02 oktyabr 2018 14:31
2204

Uğurlu xarici siyasətin bəhrəsi: Ermənistan reallıqla barışmağa məcburdur

Azərbaycan Ordusu 2016-cı ildə hansı gücə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Müstəqilliyimizin ilk dövrlərində ölkəmizə qarşı müəyyən qərəzli münasibətləri olan ölkələr belə bu güclə hesablaşmalı, Azərbaycanın haqlı mövqeyini müdafiə etməyə məcbur oldular. Bu, həm də uzun illər yürüdülən xarici siyasət kursunun gözlənilən məntiqi nəticəsi idi. 2016-cı ilin Aprel zəfəri Azərbaycanın beynəlxalq aləmdəki mövqeyində tamamilə yeni mərhələnin başlanğıcı kimi də qiymətləndirilə bilər. Çünki bu qələbə həm də ölkəmizin qüdrətinin qəbul etdirilməsi idi...

2016-cı ildən sonrakı dövrdə Azərbaycanla bağlı beynəlxalq aləmdə tamamilə yeni mənzərə formalaşdı. İndi hamı Cənubi Qafqazın ən güclü, lider dövləti ilə nəinki hesablaşır, həm də onunla əməkdaşlıq etməyə ciddi səy göstərir. Regionda gedən geosiyasi proseslərə yeni yön verən, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində mühüm potensiala malik olan müstəqil Azərbaycan siyasi-iqtisadi əlaqələrini dövlət maraqları və qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında reallaşdırır. Son 15 ildə gənc müstəqil dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Azərbaycan Prezidentinin liderlik keyfiyyətləri, siyasi iradəsi və uzaqgörənliyi, ümumilikdə rasional fəaliyyət sayəsində baş tutub. 

Azərbaycanın xarici siyasətinin mərkəzi xəttini Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq təşkil edir. Aparılan uğurlu xarici siyasət nəticəsində həm beynəlxaql aləmin, həm də işğalçı Ermənistanın özünün belə problemə yanaşması dəyişib. Son bir ildə baş verən hadisələr fonunda Azərbaycanın xarici siyasətdə ciddi uğurlar əldə etməsi də bu fikirləri təsdiqləyir.

Ötən ilin sonlarında Prezident İlham Əliyevin iki mötəbər təşkilatın - NATO və Avropa İttifaqının mərkəzi qərargahlarında keçirilən Şimali Atlantika Şurasının iclası və Şərq Tərəfdaşlığı Sammitində iştirakı ölkəmizin beynəlxalq münasibətlərin tamhüquqlu subyektinə çevrildiyini bir daha təsdiqlədi. 2017-ci il noyabrın 24-də Şərq Tərəfdaşlığı Sammitində qəbul edilən Birgə Bəyannamə beynəlxalq təşkilatların Cənubi Qafqazın lider ölkəsinə verdiyi qiymətin bariz təcəssümü idi. Sözügedən bəyannamə ilə Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyü və suverenliyi bir daha qətiyyətlə dəstəklənib. Burada işğalçı Ermənistanın nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü,  müstəqilliyi və suverenliyi birmənalı olaraq dəstəklənib.

Siyasi müşahidəçilər bunu Prezident İlham Əliyevin rasional xarici siyasət və hücum diplomatiyası strategiyası sayəsində işğalçı Ermənistana vurulan növbəti ağır zərbə kimi qiymətləndirirlər.

Bu istiqamətdə ikinci mühüm hadisə bu ilin iyul ayında NATO sammitində qəbul edilən yekun bəyannamə olmuşdur. İyul ayının 10-12-də Belçikanın paytaxtı Brüsseldə keçirilən toplantıda qəbul edilən yekun kommünikedə növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək ifadə edildi. Bəyanatda deyilir ki, NATO-nun üzv dövlətləri Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə edirlər. Bu, Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın isə daha bir məğlubiyyəti idi.

Vurğulandığı kimi, Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi fonunda Ermənistanın getdikcə zəifləyən əlaqələri təcavüzkar ölkəni də mövqeyində korrektələr etməyə məcbur edib. Ermənistanda başa düşürlər ki, regionda mövcud olmaq və böhrandan xilas olmağın yeganə yolu Azərbaycanın işğal edilmiş ərazilərindən çəkilmək və beləliklə, regional iqtisadi layihələrdə iştirak etmək imkanı qazanmaqdır.

Hakimiyyətə gələndən sonra daha çox aqressiv və ziddiyyətli bəyanatlarla diqqəti çəkən baş nazir Nikol Paşinyanın son davranışları və Ermənistan prezidenti Armen Sarkisyanın münaqişənin həlli barədə səsləndirdiyi son fikirlər deməyə əsas verir ki, düşmən ölkədə problemin həlli üçün danışıqların davam etdirilməsindən başqa əlac olmadığını gec də olsa anlayırlar. Gürcüstanın “Starvision” telekanalına müsahibəsində Ermənistanın prezidenti Armen Sarkisyan bildirib ki, Ermənistan və Azərbaycan səy göstərməlidirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə düzgün yanaşma-danışıqlar, nəinki qüvvədə qalsın, həm də real nəticəyə gətirib çıxarsın: “Cənubi Qafqazda xeyli silah toplanıb.  Qarabağ mövzusu yalnız Ermənsitan və Azərbaycan üçün deyil, həm də bütün region üçün vacibdir. Bu problemin həlli nəzəri olaraq müxtəlif yollarla ola bilər. Lakin mənə belə gəlir ki, yalnız bir yol realdır - söhbət danışıqlar yolundan gedir”.

Tacikistanın paytaxtı Düşənbədə MDB-nin Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan qısa görüşdə aparılan söhbətlər də göstərir ki, Ermənistan hələlik görünüşdə də olsa, rasional addım atmaqda istəkli görünür.

Yayılan rəsmi məlumatda bildirilir ki, görüş N. Paşinyanın təşəbbüsü ilə baş tutub və qısa olsa da aparılan danışıqda indiyədək olmayan ciddi razılıqlar əldə edilib. Məsələn, tərəflər indiyədək ilk dəfə həm hər iki ölkə rəhbərliyi arasında, həm də hərbçiləri arasında birbaşa rabitənin yaradılmasını məqbul hesab ediblər. Bu nəticələrin əldə edilməsi şübhəsiz ki, Azərbaycanın düşünülmüş xarici siyasət kursunun uğurlu nəticəsidir. Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasi kursu ölkəmizin milli maraqlarının təmin edilməsində başlıca rol oynayır.

Taleh Turqut, “İki sahil”