ki, bu gün ölkəmiz müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi dünyada tanınır. Qazanılan nailiyyətlər istehsal edilən rəqabətədavamlı məhsulların dünya bazarına çıxarılmasına şərait yaradıb.
Müharibə şəraitində yaşayan bir ölkə üçün güclü və qüdrətli ordunun olması əsas şərtdir. Onu da qeyd edək ki, Silahlı Qüvvələrimizin 100 illiyi münasibətilə keçirilən hərbi parad, eyni zamanda, bu günlərdə Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad da Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunu dünyaya nümayiş etdirmişdir. Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi paradda 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar, eləcə də hərbi gəmi və katerlər nümayiş olunmuşdur.
Bu gün Azərbaycanın mövcud iqtisadi imkanları digər sahələr kimi, ordu quruculuğu sahəsində də davamlı addımların atılmasını şərtləndirir. O da məlumdur ki, dövlət büdcəsindən ayırmalarda ilk yeri ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi dayanır. Ordu xərcləri birinci yerdədir. Əbəs yerə deyilmir ki, ordun varsa, yurdun var.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ordu quruculuğu və beynəlxalq hərbi-texniki əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub. Dövlətimizin hərbi qüdrətinin artması və Silahlı Qüvvələrimizin regionda peşəkarlıq, təchizat və döyüş qabiliyyəti baxımından ən güclü orduya çevrilməsi bu günümüzün reallıqlarındandır. Hazırda Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Müdafiə Sənayesi Nazirliyi indiyədək bir çox beynəlxalq sərgidə öz məhsullarını təqdim edib. Artıq üçüncü dəfədir ki, nazirliyin təşəbbüsü ilə ölkədə beynəlxalq müdafiə sərgisi keçirilir.
Ölkəmizin uğurlarına söykənərək “Azərbaycan getdikcə güclənəcək. Biz inkişaf yolundayıq. Bizim qarşımızda bütün yollar açıqdır, üfüqlər aydındır. Bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək” inamını böyük qətiyyətlə ifadə edən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək: “Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir. Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır.” Bu əminlik də ifadə edilir ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.
Ölkə Prezidenti İlham Əliyev bu statistik rəqəmləri də açıqlayır ki, son illərdə 20-dən çox hərbi zavod yaradılmışdır. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir.
Azərbaycanın diplomatik mübarizədə qələbəsi, eyni zamanda, iqtisadi imkanları əsasında möhkəmlənən və güclənən ordusu işğal altında olan torpaqlarımızın tezliklə azad olacağına inamı artırır. Ən yüksək tribunalardan səsləndirilən “Bir qarış torpağımız belə düşmənə verilməyəcək”, “Azərbaycan xalqının səbri tükənməz deyil” kimi bəyanatlar işğalçı Ermənistanı və ona dəstək olan dövlətləri ciddi düşündürməlidir. Bir məqamı da qeyd edək ki, Azərbaycanın öz hərbi potensialını möhkəmləndirməsi Ermənistan hakimiyyəti tərəfindən beynəlxalq ictimaiyyətə guya Azərbaycan tərəfinin sülh danışıqlarında maraqlı olmaması kimi təqdim edilirdi. Rəsmi Bakı buna sərt münasibətini açıqladı- Azərbaycanın hərbi qüdrətini artırması suveren hüququdur. Azərbaycanın tam haqqı var ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin.
Keçirilən hərbi paradlar, beynəlxalq sərgilər Azərbaycan Ordusunun imkanlarını təqdim etməklə yanaşı, bu reallığı da ortaya qoyur ki, Ali Baş Komandanın hücum əmrinə tam hazırdır. Əvvəldə də qeyd etdiyimiz kimi, 2016-cı ilin aprel, 2018-ci ilin Naxçıvan qələbələri bunun təsdiqidir. Uğurlarımız yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz ədalətli həllini tapacağına əminliyi artırır. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil.
Yeganə Əliyeva, “İki sahil”